Yuxarı Salahlıda sakinlərlə səyyar görüş keçirilib - Foto

yuxari-salahlida-sakinlerle-seyyar-gorus-kecirilib
Oxunma sayı: 658

Qazax rayonunun Yuxarı Salahlı kəndində növbəti səyyar görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, bugünkü görüşdə Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov da iştirak edib. Aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirakı ilə təşkil olunan görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri salamlayıb, şəhər və kəndlərdə keçirilən səyyar görüşlərin vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini, həmin məsələləri öyrənərək operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaqdan ibarət olduğunu bildirib.

Rayon rəhbəri Yuxarı Salahlı kəndinin 12 nəfər şəhid verdiyini bildirib. O, həmin qəhrəmanlardan Aprel şəhidi Elvin Namazovun adını çəkərək onun timsalında bütün şəhidlərin xatirəsinin daim yüksəkdə tutulacağını bir daha diqqətə çatdırıb.

Qazaxda istər şəhər mərkəzində, istərsə də kəndlərdə yerləşən və açılışları nəzərdə tutulan ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən “Qazax Aqropark”ın, "Gedik-Carçı Qaynaq” MMC tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun istifadəyə verilməsini işsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlər kimi qiymətləndirib. Azərbaycanda ilk dəfə olaraq Qazaxda inşa olunan "Gedik-Carçı” Elektrod Zavodunu rayonda sənayeləşmə sahəsində əldə olunan ən böyük uğur kimi qiymətləndirib. "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikilən fabrikin inşasını işsizliyin aradan qaldırılmasında atılan ən uğurlu addım kimi göstərib. Rayon mərkəzi xəstəxanasının tikintisinin yüksək səviyyədə başa çatdırılmasını, hazırda su-kanalizasiya xəttinin və Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini rayon sakinlərinin də razılıq hissi ilə qarşıladıqlarını diqqətə çatdırıb.

Görüşdə sakinlər kənddə SİP kabelləşmə işinin aparılması, selötürücü kanalın beton üzlüyə alınması ilə bağlı və müxtəlif səpkili müraciətlər ediblər. Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həmişə olduğu kimi bu dəfə də həssaslıqla yanaşılacağını bildirib. Qeyd olunan məsələlərin 5 illik Dövlət Proqramında əksini tapdığını vurğulayıb.