Yevlaxda Heydər Əliyevin 103-illiyinə həsr olunmuş tədbir keçirildi - Fotolar

yevlaxda-heyder-eliyevin-103-illiyine-hesr-olunmus-tedbir-kecirildi
Oxunma sayı: 412

Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ”Müasir, müstəqil Azərbaycanın memarı” adlı tədbir təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

“Yevlax City Hotel”də davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbir iştirakçıları Ulu Öndərin həyatının mühüm məqamlarını əks etdirən eksponatlara baxış keçiriliblər.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlətimiz qarşısında tarixi xidmətlərindən bəhs edib. İlk dəfə hakimiyyətə gələrkən Azərbaycanı geridə qalan aqrar respublikalar sırasından dinamik inkişaf edən qabaqcıl respublikalar sırasına çıxardığını vurğulayıb. Qeyd edib ki, 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Azərbaycanı müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib.

Dahi liderin ölkəmizin tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək əzmkarlıqla davam etdirilir. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində, lokal antiterror tədbirlərində tarixi qələbələr qazanılıb, torpaqlarımız düşməndən azad edilib, müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunub.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Heydər Əliyevin ideyalarının yaşadılmasında və təbliğində müstəsna rolu vardır. Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük rəğbət və nüfuz qazanıb. 

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Sədaqət Şükürova çıxışlarında Ümummilli Liderin müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarı kimi, xalqımızın milli dövlətçilik ideyasını gerçəkliyə çevirərək müstəqilliyimizin sarsılmaz təməllərini qoyduğunu bildiriblər.

Tədbirdə rayonun ictimai həyatında fəal iştirak edən bir qrup şəxs Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının Fəxri fərmanları ilə təltif olunublar. Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə partiya üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin bədii hissəsində Əməkdar artist İlkin Əhmədovun və Muğam Televiziya Müsabiqəsinin laureatı Gülzar Fərəcovanın ifalarında səsləndirilən Ümummilli Lider Heydər Əliyevin sevdiyi və eləcə də dahi şəxsiyyətə həsr olunan mahnılar tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılanıb.