AccessBank üç gündə ödədiyi kompensasiyanın məbləğini açıqladı

accessbank-uc-gunde-odediyi-kompensasiyanin-meblegini-aciqladi
Oxunma sayı: 1179

AccessBank "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" prezident İlham Əliyev tərəfindən imzalanan fərmanın icrası ilə əlaqədar aprel ayının 22-dən etibarən kompensasiyaların ödənilməsinə başlayıb.

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, 22-24 aprel tarixlərində bankın 28 filialı tərəfindən 3000 min nəfərdən çox müştəriyə 1 mln. manatadək məbləğdə ödəniş həyata keçirilib.

Qeyd edək ki, ilkin mərhələdə ödənişlər kompensasiya məbləği 500 manatadək olan müştərilərə verilir. Müştərilərin üzləşə biləcəyi vaxt itkisinin qarşısının alınması üçün öncədən SMS vasitəsilə məlumatlandırılır. SMS-də müştərinin yaxınlaşacağı filialın adı və tarix qeyd olunur.

Məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçiriləcək.

AccessBank bu prosesin tam şəffaf və operativ qaydada həyata keçirilməsi üçün kadr və texniki resurslarını səfərbər edib. Onu da əlavə edək ki, proses Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyələrinə əsasən AccessBank-da yaradılmış müvafiq İşçi qrupunun nəzarəti ilə həyata keçirilir. Müştərilərimiz onları maraqlandıran istənilən sualı bankın bütün filiallarına təhkim olunmuş məsul şəxslərə və ya 151 Zəng Mərkəzinə ünvanlaya bilərlər.