Soruşsaz ki, xorultu qurbanı olmuşam, bəli olmuşam, özü də bir neçə dəfə.
Ən acınacaqlısı odur ki, xoruldayanın heç vaxt boynuna qoymaq mümkün deyil ki, o gecələr “səs-küy qoparır”. Hələ bir adamın irəli çıxıb , “mən xoruldayıram” etirafını eşitməmişəm. Bu həqiqi qəhrəmanlıq olardı. Azca qınamalı da deyil. Neyləsin axı?
Bir az qoçaq olan çox deyinmələrdən, tərk edilmələrdən sonra özünə çarə qılmağa çalışır. Həkimə baş vurma olmasa belə başqa metodlarla bu eyibini düzəlmək arzusunda olur. Bu da az iş deyil.
Yəqin ki, siz də xoruldamanın qarşısını alan xüsusi bandların(Breatherigth-briz rayt) reklamını görmüş olarsız. Plastır şəklində burunun iki tərəfinə yapışdırılan bu bandın axı səhərə kimi az qala nərildəyən biri üçün nə köməyi ola bilər? Şəxsən mənim üçün maraqlı olan preparat ilə yaxınım vasitəsiylə tanış oldum. Bu plasır güya yatan zaman burunda hava axınını tənzimləyir, xorultu yoxa çıxır. Eşitmişdim ki, güclü reklamı olan bu vasitə effektiv təsirə malik deyil, sadəcə növbəti dəfə pul qazanmaq üçün icad edilmiş maddi üsuldur. Yaxın qohumumun da on manatının başı ağrayırdı. On manat( içində 10 dənə var) verib, plastırı hər gecə burnuna yapışdırmaqla yatdı, otaq yoldaşları yenə səhərisi şikayət etdilər. Ondansa burnuna paltar asmaq üçün sancaq taxsaydı ondan yaxşı olardı. Deməli, bu vasitə yalan-doğrudan ibarət reklamına layıq deyil. Maraqlanmışam, apteklər alıcılardan şikayət gəldiyi səbəbiylə bu vasitəni satışdan çıxarıldığını deyirlər.
Maraqlıdır, görəsən bu bandlar daha çox hansı quruluşda olan burun üçün yarayır? Bax, bunu vasitənin təlimat kağızında yazmayıblar. Burun var, balaca, burun var kobud, iri, heç bandı yapışdırmaq üçün yeri də seçmək mümkün deyil. Burun var, üstünə on plastır da yapışdırsan fərq etməz. Reklamını da çəkəndə yenə məhsulu satmaq məsələsi ön plana çıxır, bütün reklamlardakı kimi. Axı xoruldamağın bir çox səbəbləri( artıq çəki, yumşaq damaq, burundaxili problem, narahat yatış forması və s. Bunu həkim və müayinə ortaya çıxarır) var. Hər xorultusunu kəsmək arzusunda olan insan sınaq üçün aldığı vasitəyə pul ödəməli olur. Yaxşı və pis nəticə olsa belə, bu da vasitənin satışı üçün az xeyir gətirmir. Farmokoloji hiylə baş tutur.
Fikirləşirəm ki, əgər doğrudan da “briz rayt” və ona bənzər vasitə yaxşı nəticə versəydi, onda bu xoruldayana bir aya otuz manata başa gələrdi. Başqa çarəsi yoxdu, gecələr qıcıqlandırıcı “melodiyalarını” kəsmək üçün almaq məcburiyyətində qalardı. Təssəvvür edin, ailə aylıq büdcəsini hesablayanda 30 manatı da ayrıca kənara qoyur, “bu da xoruldayanın payı” deyir. Bir ay ərzində o otuz manat xoruldayanın( artıq xoruldamayanın, vasitə işləyir) başına dəfələrlə “vurulur”. Kommunal xərclər siyahısında xoruldamamaq xərci də yerini alır. Otuz manat az pul deyil ki, amma ailə üzvləri şirin yuxunu qaçıranın pis çıxmasın, gecələr səsinə son vermək üçün əynindən, yeməyindən kəsməlidir də. Ən azı xoruldayanın “xorultun batsın” qarğışından qulağı dincəlir. Can və yuxu şirindir axı.
Son xəbərlər
Son Xəbərlər