Ötən əsrin 60-cı illərində Azərbaycanda bir fermerin qoyunlarını oğurlayıblar. Oğru qonşu olub. Fermer evdəkilərlə məşvərət edib ki, “qoyunların oğurlanması barədə heç kim heç nə bilməməlidir”. Ailə üzvləri ev sahibinin dediklərinə əməl edərək hulqumlarını bada verməyiblər. Beləliklə, bu sirr 2 ay gizli qalıb. Bu müddət ərzində oğru qonşu narahat qalaraq gecələri yata bilmirmiş: “Görəsən, qoyunları oğurlamağımı bilmirlər ki? Görəsən, izimə düşməyiblər ki?”. Və günlərin birində dözə bilməyib fermerin yanına gedərək deyib:
-Qonşu, qoyunlarının oğurlanmasının axırı necə oldu?
Fermer sevincək qışqırıb:
-Tapdım, qoyunlarımı sən oğurlamısan. Çünki, bu barədə heç kim heç nə bilmirdi.
İndi məsələni ona gətirirəm ki, bəzi məsələlərin şişməməsi üçün gizlilik məsələsinə əməl edilməlidir. Heç də həmişə hər şey şəffaf şəkildə ictimaiyyətə açıqlanmamalıdır. Bu, işin açılmasına birbaşa maneçilik törədir. Həmin məsələlərdə bəzi jurnalistlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Təcrübəli jurnalist bilir ki, verdiyi informasiyanın sonu nəyə gətirib çıxara bilər. Düzdür, deyilə bilər ki, informasiya vermək jurnalistin borcudur. Və burada ikinci məsələ ortaya çıxır ki, aidiyyatı qurumlar bəzi informasiyaları onlara çatdırmamalıdır.
Bunu xüsusilə güc nazirliklərində əyləşən bəzi səlahiyyətli şəxslər də yaxşı bilməlidir. Təsəvvür edin, 1638-ci ildə kardinal Rişelye Parisin Poçt İdarəsinə gələrək tapşırıq verir ki, “dövlətin təhlükəsizliyi üçün bütün məktublar gizli şəkildə oxunmalıdır. Dövlətə təhdid yaradan məsələlər barədə vaxtında məlumat alınmasa, sonra gec ola bilər”. Həmin tapşırıqdan sonra əməkdaşlar vacib sayılan məktubları hər gecə kardinala ötürürlər. Və maraqlıdır ki, bu barədə heç bir əməkdaşın dilindən sirr çıxmır. Belə də olmalıdır.
Yoxsa, bəzən görürsən ki, hansısa cinayət hadisəsi baş verir, əməliyyatçı bu barədə jurnalistə məlumat ötürür, hətta başvermə səbəbləri barədə öz ehtimallarını da irəli sürür. Bəzən cinayətdə şübhəli bilinən şəxsin fotorobotu da sərgilənir. Yaxud, polis şöbələrinin qarşısında “Axtarılır” qrifi alrında fotoları da verilir. Fotorobotlar istisna hallarda sərgilənə bilər. Tutaq ki, hansısa manyak evlərə daxil olaraq adamları öldürür, yaxud, digər hərəkətlərə yol verir. Belə fotorobotların verilməsi ilə sakinlər ehtiyatlı olur, hər tərəfə diqqətlə baxır, hər adama qapı açmırlar. Amma cinayətdə şübhəli bilinən şəxsə KİV vasitəsilə siqnal verilmir ki, “özünü qoru, axtarışdasan”. Bu lap ATƏT-in Minsk qurupu həmsədrlərinin cəbhəyanı bölgələrdə monitorinq keçirməsinə bənzəyir. Əvvəlıcədən elan olunur ki, monitorinq keçiriləcək. Bunu bilən düşmən tərəf əlbəttə ki, güllə atmayacaq.
Əvvəlcədən informasiya verilməsi ilə bağlı cinayətdə şübhəli bilinən şəxsdə “özünüqoruma” instintki işə düşür. Bu barədə Rusiya prezidenti Vladimir Putin xarici jurnalistlərə yaxşı dərs də keçmişdi. Söhbət Edvard Snoudendən gedirdi. Texniki mütəxəssis, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı 2013-cü ilin iyununda The Guardian və The Washington Post qəzetlərinə ABŞ-ın istər öz ölkəsinin vətəndaşları, istərsə də digər xarici ölkələrin səlahiyyətli şəxslərinin telefonlarına qulaq asmasına dair gizli informasiyalar ötürdü. O, 1,7 milyon məxfi faylı oğurlayıb adıçəkilən qəzetlərə verməklə ABŞ-ın təhlükəsizlik orqanlarının sirrini açdı, nəticədə barəsində axtarış elan edildi. Bu axtarışdan sonra Snouden əvvəlcə Honkonqa, sonra “Şeremyetova” aeroportunun tranzit zonasında 1 ay qalmaqla Rusiyaya keçdi. Vladimir Putin bu barədə xarici jurnalistlərə öz təcrübəsindən danışıb bildirdi ki, “təhlükəsizlik orqanlarının bir elementar iş qaydasına əməl etməməsi səbəbindən Snouden indi Rusiyadadır. Həmin elementar qayda ondan ibarətdir ki, cinayətdə şübhəli bilinəni hürkütmək olmaz, hər iş gizli aparılmalıdır. Snouden beynəlxalq axtarışa verilməklə hürkdü və qaçdı”.
Çox təəssüf ki, bəzən gizli qalmalı olan məsələlər hələ də ictimaiyyətə açıqlanır. Elə götürək Beynəlxalq Bankdan kredit götürüb qaytarmayan sahibkarları. Bu məsələ tamamilə gizli qaydada aparılmalı idi. Düzdür, bu qalmaqalın haradasa ictimaiyyətə açıqlanmasını başa düşmək olar. Yəni, dövlət belə məsələlərdə güzəşt etmir, milyonlar geri qaytarılmalı, bundan sonra bəzilərinə dərs olmalıdır. Anlayıram. Amma məsələnin gözlənilən tərəfləri tez üzə çıxdı. Mərkəzi Bankın rəsmi məlumatına görə may ayı ərzində əhali banklardan külli miqdarda - 116 milyon manatdan artıq əmanət çıxarıb. Bu məbləğ aprel ayı ərzində 64 milyon manat olub. Əhalinin banklara inamının azalmasının səbəblərindən biri də Beynəlxalq Bankla bağlı hadisədir. Əmanətçilər düşündü ki, deməli, onların banklara qoyduğu pul sahibkarlara kredit formasında verilir. Onlar da bu krediti qaytarmır. İş o yerə çatıb ki, həmin kreditlərin qaytarılması üçün işə qanun çərçivəsində müdaxilə edilib. Amma işlər gizli aparılsaydı, bu barədə əmanətçilərdə etibarsızlıq yaranmazdı.
Deməli, adi həyatda olduğu kimi aidiyyatı qurumlar arasında da “hulqum” məsələsinə ciddi əməl edilməlidir. Heç də hər şey ictimaiyyətə açıqlanmamalıdır. Xüsusən, güc nazirliklərinə aid olan məsələlər.