ANS-in “sezon finalı”…

ans-in-sezon-finali
Oxunma sayı: 3795

Raminə Eyvazqızı

Dünən ATV telekanalında təsadüfən Azər Axşamın verilişindən bir məqama baxdım. Deməli, fonoqramla İbrahim Borçalı oxuyurdu, Azər Axşam dilxor idi, müğənninin ifasından heç nə anlamırdı, verilişin studiyadıkı tanımadığım qonaqları isə Borçalıya baxıb onun kinayəli qeybətini edirdi, məzhəkə çox aydın sezilirdi.

Bəs İbrahimin 3-lük ifasına kim bənd idi ki, tamaşaçıya bu qədər zülm verilirdi? Müğənni ekranı “zanit” etmək üçün nə qədər ödəmişdi? Sözsüz, pul ödəmişdi. İndi pul ödəməyənin kölgəsi də TV ekranında görünməz. ATV-nin bir Azəri burada gülməli duruma düşür, o biri Azəri (“Yoxlama”) də pirat layihəsi ilə özgə mətbəxində aktyorluq edir, camaata səmimiyyət dərsi keçir.

Əvvəl dürüstlüyünüzü yoxlayın, cənablar. Bizim TV-lər hələ o həddə çatmayıb ki, tamaşaçının sağlamlığının qeydinə qalsın. Canımızın dərdini çəksəydi, kiminsə mətbəxinin qab-qaşığının kirini yox, yediyimiz, içdiyimizi analiz edərdi. Bu oyunlarla tamaşaçı başına torba keçirmək olmaz, kişilər. Cəsarət mikrofonun səsini lazım olanda artırıb-azaltmaqla sərgilənməz. Deyilənə görə, mətbəx tarakanı da insana toxunursa, mütləq özünü suyla durulayır.

Bizim kanallar Rusiya, Türkiyə kanallarına ona görə çata bilməzlər ki, hələ də radio ilə TV-nin funksiyalarını və fərqini mənimsəməyiblər. Radionun qulağa, TV-nin isə qulaqdan başqa gözə qulluq etdiyini bilməyənlər var. Audiovizual jurnalistika dordbucaqlı ekrana hegemonluq etməklə bitmir. Tamaşaçı başını boşboğaz qonaqlarla, ciy-ciy səsli müğnnilərlə nə vaxta qədər qatacaq axı? Radioda hay-küy, TV-də hay-küy... Səs çıxaran “muğənnilər”i işə salan TV-lərin məqsədi qulağı kar etməkdirsə, bilsinlər ki bu vəzifənin öhdəsindən əla gəlirlər.

***

Bir neçə gündür, başqa bir TV kanalın bildiyimiz alaqaranlıq dünyasından xəbərlər yayılır. ANS kimi xəbəryüklü televiziyanın hörmətli jurnalistləri “sezon finalı” edirlər. Bir-birinin ardınca vəzifədən ayrılanlara kanal rəhbərliyi maraqlı şərhlər verir. “Hamısı qudurub, heç kəs müxbir olmaq istəmir, hamı aparıcı olmaq istəyir....”.

Səriştəli şəxs işçiləri haqqında belə deyibsə, bu yalnız təəssüf doğura bilər. Qudurmaq heyvana məxsusdur, quduzlaşanda atın, itin qarşısını ala bilməzsən. Quduran dağıdıcı olar, ətrafa zərər verər. Bəli, bu kəlmə leksikonumuzda həddini aşanlar üçün də işlənir. Amma jurnalist qudura bilməz, yalnız əməyi zay ediləndə, sayılmayanda dözə bilməz, səslənər. O qədər bezər ki, çörəyini yediyi yer üçün “başında üçcə dənə tükdən başqa heç nəyi olmayanların hikkəsindən yoruldum “ deyər.

ANS-in ağır iş səraiti, pozulan əmək haqlarından azdan-çoxdan xəbərimiz var. Kimsə də o “məktəb”də zorla oxudulmur. Bəyənməyən işindən də çıxa bilər. Amma pis olanı odur ki, yalnız bizim teleməkanda telejurnalistlər işdən ya küsməklə, ya da dava-dalaşla ayrılırlar. Dünya təcrübəsində jurnalist əsasən maaş qane etməyəndə işini dəyişir, başqa təklifi dəyərləndirir. Mentallaşmış jurnalistikamızda yaşı bir az irəliləyən yerinə qaxılıb cümlə düzəltməklə kifayətlənir.

Dünyaya baxın bir, 70-80 yaşda müxbirlik edən jurnalistlər var. Telekanallarımızsa, özləri üçün elə eqoist dunya qurublar ki, bir-birinin probleminə sevinməklə qalmır, daşlama mərhələsindədir. Bu sadəcə böyük tərbiyəsizlikdir, bəlkə də elə qudurğanlığın yekəsidir. Özünə sərf edən xəbərlərlə xəbərçilik də olmaz, mehribançılıq da. İş o yerə çatıb ki, TV jurnalistika xalq qeydinə qalmaq əvəzinə, xalq TV jurnalistikanın gününə ağlayır. Yerli TV-ləri aylarla arzulamayan nəsil yetişir. Bu bizim haramıza yaraşır? Amma yaraşdırıblar!