Səhər-səhər qanım əməlli başlı qaralırdı az qala. Yox, tam qaralmamışdı, qaralmaq üzrə idi. Allahdan, özümdə güc tapdım, bədbinliyə qapılmadım və nəticədə nəyinki qanım qaralmadı, tam əksi baş verdi. Bir də gördüm ki, öz-özümə gülümsəyirəm.
Sizin də əhval ruhiyyənizin şən olması, “gülümsəyənlərə qoşulmağınız” üçün düşündüm ki, nələr yaşadığımı bölüşüm sizinlə.
Televiziya aparıcılarının sevimli cümlələri ilə desək, “2025-ci ili arxada qoyub, 2026-cı ilə doğru mətin addımlarla addımladığımız bu günlərdə” hamımız istər-istəməz gələn illə bağlı planlar qurub, arzulara qərq oluruq. Mənim 2026-cı illə bağlı ən böyük arzum “Zəngəzur dəhlizindən” keçərək elimə, Ordubada getməkdir (Lap olsun, “Tramp yolu”. Ad bu dəqiqə arzunun mahiyyətinə çox da xələl gətirmir). Üstəgəl, ən azı iki dəfə getməyi arzulayıram, birində avtomobillə, digərində isə qatarla. Mən o yoldan bir neçə dəfə istifadə etmişəm axı. Uşaqlığımın ən gözəl xatirələrindən biri kimi, illərdir beynimin lentini “dala-qabağa” edib, dönə-dönə baxıram o günlərə. Təkərlərin rels birləşmələrinə dəyib çıxardığı o yeknəsəq səslər, qatarın fiti, ətrafda bir-birini əvəz edən əsrarəngiz mənzərələr. Bəzənsə bir anda qaranlığa qərq olma ilə müşahidə olunan tunellərdən keçmələr...
Hə bax, gəldik indi əsas məqama-tunellərə. Mənim səhər-səhər əhvalımın bir anda təlx olma səbəbi də elə məhz bu tunel söhbəti idi. Çünki mən 2026-ci ildə öz doğma elimə qatarla getmə arzumun reallaşmama ehtimalını bircə səbəbdən düşünürəm-tunellərə görə işlər yubana bilər. Uşaqlıqdan o tunellərin hər iki tərəfdən partlayıcı maddələrlə doldurulması haqda o qədər eşitmişəm ki, deyirdim bəlkə dünyanın ən çətin işidir, o tunellərin yenidən açılması, tikintisi.
Bu səhər də, tərs kimi qarşıma haradansa Slovakiyada açılan bir tunellə bağlı xəbər çıxdı. Xəbərdən belə aydın olurdu ki, Slovakların Baş naziri Robert Fitso “Vişneve” yeraltı tunelinin açılışında əməlli-başlı kövrəlib, üzünü öz xalqına tutub deyib ki, “Bu gün gülümsəyənlərə qoşuluram, çünki “Vişneve” tuneli slovakların həyatını yaxşılaşdıracaq” (İndi bildinizmi, yuxarıda “gülümsəyənlərə qoşulmaq” ifadəsini niyə dırnaq içində yazmışam? Yəni, ifadə Cənab Fitsoya məxsusdur, mənim deyil). Buraya qədər hər şey əla idi, qan qaraldacaq nəsə yox idi, di gəl xəbərin davamında qeyd edilirdi ki: “Tunelin tikintisi 1990-cı illərin sonlarında başlanıb, çoxsaylı fasilələr və gecikmələrlə 27 ildən çox davam edib”. Yəni, 35 ilin 8 ilini fasilə edib, 27 ilini çalışıb-vuruşub 7,5 kilometr uzunluğu olan yeraltı tunel qazıblar.
Vay dədə vay... 1990-cı il! Bu mənim təqribən sonuncu dəfə qatarla Bakıya gəldiyim tarixdir. Bu tarix üçün “onda hələ”- ilə başlayan minlərlə cümlə qurmaq olar. Üstəgəl tikinti işləri Avropanın göbəyində, ən müasir texnikalarla aparılıb. İş masamın o başından kalkulyatoru götürüb, yanıma da “A4” ölçülü bir kağız qoyub başladım hesablamalar eləməyə. “Avropa nəticəsi”ni bizə inteqrasiya elədim, kayfisentlər yaratdım, düsturlar qurdum. Gördüm yox e, alınmır. Qatarla Ordubada gedəcəyim real tarix, “Avropanın tunelaçma sürəti ilə” minimum 27-35 il arası göstərir. Fikirləşdim ki, bu gedişlə mənim arzuma çatmağım üçün yeddibaşlı əjdahalar lazımdır, ağzından alovlar buraxıb dağları əritsin. Əşşi, hanı e? Məşhur filmdə deyildiyi kimi, hətta o əjdaha olsa da, xaricdə olar. “Bizdə o əjdahadan yoxdur...”
Bir an düşündüm yəqin düz hesablamıram. Dərhal kompüter yandırdım, fikrim o idi ki, “Excel”də cədvəllər filan qurum, görüm bir şey alınırmı. Kompüter açılar-açılmaz yadıma düşdü ki, “o əjdahadan” olmasa da, o tuneldən bizdə də var axı. Bəli-bəli! İşğaldan azad olunan torpaqlarda aparılan “yeraltı quruculuq işləri”, ən son Şuşaya gedərkən haqqında eşitdiyim, gördüyüm tunellər. O cümlədən də ən böyüyü olan “Murovdağ tuneli”ni yada saldım. “Excel”in, kalkulyatorun başını buraxdım bir kənara, başladım axtarış eləməyə. İnternetdə tapdığım məlumatları oxuduqca, ağlıma bir şey gəldi: “Deyəsən o əjdaha elə bizdəymiş!”. Əgər niyə belə düşündüyümü bilmək istəyirsizsə, buyurun, yaxın oturun!
“İşğaldan azad edilmiş ərazilərdə bu günə qədər avtomobil yolları üzrə 37 tunelin tikintisi başa çatıb ki, bu tunellərin də toplam uzunluğu 66,9 kilometrdir. Yuvarlaq deyək, 70 kilometr. Neçə ilə? Bəli-bəli, cəmi 4 ilə. Hazırda 10 tunel üzrə cəmi uzunluğu 4 kilometr olan tunellərdə iş gedir, bu gün sabaha onlar da hazır olacaq, 27 ilə qalası deyillər, əmin olun. Cəmləsək, 4 il ərzində 75 kilometrə yaxın yeraltı tunel qazılıb.
Mənim slovak qardaşlarla, Slovakiya ilə heç bir dərdim yoxdur, əksinə, o ölkəyə simpatiyam var. Dünya çempionatında onların millisinə xeyli azarkeş etmişliyim var, bunu da deyim, biləsiz ki, qərəzli deyiləm. Amma eləcə riyaziyyat naminə rəqəmləri bir də yazıram.
Avropanın göbəyində - 7,5 kilometr. Başlanıb 1990-cı ildə, 27 il üstündə iş gedib.
Azərbaycanda, balaca bir ölkədə - 75 kilometr. Başlanıb 2021-ci ildə. 4 ilə bitib.
75 rəqəmi 7,5 dən 10 dəfə çoxdur. O zaman buradan belə çıxır ki, tənasüb quraraq kvadrat tənlik yaratsaq, hiperbolanın qrafikinə əsasən... Yox e, yox, riyaziyyatlıq iş deyil. Nə isə başqa elmdi bu. Məsələn, adam istəyir uca bir yerə çıxıb, sayın Ərdoğan kimi “ Eyyyy Avropa...” qışqırsın, arxasınca da bir neçə müvafiq cümlə işlətsin. Amma ki, olmaz. Avropa da dostumuzdu axı, inciyər, yaxşı çıxmaz.
Qayıdaq mənim arzuma. Burda riyaziyyat yaxşı işləyər. Zəngəzur dəhlizinin indiki Ermənistandan keçən hissəsi 32 kilometr olaraq bilinir. Lap deyək ki, ermənilər adətləri üzrə cığallıq edib, dəhlizi dartıb uzatdılar, 42 kilometr elədilər. Bunun da uzağı 3-4 kilometri tunel ola, ya olmaya. “Azərbaycan tunelqazma təcrübəsi”ni rəhbər tutaraq hesab-kitab eləsək, nəinki 2026-cı ilin axırlarında, hətta bu hesabla bir-iki aya mən öz arzuma çata bilərəm. Bircə şərtlə ki, işi Avropa şirkətlərinə etibar eləməyək.
Nə isə ki, vəziyyət yaxşı görünür. Durum gedim, maşının çənini yanacaqla doldurum. Bilmək olmaz..
Çingiz Özgür