Boş qalmış profillər...

bos-qalmis-profiller
Oxunma sayı: 4834


Mən uşaq olanda ölüm-itim az olurdu. Adamlar ölümü ağıllarına gətirmir və ölüdən qorxurdular. Məsələn, qonşumuz İlyas kişi öləndən sonra uşaqlar onun bağına alma oğurluğuna getmədilər. Qorxurdular. Nədən qorxduqlarını özləri də bilmirdilər.

Sonra Qarabağ savaşı başladı. Elə olurdu ki, bir küçəyə bir gündə üç-dörd şəhid cənazəsi gəlirdi. Adamlar ölümlə qol-boyun olmağı bacardı...

Yadımdadı ki, orta məktəbdə oxuyanda bir sinif yoldaşımız rəhmətə getmişdi. Hərdən onun məzarını ziyarətə gedirdik. Sonra uşaqlar dağılışır, hərə öz doğmasının məzarını ziyarət edirdi. Təkcə mən kənarda dayanıb baxırdım. Gözləyirdim ki, doğmalarının məzarını ziyarət edib qayıtsınlar, çıxaq, gedək evə.

Ona görə yox ki, qohumlarımın, doğmalarımın məzarını ziyarət etmək istəmirdim. Ona görə ki, mənim ümumiyyətlə, heç bir qohumum, yaxınım dünyasını dəyişməmişdi. Ondan sonra nənəm, babalarım, bibimin, əmimin cavan oğlanları və digər doğmalarım həmin qəbiristanlığa əmanət edildi. İndi ziyarətə gedəndə bütöv bir günüm onları ziyarətlə keçir...

Az öncə gördüyümüz, deyib-güldüyümüz adamların sanki göz qırpımında dünyadan getməsi hallarına alışmaqdayıq.

İtkilər bizi bir də virtual məkanda sarsıdır. Dünən statusumuza şərh yazan, yaxud optimist statusları ilə eynimizi açan, bizi düşündürən adamların ertəsi gün ölüm xəbərini eşitmək də eyni ağrıdı... Profilləri matəmə qərq olur... Ağrıyırıq, üzülürük...

Bir müddət keçir. Dost siyahımızdakı “heykəl profilləri”, arzuolunmaz adamları silmək istəyirik. Amma dünyadan getmiş adamların profilinə toxunmuruq. Statusları yenilənməyən, şəkilləri dəyişməyən həmin profillər işığı yanmayan mənzillər qədər kimsəsiz görünür... Bizim doğma kimsəsizlərimiz...

Olubmu ki, yiyəsini itirən profilin mesaj qutusuna nəsə yazmaq istəmisiz? Məsələn, ürəyinizdən keçənləri, onun üçün darıxdığınızı, yaxud başqa nəsə... Və düşünmüsüz ki, niyə yazım ki, onsuz da cavab verməyəcək...

Əmim oğlunun kimsəsiz qalmış profilinə məktub yazmaq istədim. İstədim yazam ki, anan paltarlarını ütüləyib asıb şifonerdən. Atan gecələr qapını bağlamır ki, birdən gəlib qalarsan bayırda...

Yazmadım. Kim cavab verəcəkdi ki? Elə darıxanda son dəfə yazdığı statusa, paylaşdığı fotolara baxıram...

Hər itirdiyimiz insan həm də sahibsiz qalmış bir profil deməkdi. Onlardan bizə son dəfə yadigar qalan həm də dost siyahımızdakı yerləridi...

Kamyunun “Taun” romanında belə bir epizod var. Adamların taundan qırıldığı vaxtlarda şəhər teatrında opera oynanılır. Orfey rolunun ifaçısını səhnədə titrətmə tutur. Lakin ifaçı bunu tamaşaçılara hiss etdirmir. Sonrakı səhnələrdə o, anlaşılmaz hərəkətlərini cilovlaya bilmir və zaldakılar bu qeyri-adi hərəkətləri yenilik kimi qəbul edir. Xəstəlik getdikcə şiddətlənir və müğənni müvazinətini itirib yerə yıxılır. Tamaşaçılar həyəcanla zalı tərk edir. Taun, səhnəyə çıxmışdı. Zalın təmtərağından qalan yeganə nümunə isə qırmızı örtüklü oturacaqların üstündə qalmış yelpiklər və yerə düşmüş toxunma şallar olur...