Zeynəb Xanlarovanın günahı...

zeyneb-xanlarovanin-gunahi
Oxunma sayı: 23019

İndiki məqamda Zeynəb Xanlarovanı müdafiə etmək çox risklidir. Çünki son dönəmlərdə onu sevməyənlər hədsiz çoxalıb. Əslində, belə baxanda, Zeynəb xanım heç nə etməyib. Elə tənqid olunmasının səbəbi də heç nə etməməsidir. Yəni, deputat olaraq...

Buna görə də, onu televizorda, Yeni il şənliyində ifa etməsini qəbullana bilmirlər. Tənqid edənlərin əsas arqumenti budur ki, Xanlarova müstəqilliyimizin əleyhinə səs verənlərdən biri olub, Milli Məclisdə “uşaq pulları verilməsin” deyib və s. və ilaxır.

Bir sözlə, bənzərsiz ifası olan, nəhəng səhnələrə sığmayan Zeynəb Xanlarovanın səsi yalnız Parlament binasının beton divarları arasına girəndə batıb...

Bu məqamda günah həm Zeynəb xanımdadır, həm də onu tənqid edənlərdə...

Günah ona görə tənqid edənlərdədir ki, Zeynəb Xanlarova AzTv-yə siyasətçi olaraq çıxmamışdı. Və verilişin adı da “Siyasət meydanı” deyildi. Biz onun insanda ruh yüksəkliyi yaradan və bu sətirləri yaza-yaza dinlədiyim “Azərbaycanım” mahnısından həzz almalı idik, amma bu fürsəti qaçırdıq. Qaldı növbəti ilə...

Günah həm də ona görə xanım Xanlarovadadır ki, vaxtilə siyasət meydanına çıxmışdı...

İndi sual verəcəm: Guya Siyavuş Novruzov Milli Məclisdə nə danışıb ki? Guya bu gün səhnələrdə olan digər Xalq artistləri nə edib ki?..

Biz sadəcə, bu gün toylara 20-30 minə gedən sənətçiləri siyasət meydanında, ən azından deputat olaraq görməmişik. Görsəydik, inanın, heç toya da çağırmazdıq...

Amma Zeynəb Xanlarovanın digər sənətçilərdən fərqləndirən çox xüsusiyyətlər var. Məsələn, Xanlarova yeganə ifaçılardandır ki, illərdir sənətçi obrazını qoruyub saxlayıb. Vaxtında etdiyini edib, dünya səhnələrində yer alıb, indi də yalnız ildə bir dəfə - Yeni ildə görünür... Bu, bir sənətçinin karyerasında çata biləcəyi ən böyük zirvədir ki, Zeynəb xanım da bunu çox yaxşı bacarıb.

Məsələn, Maradona dünya futbolunun əfsanələrindən idi. Amma o, heç vaxt zirvədə qala bilmədi. Xarakterinə, davranışlarına, narkotik çəkməsinə görə sevilmirdi, amma futboluna hər kəs aşiq idi... Öləndə də sıradan biri kimi öldü, tez də unuduldu - amma “Tanrının əli” əsrlərlə yaşayacaq...

Emin Səfərov