- Yeni ili necə qarşıladın?
- Sözsüz ki, ailəmlə bərabər. Yeni il mənim üçün artıq 8 ildir ki, ikiqat bayrama çevirilib. Allah hamının balasını saxlasın, yanvarın 1-i böyük oğlum Fərhadın ad günüdür.
- Adətən həftə içi gərgin iş qrafiki olan adamlar bazar gününü necə dəyərləndirmək lazım olduğunu bilmirlər? Sənin istirahət günün necə keçir?
- Açığını deyim, məndə belə problem olmayıb. Bir çoxları kimi ev işlərini bazar gününə saxlamıram, bunu da mənə qayınanam öyrədib. Şənbə günü saatın neçə olmasından asılı olmayaraq ev işlərimi bitirməliyəm. Əks təqdirdə yeganə istirahət günümdə istədiyim qədər yuxu ala bilmərəm. Saat 11-dən sonra isə planlar qururuq. Bu planlar da uşaqların istəyinə uyğun olur. Onlar hara istəsələr, biz də çalışırıq arxalarınca gedək. Bazar günü mənim üçün həm də ona görə əzizdir ki, istədiyim kimi kitab oxumağa məhz bu gün geniş vaxt tapa bilirəm.
- Ötən ildə jurnalist kimi nə uğurlar əldə etdin, hansı layihələrə imza atdın?
- Məncə, bir-birindən maraqlı proqramlar təqdim elədim. İnsanları düşündürən, onları maraqlandıran və daxillərindən gələn mövzulara toxunduq. Keçən ilin bax belə, qarlı-boranlı qış günlərində Türkiyənin Baş naziri və Türkiyənin xarici işlər naziri ilə geniş müsahibələr etmək imkanım oldu. Payızda isə qaynar qazan kimi qaynayan Suriyada oldum. Orda baş verənləri qısa zaman içində olsa da öz gözlərimlə gördüm və tamaşaçılara çatdırdım.
- İşin çox gərgindir, canlı efir, ciddi qonaqlar, daim stresdir, bəs bu gərginliyi üstündən necə atırsan?
- Əslində, mən heç zaman yorulduğumu hiss eləməmişəm. Düzdür, son zamanlar başqa problemlərlə bağlı bir az gərgin oldum, amma şükür Allaha onu da geridə qoyuram. Mənim üçün çoxlu işləmək, maraqlı reportajlar və proqramlar hazırlamaq elə əsl istirahətdir. İşdən evə gedəndə isə Fərhadın məktəbdə, balaca Ceyhunun isə bağçada gördüklərini mənə danışması, onların bəzən məndən küsüb naz eləmələri, qayğıma qalmaları bütün yorğunluğumu çıxarır.
- İşindən nə dərəcədə zövq alırsan?
- Həddindən artıq. Mən işimi çox sevirəm.
- Sənin üçün görülməsi qeyri-mümkün olan iş varmı?
- Bəlkə də cavabım böyük səslənə bilər, səmimiyyətimə inanın. Mənim üçün görülməsi qeyri-mümkün olan iş yoxdur. Sadəcə, insanda iradə və cəsarət olmalıdır. Bu halda Allah bəndənin dadına çatır. Vəssalam.
- Hansı geyim üslubuna üstünlük verirsən?
- Mənə yaraşana. Fərqli üslublarda oluram. Deyəsən pis də yaraşmır. Lakin iş günü daha rahat geyimləri düşündüyüm halda, bəzən rahatlıqdan keçib çox klassik də oluram. Efirdə isə incə və klassik üsluba üstünlük verirəm.
- Özünü gözəl qadınlar siyahısına aid edərdinmi?
- Vallah nə deyim. Bunu ətrafdakı insanlar daha dəqiq bilərlər. Açığı, həmişə xoş sözlər eşitmişəm. Amma oğlanlarım mənə gözəl olduğumu deyirlər (gülür-red.). Hər addımda «Mənim gözəl anam» kəlməsini eşidirəm. Bir də onlar istəyirlər mən həmişə baxımlı olum. Səhər uşağı bağçaya aparanda çox vaxt bəzəksiz oluram. Ceyhun isə məni məcbur edir ki, pamada çəkim (gülür-red.).
- Səncə, tam xoşbəxtlik üçün qadına və konkret sənə nə lazımdır?
- Sevdiyim insanların əhatəsində olmaq və sevdiyim işlə məşğul olmaq.
- Elə qadınlar var ki, daim kişi köməyinə, kişi dayağına ehtiyac duyur, bəs sən hansı hallarda kişi köməyinə müraciət edirsən?
- Bu günə qədər heç bir zaman kişi köməyinə ehtiyacım olmamışdı. Amma son dönəmlər ciddi şəkildə yoldaşımın köməyinə ehtiyac duydum. Köməyi isə mən istəmədim, o, hiss elədi və dayaq olmağa çalışdı. Deyirlər insanı çətin gündə tanıyarlar. Sağ olsun, o, çətin anlarımda mənə dayaq olan kəs oldu. Ona təşəkkür edirəm.
- Kişi-qadın məsələlərində də dominantlıq sənin əlində olur?
- Baxır harda və necə? Yəni burda durum asılıdır məsələdən və bununla bağlı kimin daha ağıllı fikir yürüdəcəyindən. Əgər mən orda xırda bir şübhə görsəm, o saat fikrimi bildirirəm. Elə zamanlar olub ki, mənim sözümü dinləməyib. Lakin sonradan gülümsəyərək gərək səni dinləyərdim deyib. Eyni hadisə məndə də təkrarlanıb. Mən bir şeyə əminəm. Başladığım istənilən işdə Anarın razılığı olmasa, ondan xeyir görə bilmərəm.
- Ailədə kimin sözü daha çox keçir?
- Məncə, hüquqlarımız tam bərabərdir. İstənilən işdə ortaq qərara gəlirik. Yəni çox az halda fikirayrılığı olur. Ona görə də kimin sözünün daha çox keçdiyi bizim üçün önəmli deyil.
- Bu yaxınlarda canlı efirdə anidən səni gülmək tutdu, səbəb nə idi?
- XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verilişdə qonaq idi. Mən danışarkən o, münasib yerdə dayanmalı idi. Amma özü də bilmirdi ki, harada dayansın. Elman müəllim gülərək mənə harada dayanmalı olduğunu soruşdu. Amma səhv istiqamətə getdi. Qulaqcığı da açıq idi. Və gülməli vəziyyət yarandı. Redaksiyadakı uşaqların gülüşü məni lap özümdən çıxardı. Və gülməyimi saxlaya bilmədim.
- Rəhbərlik tərəfindən töhmət almadın ki?
- Yox.
- Ümumiyyətlə, səni işə həvəsləndirən və əksinə ruhdan salan səbəblər hansılardır?
- İşimə olan sevgim məni həvəsləndirən ən böyük amildir. CJurnalist olaraq hadisələrə zamanında siyasi baxış etmək də mənim üçün çox maraqlıdır. Heç nə məni ruhdan sala bilməz.
- Bürcündə aktiv olduğun vurğulanır, bu xüsusiyyətin əsasən işdə görünür, ya işdən kənarda da?
- Mən fantastik heç nəyə inanmıram. Realistəm. Və düşünürəm ki, nəyin varsa o olmalısan... Bürclər haqqında ilk dəfə uşaq vaxtı Qəzənfər Paşayevin «Altı il Dəclə, Fərat çayı sahilində» kitabından oxumuşdum. Ondan sonra bürclərlə maraqlandığım yadıma gəlmir. Aktivlik varsa onu da Allah mənə verib və istəyəndə də alacaq. Açığı, aktiv olduğumu özüm o qədər də bilmirəm. Yəni mənim üçün yaşam belədir. Həmişə kənardan çox çevik olduğumu eşidirəm. Məsələn, ANS-in dəhlizində uşaqlardan «Maşallah, bundakı enerjiyə, həvəsə bax» sözünü tez-tez eşidirəm. Bax bu gün səhər evdən çıxanda nənəsi JCeyhunu bağçaya hazırlayarkən uşaq «axı anam hələ hazır deyil», - deyə mızıldanırdı. Nənəsi isə belə cavab verdi: - «Anan ildırım sürətlidir, indi hamımızdan tez hazır olacaq». İşə gələnədək o sözü düşündüm. Doğrudanmı mən çox çevikəm? Məndən soruşsanız, bilmirəm deyərdim!