Azərbaycanda qadın direktor müəllimi sillələdi - Video

azerbaycanda-qadin-direktor-muellimi-silleledi
Oxunma sayı: 5779

Son günlərdə Azərbaycanda müəllim-agird münasibətlərinin gərginliyini əks etdirən videogörüntülər fonunda daha bir çarx yayaılıb. Bu dəfə münaqişə müəllim və direktor arasında düşüb. Maraqlısı odur ki, Biləsuvar rayon İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin müəllim və direktoru arasında mübahisə bir müddət öncə baş versə də, görüntülər yeni yayılıb.

“Qafqazinfo” xəbər verir ki, ans press-ə müraciət edən və 17 ildir hərbi hazırlıq müəllimi kimi çalışan Əmirov Qalabəy Tomar oğlu məktəbin direktorunun onu sillələdiyini iddia edir. Müəllimin sözlərinə görə, məktəbin direktoru Mənsurə Şahverənova onu təhqir edərək, müəllim kollektivi və şagird kontigentinin içərisində hücum edib, sillə vurub. Həmin anı lentə alan Qalabəy müəllim deyir ki, direktor heç kimdən qorxmadığını deyir.

"Mənim 58 yaşım var. Bu hadisədən sonra bu günkü günə kimi kollektiv içində və şagirdlər arasında özümü təhqir edilmiş hesab edirəm. Lakin mən onun qadınlığına hörmət etdim, heç bir söz demədən məktəbi tərk etdim. Qoy bu cür qadının cəzasını bizim cəmiyyət versin".

İ.İsmayılov adına Ovçubərə kənd tam orta məktəbinin direktoru Mənsura Şahverənova ans press-ə açıqlamasında ona qarşı səsləndirilən iddiaları böhtan adlandırıb:

"Sizə təqdim olunan video kəsilib. Qalabəy müəllimə deyin ki, onun tam versiyasını sizə təqdim etsin və kimin haqlı olduğunu özünüz görün. Mənim heç kimə qarşı şəxsi qərəzliyim yoxdur. Bir neçə müddət bundan əvvəl Qalabəy müəllim məndən idman dərsləri keçməyi xahiş edib. Mən razı olmadım, çünki o, bu dərsi tədris etmək üçün lazımi universiteti bitirməyib. Ondan sonra məni təhdid edir".

Direktor onu da əlavə etdi ki, video məktəbə riyaziyyat müəllimindən şikayətə gələn valideyni müdafiə edərkən çəkilib: "Mən gördüm ki, bir valideynin üstünə düşüblər, bu işə qarışdım və müəllimlərə düzgün hərəkət etmədiklərini dedim. Sən demə, bu, qabaqcadan hazırlanmış bir plan idi. Artıq məsələ barədə Təhsil Nazirliyi də xəbərdardır. Məktəbimizdə olub, araşdırma gedir. Lazım olarsa, məsələ məhkəmə yolu ilə həll olunacaq. Kimin düz, kimin səhv olduğunu görəcəyik", - deyə Mənsurə Şahverənova qeyd edib.

Valideyn Mirhüseyn Süleymanov da hadisənin onun şikayəti zamanı baş verdiyini təsdiqlədi.

Onun sözlərinə görə, 6-cı sinifdə oxuyan qızı Fatiməni həmin məktəbdə işləyən riyaziyyat müəlliməsi dəfələrlə incidərək, döyüb və bununla bağlı valideyn məktəbə gedib.

"Həmin vaxt məktəbdə olan Qalabəy Əmirov və Anar İmanov mənim üstünə hücum çəkdilər. Bu vaxt məktəbin direktoru Mənsurə xanım məni və uşağımı müdafiə etdi. Video da həmin an çəkilib. Mənsurə xanım Qalabəyə deyirdi ki, kameranı yığışdırsın və mənə təhqiramiz sözlər işlətməsin", - deyə valideyn vurğulayıb.

Biləsuvar rayon İcra başçısının müavini Xəyalə Qəmbərova bir müddət öncə baş verən məsələdən xəbərdar olduqlarını qeyd edib. Onun sözlərinə görə, İcra nümayəndələri və Təhsil Nazirliyinin nümayəndələri məktəbdə olublar. Hadisə araşdırılır. "Məsələ ilə bağlı müvafiq tədbirlər görüləcək".

Təhsil Nazirliyindən də Biləsuvar rayon Ovçubərə kənd tam orta məktəbində baş verənləri nəzarətdə saxladıqlarını bildiriblər.