Yuxulu dodaqları öpürəm
Alından öpmək – taledən kədəri silməkdi.
Öpürəm alnından.
Gözlərdən öpmək – yuxusuzu yatırmaqdı.
Öpürəm gözlərindən.
Dodaqdan öpmək – təşnəni söndürməkdi.
Öpürəm dodağından.
Alından öpmək – xatirələri unutdurmaqdı.
Öpürəm alnından.
***
İndi düşünmürlər şairlər haqda
Vaxt ötüb onlardan mənə nə daha,
Keçibdir dövranım. İşığı, səsi
Allah ümidinə buraxıram ta.
Zaman xələfləri almırsa vecə,
Daha sələflərdən nə umub-küsüm
Dövrüm zəhərimdi, vaxtım zərərim
Zaman cəhənnəmim, əsrim düşmənim.
***
O altun yarpaqları, yuxulu dodaqları – öpürəm!
Uçuşan yarpaqları, uyuyan dodaqları – öpürəm!
Onsuz da axirətdən mən xeyir-zad güdmürəm.
Yatın, yatan dodaqlar.
Uçun, uçan yarpaqlar.
***
Əcəl yetişəndə qapı döymür ki,
Səssiz-küysüz gəlir: həzin qar kimi.
Hardasa bir evdə yanır işıqlar,
Qapının ağzında əlbət biri var,
Basır zəngi səs yayılır o zaman,
Təpilib içəri baxır bircə an,
Sükut sahibidir evin - şəriksiz,
Yanır ikonalar səssiz-səmirsiz.
***
Kəsin səsinizi, heç nə deməyin –
Yanır dodaqlarım mənə su verin,
Sığal arzulayır saçlarım mənim,
Bu da ki əllərim – öpülməyə ac,
Yaxşısı əl çəkin, uyuyum bir az.
Son xəbərlər
Son Xəbərlər