İşdən çıxarılan “Kəpəz” TV-nin əməkdaşına son ayın maaşı ödənilmir. “Qafqazinfo”ya müraciət edən Sənan Bayramov bildirib ki, bu barədə ona dünən məlumat verilib və işdən çıxarılmasının səbəbi açıqlanmayıb.
Şikayətçinin sözlərinə görə, ötən ayın maaşını almaq üçün ondan könüllü ərizə yazmasını tələb ediblər: “Əlimdə 10 günə bitəcək bir iş var, onu da təhvil verməyimi tələb edirlər. Maaşımı girov kimi saxlayıblar, bütün bu dediklərini etməsəm, verməyəcəklərini bildiriblər. Yetərincə təcrübəm də var, bilirəm nə necə olmalıdır. 2006-cı ildən ATV-də işləyirəm. Daha sonra ATV kanalı region şəbəkəsinə qoşulandan sonra Kəpəz televiziyasında qrafik dizayner kimi işləməyə başladım. Müdirin yanına getmək istəyirəm ki, işdən çıxarılma səbəbimi öyrənim, ancaq müdir məni qəbul etmir”.
Sənan Bayramov bu ilin yay aylarında da televiziya tərəfindən haqsızlığa məruz qalıb. Belə ki, ona məzuniyyətə çıxdığı təqdirdə işdən çıxarılacağı bildirilib: “Ailəmi dolandırmaq məcburiyyətində olduğum üçün dişimi sıxıb razılaşdım. Yayda məzuniyyətə də çıxmadım”.
Sənan Bayramovun sözlərinə görə, bu yaxınlarda 4-5 nəfər işdən çıxarılsa da, onlarla hər hansı bir maaş problemi yaşanmayıb.
***
“Kəpəz” TV Sənən Bayramovun şikayətinə cavab verib. “Kəpəz” TV-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, Sənan televiziyada 1 may 2013-cü il tarixdən xidmət müqaviləsi əsasında çalışıb:
"1 noyabr 2015 –ci ildən isə Bayramov Sənan Rəsul oğluyla bağlanmış xidmət müqaviləsinə xitam verilib. Bayramov Sənan Rəsul oğluyla bağlanmış xidmət müqaviləsinə əsasən xidmət haqqı görülmüş işlərin aktına əsasən ödənilir və onun oktyabr ayı ərzində tapşırılan işi vaxtında yerinə yetirmədiyinə görə, xidmət haqqının ödənilməsində gecikmə var. Bayramov Sənan tapşırılan işi yerinə yetirdikdə görülmüş işlər haqqında akta əsasən onun xidmət haqqı ödəniləcək".
Son xəbərlər
Son Xəbərlər