Alim olmağa nə var ki, Ramiz müəllim?!

alim-olmaga-ne-var-ki-ramiz-muellim
Oxunma sayı: 5047

Nərmin Dadaşova

Azərbaycanlı alim, ictimai-siyasi xadim, okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Doktorluq Dissertasiyası Şurasının sədri, Xəzər dənizi Tədqiqatları üzrə Əlaqələndirmə Şurasının sədri, Coğrafiya Elminin Fundamental Problemləri üzrə Beynəlxalq Elmi Şuranın, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı nəzdində yaradılmış Təmiz su beynəlxalq mərkəzin direktorlar şurasının üzvü, Konsultativ Şurasının prezidenti, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin sədri, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri , AMEA Coğrafiya institunun direktoru  Ramiz Məmmədov ömründə heç vaxt olmadığı qədər gündəmdədir bu aralar. 

Çoxtitullu müəllim ömrünün ahıl çağında təəssüf ki, hansısa araşdırması yaxud da fövqəltəbii tapıntısı ilə yox, vəzifəsini yerinə yetirməkdə olan bir jurnalist   həmkarımıza  “küçük” (üz istəyirəm) deməklə özünü dilə-dişə salıb. Bunca titulu yadında saxlayan adamın Jurnalistikanın dördüncü hakimiyyət olduğunu, ölkə rəhbərinin çıxışlarından birində jurnalistlər haqqında “Onlar mənim dostumdur” deməsini, əli yananın, başı dərddə olanın, ürəyi sözlə dolanın, hər şeydən əlini üzəndə dərdini-sərini götürüb üstünə qaçdığı adamların məhz jurnalistlər olduğunu unutması olduqca təbii haldır. Üstəlik ortada yaş faktoru da var.

Daha sonra başqa bir jurnalist həmkarımız ortamı yumşaltmaq, məsələyə aydınlıq gətirmək məqsədi ilə təkcə son 10 ildə 30-a qədər ölkədə keçirilmiş beynəlxalq simpozium, konfrans, seminar və toplantıların iştirakçısı olmuş akademikdən müsahibə almaq üçün onunla əlaqə saxlayır. Alimimiz qaş düzəltməli olduğu yerdə vurub gözü də çıxardır. Deyir ki, dediyi sözün arxasında durur. Hətta yeni əlavələr də edir. İddia edir ki, Azərbaycanda bir dənə də olsun savadlı jurnalist yoxdur. Heyhat, Uca Şirvin! Xalxın coğrafiyaçıları Hind okeanı tapır, Amazon çayını kəşf edir, Mozambikə gedir, dünya səyahətinə çıxıb Atlantik okeanını keçəndən sonra Cənubi Amerika sahilləri boyu üzüb qərbə gedən boğazı axtarır, tapır da. 

Bizimkilər də titul artırır, nə bilim, məqalə yazır, vəzifə arxasınca qaçır. Sonra da gecəsini gündüzünə qatıb araşdırma edən, yazan-pozan, kitab oxuyan, xalq üçün ağlaya-ağlaya kor olan başqa peşə sahiblərini bəyənmirlər. Akademikin jurnalistə küçük dediyi cəmiyyətdə biz də bir həftədir avtobusda yer üstündə bir-birini sürüyən iki sıravi vətəndaşı müzakirə edirik, ay camaat. 

Hörmətli akademik! (heç bir yerdə rast gəlmədiyim üçün adınızı unuduram, üzrlü sayın), siz,  ilk dəfə Xəzər dənizinin açıq hissəsində geniş miqyasda dəniz turbulentliyinin statistik və spektral xarakteristikalarını öyrənmiş insansınız. Sizə yaraşarmı, müsahibə verdiyiniz dünya gözəli bir xanıma “davay” deyib sağollaşmaq? Bilmədiyiniz işlərə girişmək, rəy vermək, qərar vermək? Əlbəttə ki, Azərbaycanda kifayət qədər savadlı jurnalist var. O jurnalistlər ki, ölkəyə sizdən və sizin kimi uzun titulları olan alimlərdən daha çox xeyir veriblər. Gecələrini gündüzlərinə qatıblar, təhlükəli yerlərdən canları bahasına başa gələn reportajlar hazırlayıblar, yağışda, küləkdə, qarda qapı-qapı düşüb rəy öyrəniblər, marifləndirməyə çalışıblar, təhlükə, SOS xəbərdarlıqları ediblər. Siz həqiqətənmi onlardan heç birini tanımırsız?  Bu ki bizim günahımız deyil!

Yazını yaza-yaza ağlıma bir atalar sözü gəldi. Üzümü dörd yaşlı qızıma tutub soruşdum.

Dedim: ”Quzum, səncə dama-dama göl olar?”.

Dedi: “Olmaz, Nərmin. Olsa da gec olar”.

Dialoqumuzdan xoşhal olub, başqasını da soruşdum.

Dedim bəs, “Adam olmaq çətindir, ya alim?”.

Dedi: “Bunu bilmədim, dama-damanı bir də soruş.”

Necə də ağıllı uşaqdır, deyilmi?