“Yüksəliş” qalibi və “Bolt Business”in yeni rəhbəri Salman Babazadə rəhbərlik etdiyi qurumun Azərbaycandakı mövqeyi, məqsədləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Salman bəy, ilk olaraq yeni təyinatınızı təbrik edirik. Təcrübəniz haqqında qısa məlumat verə bilərsinizmi?
- Təşəkkür edirəm. Mən mühəndislik üzrə təhsil almışam və karyerama neft-qaz sektorunda başlamışam. Daha sonra peyk və şəbəkə mühəndisi kimi çalışmış, paralel olaraq marketinq, çatdırılma və tədbir təşkilatçılığı sahələrində öz biznes təşəbbüslərimi inkişaf etdirmişəm.
COVID dövründə biznes mühitində yaranan çətinliklər səbəbilə yenidən korporativ sektora qayıdaraq “Azerkosmos”da Afrika regionu üzrə satış sahəsində fəaliyyət göstərdim. Dörd ildən artıq beynəlxalq təcrübə qazandıqdan sonra daha qlobal, innovativ və sürətli inkişaf edən bir mühitdə çalışma istəyi məni Bolt komandasına gətirdi.
- “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olmusunuz. Bu təcrübə sizin üçün nə ifadə edir?
- Bəli, 2024-cü ildə “Yüksəliş” liderlik müsabiqəsinin qaliblərindən biri oldum. Müsabiqə çoxsəviyyəli liderlik tapşırıqları, analitik testlər və intensiv komanda işlərindən ibarət idi. Biz real liderlik situasiyalarına uyğun qərarlar verməli və həllər hazırlamalı idik.
16 mindən çox iştirakçı arasından 25 qalibdən biri seçilmək mənim üçün böyük qürurdur. Bu uğur yalnız karyera baxımından reputasiya qazandırmaqla kifayətlənmədi, eyni zamanda geniş peşəkar əlaqə şəbəkəsi və praktiki liderlik təcrübəsi əldə etməyimə imkan yaratdı. “Yüksəliş” mənim üçün liderlik bacarıqlarımın təsdiqi və gələcək planlarım üçün möhkəm dayaq nöqtəsidir.
- Niyə məhz “Bolt”? Şirkət sizi nə ilə cəlb etdi?
- “Bolt”un qlobal, müasir və innovativ yanaşması ilk gündən diqqətimi çəkdi. Startap olaraq fəaliyyətə başlayıb bu gün 50-dən çox ölkədə, yüzlərlə şəhərdə milyonlarla istifadəçiyə xidmət göstərən bir şirkətə çevrilməsi mənim üçün ilhamvericidir.
“Bolt”un əsas missiyası - insanlara daha rahat, əlçatan və dayanıqlı hərəkət imkanları yaratmaq şəxsi dəyərlərimlə tam üst-üstə düşür. Bu yanaşma təkcə fərdi istifadəçilərə deyil, korporativ mobilliyə də şamil olunur. Avropada şirkətlərin ənənəvi avtomobil parklarından imtina edərək daha çevik, iqtisadi və məsuliyyətli paylaşılan mobillik modellərinə keçməsi bunun bariz nümunəsidir.
“Bolt Business” də bizneslər üçün məhz bu qlobal trendlərə uyğun səmərəli və innovativ alternativ təqdim edir. Şirkətin təkcə taksi xidməti deyil, bütöv bir mobillik ekosistemi qurduğunu gördükdən sonra bu komandanın bir hissəsi olmaq qərarım daha da möhkəmləndi.
- “Bolt Business”in Azərbaycandakı mövqeyi Avropa ilə müqayisədə necədir?
- Azərbaycanda korporativ mobillik bazarı hələ inkişaf mərhələsindədir, lakin çox böyük potensiala malikdir. “Fairmont Hotel” ilə elektrik “Tesla” avtomobilləri üzrə əməkdaşlığımız, həmçinin AZAL ilə millərin “Bolt” gedişlərinə çevrilməsi kimi layihələr “Bolt Business”in biznes icması daxilində tanınmasını və etibarlılığını əhəmiyyətli dərəcədə artırıb.
2025-ci ildə bazarın real ehtiyaclarını daha dərindən analiz edərək resurslarımızı gücləndirdik və həm B2B, həm də B2C seqmentlərində ciddi tələbat olduğunu müşahidə etdik. “Bolt Business”in əsas üstünlüyü ondan ibarətdir ki, şirkətlər bütün nəqliyyat xərclərini vahid panel üzərindən idarə edə, aylıq tək faktura ala, əməkdaşlar üçün fərdi limitlər təyin edə və səyahət siyasətinə uyğun nəzarət mexanizmləri tətbiq edə bilirlər.
Bu yanaşma həm xərclərə şəffaflıq gətirir, həm də korporativ mobilliyin idarə olunmasını xeyli sadələşdirir. Məhz bu rahatlıq səbəbilə bir çox şirkət ənənəvi avtomobil parklarından imtina edərək daha çevik və səmərəli “Bolt Business” həllərinə üstünlük verir.
- Qarşıdakı dövr üçün əsas hədəfləriniz nələrdir?
- 2026-cı il üçün əsas hədəflərimiz bazar payını artırmaq, məhsul və xidmət keyfiyyətini müştəri rəyləri əsasında davamlı şəkildə təkmilləşdirmək, yeni kateqoriyalar təqdim etmək və Azərbaycanda korporativ mobillik mədəniyyətini daha da gücləndirməkdir. Məqsədimiz “Bolt Business”i bizneslər üçün uzunmüddətli və etibarlı strateji tərəfdaş kimi mövqeləndirməkdir.
- “Bolt Business” sizin liderlik yolunuzda necə rol oynayır?
- “Bolt” mənim üçün sadəcə iş yeri deyil, peşəkar inkişaf platformasıdır. Burada innovasiyalarla işləmək, real biznes dəyəri yaratmaq və komandalarla birlikdə nəticəyə fokuslanmaq imkanı var. Liderlik bacarıqlarımı tətbiq etmək və daha da inkişaf etdirmək üçün “Bolt” ideal mühit təqdim edir.
