Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası keçirilib. “Qafqazinfo”ya daxil olan millətə görə, yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən 30-35 faiz ucuz qiymətə ərzaq, un məmulatları, kənd təsərrüfatı məhsulları təqdim ediblər. Həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya meyvə- tərəvəz məhsulları çıxarılıb.
İcra başçısı Elmar Vəliyev sərgi-satış yarmarkasının gedişatı ilə tanış olub və vurğulayıb ki, yarmarkanın təşkilində məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.
1000 nəfər Qarabağ əlili və şəhid ailəsinə 25 manatlıq ət, yağ, toyuq və digər ərzaq məhsullarından ibarət bayram səbəti verilib. Bundan başqa 2000 nəfərdən çox aztəminatlı ailə və şəhərin təmizliyi ilə məşğul olan kommunalın işçiləri də bayram sovatı ilə sevindirilib.
Daha sonra şəhərin Baş Meydanında ümumşəhər tədbiri keçirilib. İcra başçısı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə bütün həmvətənləri və soydaşları təbrik edib. Hər bir azərbaycanlıya xoşbəxtlik, firavanlıq və işlərində uğurlar arzulayıb.
İcra başçısı Elmar Vəliyev qeyd edib ki, 2015-ci il ümumilikdə Gəncə şəhəri üçün uğurlu və yadda qalan il olub. Gəncədə geniş miqyaslı abadlıq və quruculuq işləri aparılıb. Böyük layihələr həyata keçirilib. 2015- ci ildə təməli qoyulan layihələrin icrası 2016-cı ildə başa çatdırılacaq. 2016-cı ildə isə bir sıra yeni layihələrə start veriləcək. Gəncədə Dövlət və Azərbaycan Texnologiya Universitetlərinin tələbləri üçün yeni kompuslar tikilərək istifadəyə veriləcək. 2016-ci ildə Gəncə Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Gəncədə 50-ə yaxın layihə həyata keçiriləcək.





Son xəbərlər
Son Xəbərlər