Prostat vəzinin və cinsi zəifliyin ən yaxşı müalicəsi - - Videolarla

prostat-vezinin-ve-cinsi-zeifliyin-en-yaxsi-mualicesi-
Oxunma sayı: 175878



Həqiqət №1.  Prostat vəzinin yaşla bağlı xoşxassəli böyüməsinin – yəni adenomasının nə dərmanlarla, nə türkəçarə ilə, nə də cərrahi yolla birdəfəlik müalicəsi dünyanın heç bir ölkəsində, o cümlədən tibb sahəsidə elmi  kəşflərə görə ən çox  Nobel mükafatına sahib olan ABŞ-də belə hələ ki, mümkün deyil.  Kiminsə “birdəfəlik prostat vəzini sağaldıram!” kimi qeyri-professional çağırışlarına inanmaq lazım deyil. Prostat vəzinin adenoması da şəkərli diabet, arterial hipertoniya (yüksək qan təzyiqi) və bir sıra  başqa xəstəliklər kimi bütün ömür boyu nüalicə və diqqət tələb edir.

Həqiqət №2. Prostat vəzinin  adenomasının nə dərmanlarla, nə türkəçarə ilə, nə də cərrahi yolla  profilaktikası (qarşısinın alınması) mümkün deyil. Göstərilən üsullardan ən təhlükəlisi isə türkəçarədir. Bitkilərlə (və  ya türkəçarə ilə) uzun müddət müalicə  prostat adenomasının  əsas simptomlarının üzə çıxmamasına səbəb olur, lakin  onun böyüməsini əngəlləyə bilmir. Nəticədə xəstə o zaman həkimə müraciət edir ki,  adenoma xeyli böyümüş olur və onun müalicəsi ya mümkün olmur, ya da  bir çox həyati funksiyaları bərpa etmək mümkün olmur.  Əksər Avropa və Amerika  ölkələrində belə qeyri – elmi, xəstə üçün təhlükə yarada bilən  müalicə ilə məşğul olanlar cinayət məsuliyyəti daşıyırlar.

Həqiqət № 3. Prostat vəzinin  adenomasının əlamətlərinin  (sidik ifrazı problemləri,  cinsi zəiflik və s.) olmaması 50 yaşlı  kişidə bu xəstəliyin olmaması demək deyildir!  Tədqiqatlarla sübut edilmişdir ki, hələ 40 yaşında ikən kişilərin əksəriyyətində  prostat vəzinin yaşla bağlı xoşxassəli böyüməsinin – yəni adenomasının mikroskopik əlamətləri mövcud olur. Lakin həmin  əlamətlər  hələ   prostat vəzinin müayinəsi üçün ən qiymətli müayinə vasitəsi sayılan USM-lə (ultrasəs müayinə) ilə görünmür.  Lakin 50 yaşı tamam olmuş kişilərin ən azı yarısında USM-lə prostat vəzinin yaşla bağlı xoşxassəli böyüməsini görmək mümkündür.

Və bir də unutmayın  ki, tibb elmi ara söhbətlərinin deyil, iri həcmli tədqiqatlarla təsdiqlənmiş reseptlərin  məcmuudur!

Bu gün prostat vəzi xəstəlikləri və kişilərin cinsi zəflik problemləri – haqqında ən çox danışilan tibbi problemlərdəndir. Belə ki, son illərdə həm prostat vəzi xəstəlikləri, həm də cinsi zəiflik problemləri ilə həkimə müraciətlərin sayı əvvəlki dövrlərlə müqayisədə xeyli artmışdır. Həm də bu sahədə tibb elminin əldə etdiyi uğurlar,  Ultrasəs Müayinə (USM - UZİ)  aparatlarının hamı üçün əl çatan olması, qeyri-cərrahi, yəni dərmanlarla müalicə imkanlarının artması buna rəvac vermişdir. Digər tərəfdən, bu  gün prostat vəzi xəstəliklərindən danışmaq bir də ona görə vacibdir ki,  nəinki bütün MDB ölkələrində və bizim ölkədə, eləcə də tibbin ən yüksək inkişaf etdiyi ölkələrdə də, cərrahi urologiyada əsaslandırılmamış cərrahi əməliyyatlar (yəni ziyanı faydasından çox olan əməliyyatlar) baş alıb gedir və xəstələr vaxtindan əvvəl həyat keyfiyyətinini itirir. 

60 yaşını tamam etmiş bir kişi üçün “prostat vəzi” yeni bir söz deyil və əksəriyyəti artıq bir neçə dəfə həkimə baş vurmuş olduğu üçün həkimə  çox suallar verməyə ehtiyacları  da olmur. 50 yaşını tamam etmiş kişiyə isə dünyanın məşhur uroloqları  bu əlamətdar ad günün (50 - yubiley yaşının) sabahı uroloqa baş çəkməyi məsləhət görürlər(!!!)

Bununla belə, illər ötdükcə əhali arasınada  prostat vəzi ilə bağlı sualların məzmunu da dəyişir. Amma  prostatla bağlı ən çox verilən bir çox suallar öz aktuallığını itirmir. Bu sualların verilməsi təbiidir və hər kəs bunları bilməlidir;

1. Prostat vəzi nədir?

2. Prostat adenoması nədir?

3. Prostat adenomasının  cinsi zəifliklə əlaqəsi varmı?

4. Prostatitin  (prostat vəzinin  iltihabının) cinsi zəifliklə əlaqəsi varmı?

5. Prostat vəzi xəstəliklərinin əlamətləri hansılardır?

6. Məndəki əlamətlər prostat adenoması və ya iltihabı, və ya xərçəngi üçün şübhə yaradırmı?

7. Mən prostat vəzi xəstəlikləri ilə bağlı hansı müayinələrdən keçməliyəm?

8. . Mən prostat vəzi xəstəlikləri ilə bağlı müayinələrə necə hazırlanmalaşmalıyam?

9. Pprostat vəzi xəstəlikləri ilə bağlı müayinə və müalicələrin mənim sağlamlığım üçün mümkün faydası, riski, ağırlaşma ehtimalları barədə kimdən öyrənə bilərəm və s.

Bu kimi bir çox suallara bu VİDEO-da cavablar verilmişdir.


Kişilərdə cinsi zəiflik haqqında isə söhbət bir qədər başqadır. Cinsi zəiflik problemindən danışanda konkret bir yaş söyləmək mümkün deyil. Üstəlik, cinsi zəifliklə bağlı problemi olanların heç də hamısı həkimə baş vurmaq istəmir – inamsızlıq, utanc hissi, tibbi savadın olmaması buna mane olur. Məsələnin ən mürəkkəb cəhəti isə bu   deyil.  Prostat vəzi xəstəliklərinin müalicəsindən fərqli olaraq, cinsi zəifliyin müalicəsində bir çox hallarda həkimdən və onun məharətindən az şey asılı olur (cinsi zəifliklə bağlı pasientin şəxsi problemləri  və psixiloji durumu müalicənin nəticəsinə daha çox təsir edir). 

Kişi cinsi zəifliyinin ən çox rast gəlinən səbəbləri:


• Sidik-cinsiyyət sisteminin xəstəlikləri, o cümlədən prostat vəzinin xəstəlikləri: prostatitlər, prostat vəzinin xoşxassəli və bədxassəli böyüməsi (şişləri), xarici cinsiyyət üzvünün – penisin qan təchizatında qüsurlar və s.

• Hormonal pozuntular (testesteronun aşağı səviyyəsi) və ya endokrinoloji səbəbdən əmələ gələn cinsi zəiflik. Bu zaman təkcə cinsiyyət vəzilərinin deyil, digər vəzilərin də (məsələn, qalxanabənzər vəzinin) fəaliyyət pozuntuları da cinsi zəifliyə səbəb ola bilər. 

• Şəkərli diabet xəstəliyi

• Ürək-damar xəstəlikləri: hipertoniya xəstəliyi, insult, infarkt və b.k

• Nevroloji xəstəliklər – baş və onurğa beynin zədələnmələri və xəstəlikləri.

• Ruhi xəstəliklər 

• Psixoloji səbəblər - stress, depressiya, qorxu və həyəcanla bağlı vəziyyətlər.

• Dərman preparatlarının qəbulu. Müəyyən qrup dərmanlar da cinsi zəiflik əmələ gətirə bilər. Kişi cinsi hormonlarına təsir edən preparatlar, yüksəlmiş qan təzyiqinin müalicəsində işlənən dərmanlar, antihistaminlər, alkoqol və narkotik dərmanlar da bura aiddir.

• Sidik-cinsiyyət orqanları (prostat vəzi, sidik kisəsi) üzərində cərrahi əməliyyatlar

• Yaşlanma ilə bağlı problemlər: 60 yaşlı kişilərdə cinsi zəiflik halları 40 yaşa nisbətən 4 dəfə artıq olur.

• Prostat vəzinin tam xaric edilmə və ya şüalanma yolu ilə müalicəsi

• Onurğanın müxtəlif zədələnmələri

• Cinsiyyət üzvünün zədələnmələri 

• Böyrəklərin ağır çatışmazlığı.

• Həyat tərzi: siqaret çəkməyin cinsi zəiflik törədə bilməsi sübut olunmuşdur: tütünün arterial spazm törətməsi cinsiyyət üzvünün qanla dolmasını əngəlləyir və nəticədə cinsi fəaliyyət zəifləyir. Alkohol isə cinsi həvəsi artırsa da ereksiyanı (bərkiməni) zəiflədir. Başqa sözlə; Spirtli içki həvəsi artırır, imkanı azaldır!

Cinsi zəifliklə bağlı daha ətraflı məlumat bu videoda: 

Kişilərdə prostat xəstəlikləri və cinsi zəiflik haqqında əlavə məlumatlar almaq üçün  Realtibb.com saytından yaxud   “google” axtarış sitemidən istifadə etməklə aşağıdakı məqalələri oxuya bilərsiniz:

Prostat vəzi xəstəlikləri: Adenoma

Kişilərin cinsi zəiflik problemi

Kişilərin prostat vəzi  problemi – Çıxış yolu        

Prostat vəzi xəstəlikləri: miflər, həqiqətlər


Qadınlarda və ya uşaqlarda sidik sisteminin problemləri və müalicəsi haqda məlumatlar almaq üçün isə Realtibb.com saytından, yaxud   “google” axtarış sitemidən istifadə etməklə aşağıdakı məqalələri oxuya bilərsiniz və ya bu videolara baxa bilərsiniz

Gecələr sidiyi saxlaya bilməmək –Gecə  enurezi

ENUREZ – yuxuda sidikqaçırma

Qadinlarda sidik qaçirma  problemi. Sistit


Doktor Süleyman Cəbrayılov

Real Tibb Mərkəzi

8 km, B.Nuriyev, 55. 


(050) 501 60 70

(055) 519 91 84