Yusif Qədimbəylinin oğlunun evindən oğurluq edən qadına ağır cəza

yusif-qedimbeylinin-oglunun-evinden-ogurluq-eden-qadina-agir-ceza
Oxunma sayı: 4626

“Sədərək” ticarət mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən 803 min manatlıq oğurluq etməkdə ittiham olunan xadimə Ruzan Cabbarovanın cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, R.Cabbarova xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluqda təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 44 yaşlı R.Cabbarova özünü qismən təqsirli bilir. İddia edir ki, oğurladıqlarının hamısını geri qaytarıb, zərərçəkmiş şəxslər isə qisas almaq məqsədilə dəymiş ziyanın məbləğini şişiriblər. 

Müdafiə tərəfi dəfələrlə zərərçəkmişlərin məhkəməyə çağırılmasını tələb etsə də, məcburi gətirilmə qərarı çıxarılsa da, Qədimbəyli ailəsini məhkəməyə gətirmək mümkün olmayıb. Müdafiə zamanı vəkillər, xanım müttəhim isə son sözündə buna etiraz edib. Məhkəmə zərərçəkmiş şəxslərin ölkədə olmadıqlarına görə məcburi gətirilmə qərarının icra edilmədiyini elan edib.

Sail Ağasəlim