Ziya Kazımov məhkəməyə məcburi gətirilə bilər

ziya-kazimov-mehkemeye-mecburi-getirile-biler
Oxunma sayı: 4349

“Tərtər işi”nə görə ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəməsi son mərhələdədir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən bugünkü iclasda müttəhimlər son söz deməli idilər.

Lakin təqsirləndirilən polkovnik-leytenant Ziya Kazımov səhhəti ilə bağlı məhkəməyə gələ bilmir. Onun vəkili Bəhruz Bayramovun sözlərinə görə, müvəkkili bir müddətdir xəstəxanaya yerləşdirilib. Hazırda həkim nəzarəti altındadır. 

Bugünkü iclasda prokuror buna etiraz edib, Z.Kazımovun məhkəmədən yayındığını deyərək məcburi gətirilmə qərarı çıxarılmasını tələb edib.

Hakim hələ ki, prokurorun vəsatətini təmin etməyib. Qeyd edilib ki, Z.Kazımovun xəstəxanada olub-olmadığını və vəziyyətini öyrənmək üçün müvafiq sorğu göndəriləcək. Sorğunun nəticəsindən asılı olaraq da qərar çıxarılacaq. Bu məsələlər həll edilənə qədər isə proses təxirə salınıb. 

Qeyd edək ki, prokuror Bəkir Orucov və Ziya Kazımova 12 il 6 ay, Ülvi Rəşidov və İntiqam Məmmədova 10 il 6 ay, Rahib Məmmədova 8 il 6 ay həbs cəzası tələb edib. Əvvəlki iclasların birində iş üzrə zərərçəkmiş şəxslər Z.Kazımovun mühakimə edilməsinə etiraz ediblər. “ İstər 44 günlük müharibədə, istərsə də son antiterror tədbirlərində onun elədikləri hamıya məlumdur. Biz, ümumiyyətlə, ona cəza verilməsini istəmirik”, - zərərçəkmişlər deyib.

Sail Ağasəlim