"Qafqazinfo" mövzunun aktuallığını nəzərə alıb kosmetoloq Günel Şükürovadan müsahibə alıb
- Yay aylarında xanımlar dərini necə qorumalıdır?
- Yaz artıq bitir, yay gəlir. Ultrabənövşəyi şüalardan üzü qorumaq üçün qoruyucu kremlər çəkmək lazımdır. Dəriyə istirahət vermək vacibdir. Tərkibində günəş şüalarından qoruyucu maddələr olan tonlaşdırıcı kremlər seçilməlidir. Üzün qurumaması üçün nəmləndirici kremlərdən istifadə edilməlidir. Dərisi quru olan xanımlar kosmetoloqa müraciət edərək biorevitalizasiya (dərinin nəmləndirilməsi) proseduru etdirə bilərlər. Dərinin cavan qalması üçün yuxu əvəzsiz vasitədir. Yuxuda olan zaman dəri qidalanır, dincəlir. Ona görə gün ərzində 7-8 saat yatmaq lazımdır. Dərinin cavan qalması üçün təbii yağlarla masaj etdirməkməsləhətdir. Siqaret və spirtli içkilər dərinin erkən yaşlanmasına səbəb olur. Gənc qalmaq istəyən şəxslər bu kimi zərərli vərdişlərdən uzaq durmalıdır.
- Bu aylarda saçları ultrabənövşəyi şüalardan hansı yollarla qorumaq olar?
- Fəsil dəyişdikcə saç tökülməsi problemi yaranır. İndi gənclərdə saç tökülməsi problemi daha çox özünü göstərir. Bu ekologiya, yanlış qidalanma, genetika ilə bağlıdır. Saçı tökülən insanlar həkimə müracət etməli, analizlər verməlidirlər. Müayinənin nəticəsinə əsasən müalicə üsulu seçilməlidir. Bəzən bir pasient müalicəsinin nəticəsinin əla olduğunu deyir. Digəri isə müayinə olunmadan onun müalicəsini tətbiq edir. Bu yanlış addımdır. Fərdi insanların fərdi problemləri var. Kosmetoloji prosedurlar nəticə verməyən pasientlər saç əkdirə bilər.
- İnternətdə ev şəraitində hazırlanan müxtəlif maskalar var. Onları necə həkim məsləhəti olmadan tətbiq etmək doğrudurmu?
- Ev şəraitində hazırlanan maskalardan istifadə etmək olar. Amma insanlar peşəkar həkimlərə müraciət etsə, daha keyfiyyətli nəticə əldə edərlər. Saçı tökülən şəxslər daxilən, həm də yerli olaraq müalicə almalıdır. Ev şəraitində hazırlanan maskaları saç tipinə uyğun olaraq tətbiq etmək olar. Şampunun içərisinə badam, genegerçək yağı töküb 15 dəqiqə çalxalayın. Sonra hər dəfə həmin şampunla saçlarınızı yusanız, effektini görərsiniz. Xardal, acı istiot maskaları var ki, başda qan dövranını yaxşılaşdırır. Bəziləri deyir ki, 72 faizli sabunla saçı və üzü yuyanda faydalı olur. Bu isə yanlış informasiyadır.
- Qadının yaşını boyun nahiyəsi və əlləri büruzə verir.
- Qadının yaşını əl və boyun dərisi bəlli edir. Xanımlar mezoterapiya,plazma liftinq etdirə bilərlər. Bu prosedurlar yaşlanmanın qarşısını alır. Kosmetoloji prosedurları etdirmək üçün 50 yaşının tamam olmasını gözləmək lazım deyil. Artıq 20 yaşından sonra dəriyə qulluq etmək lazımdır. Yenə də qeyd edirəm, nəmləndirici vasitələrdən istifadə etmək önəmlidir.
- Xanımlar yay aylarında tez-tez solariyə üz tutur. Solarinin hansı ziyanları var?
- Solari hər insan üçün deyil. Solariyə gedən insan dermotoloq müayinəsindən keçməlidir, bədxassəli xəstəliklərin olub-olmadığını yoxlatmalıdır, dəri tipini öyrənməlidir. Dəri tipinə uyğun olaraq qaralma üsulu seçilməlidir.
Solaridən öncə bir neçə prosedur var ki, onlar tətbiq edilməlidir. Solaridən əvvəl və sonra dəriyə yağlar çəkilməlidir. Solari müxtəlif intervallarla edilməlidir, tez-tez solaridən istifadə etmək olmaz. İlk dəfədən güclü şəkildə şüalanmaq olmaz. Hər solarinin arasında ən azı 20 gün olmalıdır. Tez-tez solari etmək dərini yandırır, qurudur və ləkələr əmələ gətirə bilir, bəzən isə dəri xərçəngi yaradır.
- Lazer epilyasiyasının nə kimi ziyanları var? Hansı nahiyələrə lazer epilyasiyası etdirmək olmaz?
- Hazırda pulu olan şəxs lazer aparatı alıb, epilyasiya edir. Lazer epilyasiyasını mütəxəssis etməlidir, bu şəxs dəri haqda məlumatlı olmalıdır. Yayda piqmentə meyilli dəriyə lazer epilyasiyası etmək olmaz. Belə pasientlər epilyasiyadan sonra günəşdənqoruyucu kremlər istifadə etməlidirlər. Epilyasiyadan 15 gün əvvəl və sonra dənizə girmək, günəş vannası və solari etmək olmaz. Əsasən, deyirlər ki, bikini və sinə nahiyəsinə epilyasiya etmək olmaz, qadınlara ziyandır. Amma bu səhv məlumatdır. Lazer epilyasiyasının heç bir ziyanı yoxdur. Yalnız ankoloji xəstəlikdən əziyyət çəkən xəstələrə etmək olmaz.
- Hamilə qadınlara lazer epilyasiyası etmək olarmı?
- Hamilə və körpəsinə süd verən qadınlara lazer epilyasiyası və kosmetoloji prosedurlar etmək olmaz. Xanımlarımız deyir ki, hamiləliyin 3-5 ayından sonra epilyasiya etmək olar. Bunlar uydurma söhbətlərdir. Hamilə qadın üz təmizlənməsini (çiska) də ehtiyatla etməlidir.
- Dövrümüzdə gel vasitəsilə üzün, dodaqların şişirdilməsi də dəb halını alıb.
- Gellər iki cür olur: təbii və süni gel. Təbii gelin tərkibində insan orqanizminə uyğun olan turşular var, bu turşular bir il ərzində sorulur. Süni gellər isə qalıcıdır, sorulmur, ziyanlıdır. Lakin 3-5 il müddətində deformasiya olur. Süni gellər axmağa meyillidir, dodaqda, yanaqda bəzən oynayır. Bəzən isə səhv prosedurun nəticəsində gel nahiyənin bir hissəsinə yığılır. Təəssüflər ki, xanımlarımız süni gellərə üstünlük verirlər. Yəqin, bu da maddiyyatla əlaqəlidir.
Bundan əlavə, sterillik tələb etmək hər bir pasiyentin haqqı, hüququdur. Pasientlər getdikləri salonlarda avtoklavların (Tibdə sarğı materiallarını, alətləri, eləcə də mikroorqanizmlər yetişdirmək üçün qida mühitini, infeksiya düşən materialları,operasiya xələtlərini və s. təzyiqlə sterilizə edən aparat) olub-olmamasını soruşsunlar? Çünki natəmizlik müxtəlif xəstəliklər yaradır.
Könül