Yeni körpü yaxın müddətdə istifadəyə veriləcək - Fotolar

yeni-korpu-yaxin-muddetde-istifadeye-verilecek
Oxunma sayı: 4575

Sel səbəbindən Qudyalçay üzərində dağılmış avtomobil körpüsünün yerində yenisinin inşası artıq yekunlaşmaq üzrədir. 

Bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, iki aşırımlı yeni körpünün uzunluğu 66, eni isə 14.5 metr olacaq. Körpüdə piyadalar üçün 2 hərəkət zolağı da nəzərdə tutulub.

Artıq sözügedən körpünün dayaqlarının, orta dayaq bünövrəsinin və sütunlarının inşası yekunlaşıb, dayaqlar üzərində aşırım tirlərinin montajı və üzərinin betonlanması işləri aparılıb. Hazırda körpü üzərində piyada səkilərinin və təkərqaytaranların qurulması, asfalt-beton örtüyünün döşənməsi üçün hazırlıq işləri görülür. Bundan başqa, çay məcrasında mühafizə bəndinin və istinad divarlarının inşası da davam etdirilir.

Yeni körpünün tikintisinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq işlər fasilə verilmədən davam etdirilir.

Xatırladaq ki, yeni körpü inşa edilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilərək istifadəyə verilib. 200 metr uzunluğa malik sözügedən müvəqqəti yol körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunub.

Bundan başqa sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan da istifadə edə bilirlər.