Yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirildi - Fotolar

yenilenmis-xidmetler-zerfinin-teqdimat-merasimi-kecirildi
Oxunma sayı: 2324

Sentyabrın 28-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  tərəfindən yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə səhiyyə naziri Teymur Musayev, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov və komitənin bir neçə üzvü, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və müavinləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi və aidiyyəti dövlət qurumlarının, tibb və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələri iştirak ediblər.

İdarə Heyətinin sədri Zaur Əliyev Xidmətlər Zərfinin təkmilləşməsi, aparılan dəyişikliyin əhali və həkimlər üçün faydalarından danışıb:

“Universal tibbi təminata nail olmaq üçün biz bir çox araşdırmalar aparmışıq, beynəlxalq təcrübələri öyrənmişik. Universal tibbi təminatın əsas 3 komponenti müşahidə edilir: əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək, tibbi xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması və maliyyə dayanıqlığının təminatı. Deyə bilərik ki, təminata alınmış tibbi xidmətlərin artırılması ilə universal tibbi təminata doğru növbəti addım atmışıq. Pilot layihə dövründə icbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlərin sayını 3 dəfə artıraraq 3315-ə çatdırmışıq. Eyni zamanda tibbi xidmətlərin əhaliyə vaxtında göstərilməsi və keyfiyyətinin artırılmasında əsas istiqamət sayılan tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə tədbirlər görmüşük. Agentlik tərəfindən 2020-2023-cü illər ərzində 100 milyon manata yaxın məbləğdə yeni cihaz və avadanlıq alınmışdır”.

Səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, icbari tibbi sığortanın tətbiqi Prezident İlham Əliyev tərəfindən vətəndaşlarımızın sağlamlığına ən yüksək səviyyədə verilən diqqətin təzahürüdür. Onun sözlərinə görə, vahid səhiyyə prinsipi əsasında özəl sektorda göstərilən xidmətlər dövlət-özəl əməkdaşlığı çərçivəsində qarşılanmağa başlanmış və hazırda dövlət və özəl sektor arasında inteqrativ əməkdaşlıq uğurlu formatda davam edir:

"Gələcəkdə əhalinin tibbi xidmətlərə əlçatanlığının və vətəndaş məmnunluğunun artırılması məqsədilə icbari tibbi sığorta digər sığorta modelləri ilə zənginləşdirilə bilir. Tibbi sığorta sisteminin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Sığortaçılar Assosiasiyası arasında fəal əməkdaşlıq aparılır və bu sahədə ilkin ümidverici nəticələr əldə olunub", deyə Teymur Musayev fikrini tamamlayıb.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, Xidmətlər Zərfinə əlavə edilən yeni xidmətlər əvvəllər Xidmətlər Zərfinə daxil olmayan müayinə, müalicə və əməliyyatların sayının artmasına, insanların tibbi xidmətlərə əlçatanlığının daha geniş spektrdə olmasına imkan yaradır:

“Bütün tibb müəssisələrimizdə laparoskopik əməliyyatları icra edə bilmək üçün avadanlıqlar alınır, avtopark yenilənir, tibbi sərfiyyatın fasiləsiz olması üçün intensiv tədbirlər görülür, xəstəxana idarəetmə sistemini daha mükəmməl etmək üçün çalışırıq. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin 2550-dən 3315-ə qədər artırılması xəstəxanalara axını daha çox artıracaq”. 

Sonda media nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.