Sabah müəllimlər üçün müsahibə mərhələsi keçiriləcək

sabah-muellimler-ucun-musahibe-merhelesi-kecirilecek
Oxunma sayı: 3296

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə 2016-cı ilin mayında üç mərhələli (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) müsabiqə yekunlaşmaq üzrədir.

Qafqazinfo” xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən 393 müəllim mayın 3-dən 10-dək miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçib. İştirakçılar, eyni zamanda, mayın 12-dək müvafiq sənədləri BŞTİ-yə təqdim ediblər.

Müsabiqənin birinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılıb, onlardan 297-si müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıb.

Müsabiqənin ikinci – test imtahanı mərhələsi mayın 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin ikinci tədris binasında (Həsən Əliyev 135, Gənclik korpusu) təşkil edilib. Test imtahanının nəticələrinə əsasən 176 nəfər müsabiqənin növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

Müsabiqənin üçüncü – müsahibə mərhələsi mayın 19-da, saat 14.00-da və 15.30-da Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi, 6 ünvanındakı (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaxınlığında) 42 nömrəli tam orta məktəbdə təşkil ediləcək. Müsahibə mərhələsində iştirak edəcək müəllimlər BŞTİ-nin saytında göstərilən cədvəllər üzrə müəyyənləşdirilən vaxtda təyinat məntəqəsində olmalıdırlar.

Müsabiqənin üçüncü (müsahibə) mərhələsinin vaxtı və yeri barədə məlumat iştirakçıların (www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslərin) şəxsi səhifəsində yerləşdirilib. Eyni zamanda, onların qeydiyyata alınmış mobil əlaqə nömrələrinə SMS vasitəsilə göndərilib.

Qeyd edək ki, müsahibəyə gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.