““Xalq Cəbhəsi” xatirə dəftəri kimidir...” - Redaktor

xalq-cebhesi-xatire-defteri-kimidir-redaktor
Oxunma sayı: 887

"Ötən əsrin 99-cu ilində Teleradio şirkətindən ayrıldım, ərizə verib işdən çıxdım. Azərbaycanda ilk dəfə birbaşa həftədə üç dəfə nəşr olunan "Şans" qəzetinə redaktor gəldim. O vaxt üçün bu, çox böyük göstəriciydi və işləmək həddindən artıq ağır idi. Qəzetdə Azər Hüseynbala, Zöhrab Əmirxanlı, Məmməd Nazimoğlu, Hüseyn Əfəndi kimi imzalar vardı. Məhz buna görə "Azadlıq" qəzeti "Şans"ı redaktorlar qəzeti adlandırmışdı. Birinci nömrəni elə sürətlə və amansızcasına redaktə eləmişdik ki, səhifənin biri çatmamışdı. Qəzet 15 səhifə idi və mən bir səhifə yalançı reklam verdim ki, təki qəzet çıxsın. "Şans"ın ömrü uzun olmadı. Bundan sonra "Avropa" qəzetinə gəldim, biz mətbuatda ilk dəfə olaraq 24 səhifə ilə çıxırdıq. O vaxtlar qəzetlər birbaşa 24 səhifə çıxmırdılar. Orada da az müddət işlədik, qəzet bağlandı. Sonra qərara gəldim ki, heç vaxt yeni qəzetə getməyim, çünki yeni qəzetin çətinlikləri həddindən artıq çox olur. Bu çətinlikləri həm "Şans"da, həm də "Avropa"da yaşamışdım. Ancaq tale elə gətirdi ki, Allah bu niyyətimə görə məni "cəzalandırdı", görünür ürəyimdə pis niyyət tutmuşam.

Bu dəfə həftədə beş dəfə çıxan qəzetə redaktor gələsi oldum. "Xalq Cəbhəsi" çox qısa müddət ərzində, təxminən bir aydan sonra tanınmağa başladı. Qəzetdə çox ciddi müəllif korpusu vardı. Mən bir redaktor kimi öz payımı olanı deyirəm, 20-dən yuxarı Azərbaycan aydını bizim qəzetlə əməkdaşlıq etməyə başladı. Az qala müqavilə ilə bizə yazı yazırdılar. Onların sırasında Anar, Əkrəm Əylisli, Fikrət Qoca, Tofiq Adbin, Kamil Vəli Hərimanoğlu, Mehriban Vəzir, Vaqif Sultanlı, Cavanşir Yusifli və başqaları bizimlə əməkdaşlıq edirdi. "Xalq Cəhbəsi"nin ümumxalq qəzetinə çevrilməsində müəllif palitrası çox böyük rol oynadı. Bu mətbu orqan tez bir vaxtda ümumxalq qəzetinə çevrilə, özünə yer tapa bildi. Mənim özümdə qısa müddət ərzində bura uyğunlaşa bildim, adaptasiya dövrüm çox asan keçdi. Çünki çox yaxşı bir kollektiv vardı. Vüsalə Mahirqızı, Nurşən Quliyev, Rəsul Mirhəşimli, Arzu Şirinova ilə işləmək çox rahat idi. İndiyədək yadımdadır ki, dövlət bayramlarında, kiminsə ad günündə hamı bir nəfər kimi bir yerə yığışardı, əlamətdar günü çox yüksək səviyyədə qeyd edərdik. Bakının ən müxtəlif restoran və əyləncə mərkəzlərində kollektiv olaraq əla tədbirlər keçirmişik. Dediyim kimi kollektiv çox gözəl idi və uşaqların hamısı qəzetə bağlıydı.

Redaktorlar, kurasiyalar arasında sağlam rəqabət vardı. Mənim sahəm həmişə lider olub. Nə Nurşənə, nə də Rəsula uduzmaq fikrim olmayıb və uduzmamışam da. Biz həmişə həm xəbər, həm də siyasət şöbəsini geridə qoyurduq. İqtisadiyyat şöbəsi ilə rəqabət aparmağa ehtiyac yox idi. Bu sahə həmişə mənə yad olub, mən heç bilmirdim onlar nə yazırlar. Mənim yetirməm olan İxtiyar bu gün aparsport.az saytının baş redaktorudur. İlkin anası ilə gəlmişdi, iş müraciəti üçün. Hazırda ATV-nin İdman Departamentinin rəhbəridir. Mənim şöbəmdə çalışan Hərgiz Cabbarlı hazırda "Beşik" uşaq nəşriyyatının direktorudur. Belə götürəndə, "Xalq Cəbhəsi" qəzeti bizim üçün tramplin rolunu oynadı. Hər bir tərəfə getdi, mən də Yazıçılar Birliyinə işə dəvət olundum. Ümumiyyətlə "Xalq Cəbhəsi" mənim yaddaşımda, xatirimdə həmişə izi olan bir press subyektdir. Mən o kollektivi indi də özümünkü sayıram. Azərbaycan Televiziyası və Radiosu və "Xalq Cəbhəsi" qəzeti mənim üçün doğmadır. Bu iki ünvanda sevdiyim insanlar çalışırlar. Onların kursu, ideyaları, dünyabaxışları ilə razıyam, onları bölüşürəm. Əgər belə olmasaydı, yəqin ki, orada çalışmazdım. Onu da deyim ki, "Xalq Cəbhəsi" öz adına rəğmən təkcə siyasi mətbuat olmadı. Bu gün də "Xalq Cəbhəsi" həm mədəniyyət, həm ədəbiyyat, həm tərcümə, həm də iqtisadiyyat qəzetidir. Qəzet özündə mətuata lazım olan nə varsa hamısını birləşdirə bilib. İndi də qəzeti izləyirəm, indi də maraqlı materiallar dərc olunur. Qəzet öz kursuna sadiqdir. Əgər bu gün "Xalq Cəbhəsi"nin alıcısı azalıbsa, bu ondan irəli gəlir ki, ümumiyyətlə çap mediasına maraq azalıb. Alıcının sayı azdırsa, bunun günahı "Xalq Cəbhəsi"ndə deyil, internetdədir, elə qəzetin öz saytındadır. Düşünürəm ki, təkcə qəzetin öz saytı "Xalq Cəbhəsi"nin satışına müəyyən dərəcədə mənfi təsir göstərir. Ümumiyyətlə indi insanlar daha çox internet üzərindən uğraşır, informasiyaları interdən götürürlər, yazıları da buradan oxuyurlar. Amma alıcı hələ oxucu demək deyil.

Qəzeti bir adam alıbsa, onun vasitəsilə on adam da oxuya bilər. Düşünürəm ki, "Xalq Cəbhəsi"nin alıcısı azalsa da oxucusu yenə də çoxdur. Qəzetin internet saytını nəzərə alaraq hətta bu qənaətə gəlirəm ki, "Xalq Cəbhəsi" bəlkə də əvvəlkindən daha çox oxunur. Bir məqamı da qeyd edim: Qəzet yarananda hamı deyirdi ki, bu, 6 aylıq proyektdir. 6 ay keçəndən sonra başladılar ki, yox bu, bir illik proyektdir. Belə-belə illər keçdi. İndi artıq heç kim "Xalq Cəbhəsi"nin dayanacağı haqqında düşünmür. Qəzet heç kim və heç nəyə baxmadan dayanmayıbsa, indidən sonra onun dayanmağa haqqı yoxdur. Arzu edirəm ki, nə qədər yaşayacağıqsa, bu qəzetin də davam etdiyini görək. "Xalq Cəbhəsi" bizim yol, əqidə yoldaşımız kimi bizimlə bir yerdə addımlasın. Oxucularını heç vaxt nigaran qoymasın. Bütün kollektivi, köhnə və təzə əməkdaşların hər birini təbrik edirəm, bu qəzet bizə çoxlu dostlar qazandırıb və bizim xoş xatirələrimizin böyük bir qismi "Xalq Cəbhəsi" ilə bağlıdır. "Xalq Cəbhəsi" bir qəzet olmaqla yanaşı həm də bir xatirə dəftəri kimidir. O dəftərdə mənim dostlarımın adı var, onların da dəftərində mənim adım var". Qulu Ağsəs "Xalq Cəbhəsi" qəzetində işlədiyi dövrdə başına gələn maraqlı hadisələrdən də danışdı: "Mən itdən bərk qorxanam. Bir dəfə qarlı günlərin birində, saat 6-da qəzetin sürücüsü məni aparıb evin yanında düşürdü. Evimizin qabağında isə bir it yatmışdı. Saat 9-a qədər, qonşu gəlib iti qovana qədər qapıda qaldım. Hə mobilə zəng edib evdəkilərə deyə bildim ki, qapını açın. Düşündüm ki, it var, evdəkilər də qorxacaqlar. Hə də itə bir şey edə bildim, dedim daş atsam üstümə cumacaq. O qarlı havada 3 saat qapının azğında qaldım. Mağazadan ayaqqabı silmək üçün əski almışdıq, onun üstündə rahatca uzanan it məni evə boşdamadı". Qulu Ağsəs tanınmış yazar Tofiq Abdinlə bağlı baş vermiş maraqlı bir hadisədən də söhbət açdı: "Tofiq Abdin dostumdur. Onun yazıları hər zaman yaxşı oxunub. Türkiyədən gələndən sonra da gözəl yazılar yazırdı, mən də onun Azərbaycan dilinə tərcüməçisi işləyirdim. Tofiq müəllimin riyaziyyat müəlliminə Allah qəni-qəni rəhmət eləsin, görünür ona heç saymağı da öyrətməyib. Tofiq müəllim bir dəfə "Xalq Cəbhəsi"nə bir yazı yazmışdı. Həmin yazıda qeyd etmişdi ki, bir balamın canı mən Rəsul Rzadan yazı yazanda nə onu, nə də Anarı tanıyırdım. Mən də nə bilim, Tofiq Abdinin iki uşağı var. Yazını oxudum, qoydum qəzetə, çıxdı getdi. Səhər zəng elədi ki, təkzib vermək lazımdır, "Xalq Cəbhəsi" qəzeti məni təhqir edib, mənim iki uşağım var. Dedim, mən nə bilim sənin iki uşağın var, yazını oxumuşam, düzəldib-vermişəm. Sonra "Ədalət" qəzetində yazdı ki, bəs "Xalq Cəbhəsi" yazımı səhv verib. Yazmışdı ki, qızım, oğlum məni öldürür. Mən də məcbur oldum, öz qəzetimizdə, tamam ayrı mövzuda yazdığım yazılardan birində vurğuladım ki, Tofiq müəllimin əslində iki övladı var.

Sonra mən Tofiq Abdinin kitabına ön söz yazanda bu faktı orada qeyd elədim. "Xalq Cəbhəsi" qəzetində maraqlı əhvalatlar çox olub, ancaq düşünürəm ki, bu ən maraqlısıdır. O mənada ki, bəlkə də dünya mətbuatında yeganə haldır ki, müəllif balasının sayına görə qəzetdən təkzib tələb edir. Halbuki onun balasının sayını biz, yox özü yazmışdı. Təbii ki, biz belə bir təkzib verəsi deyildik, ümumiyyətlə dünyada belə bir təkzib görünməyib".