Vəkil olmaq üçün əsas şərtlər

vekil-olmaq-ucun-esas-sertler
Oxunma sayı: 30661

Sual:
Salam. Bildiyimiz kimi, Vəkillər Kollegiyasına imtahan vermək üçün ali hüquq təhsili və 3 il hüquqşünas ixtisası üzrə əmək stajı lazımdır. Sualım budur ki, qiyabi şöbədə təhsil alarkən hüquqşünas kimi fəaliyyət göstərən şəxsin(rəsmi,əmək kitabçası ilə)əmək stajı vəkilliyə imtahan verərkən nəzərə alınır?

Cavab:
Qeyd etdiyiniz kimi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Kollegiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində (söhbət Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasından gedir) icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs həmin maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Həmin maddənin II hissəsinə əsasən ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş, qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər vəkil ola bilməzlər.
Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Qeyd olunmalıdır ki, Əmək Məcəlləsində belə bir ixtisas üzrə işləmək üçün ali təhsil haqqında sənədin mütləq qaydada tələb olunduğuna dair hər hansı imperativ norma yoxdur. Bu münasibət işəgötürənlə işçinin qarşılıqlı razılığı əsasında formalaşır. Belə olduğu təqdirdə işəgötürən öz riski ilə heç bir normaya zidd hərəkət etmir.

Odur ki, qiyabi şöbədə təhsil alarkən hüquqşünas kimi fəaliyyət göstərən şəxsin əmək kitabçasında qeyd edilən müddət əmək stajı hesab edilir.

Lakin, “ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə” ifadələri heç də birmənalı tətbiq olunmur və təcrübədə Vəkillər Kollegiyası tərəfindən ali təhsili bitirdikdən sonra şəxsin hüquqşünas ixtisası üzrə üç il stajının olması tələb olunur. Vəkil köməkçisi olmaq istəyən şəxslər üçün nəzərdə tutulan şərtlərdə də ali hüquq təhsili tələb edilir. Bu məsələ mübahisəyə açıq olsa da hüquq ixtisası üzrə ali təhsilin önəmli olduğu hər bir maddədə vurğulanır. Buna görə hesab edirik ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun məqsədləri üçün hüquqşünas ixtisası üzrə iş stajı ali təhsili başa vurub hüquqşünas ixtisası üzrə əmək fəaliyyətinə başlayan müddətdən hesablanır.
Hər bir halda qeyd olunan məsələ ilə bağlı rəsmi qaydada Vəkillər Kollegiyasına müraciət etməyiniz tövsiyyə olunur.

femida.az