Yunis Səfərovla təlim keçən “Hüseyniyun”un təşkilatçısı məhkəmə qarşısına çıxarılır

yunis-seferovla-telim-kecen-huseyniyunun-teskilatcisi-mehkeme-qarsisina-cixarilir
Oxunma sayı: 2953

Azərbaycandan kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və təşkilində iştirak etməkdə ittiham olunan Taleh Yusifovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, toplanmış matreallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Taleh Yusifov xarici ölkə ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən olunub, saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda deyilir ki, 1967-ci il təvəllüdlü Yusifov Taleh Rəşid oğlunun şəxsi nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İran ərazisində yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsini üçüncü ölkə ərazisindən təşkilini həyata keçirməsi, bu istiqamətdə görülən işlərin gizliliyini və maliyyələşdirilməsini təmin etməsi, “Təqi” ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin müəyyənləşdirilib ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İrana keçib Səfərov Yunis Rafiq oğlu (məhkum edilib), Əsədov Rövşən Elçin oğlu və digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində müxtəlif silahlarla hərbi təlimlərdə iştirak edib, həmin şəxslərlə birgə Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər keçib. Taleh Yusifova qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.