Azərbaycan-Çexiya biznes forumu keçirilib

azerbaycan-cexiya-biznes-forumu-kecirilib
Oxunma sayı: 864

Mayın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 57% artaraq 1 milyard ABŞ dollarını ötüb. Çex şirkətləri Azərbaycanda ümumi dəyəri 2,8 mlrd. dollardan çox olan dövlət layihələrində podratçı kimi də iştirak ediblər.

Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar barədə məlumat verən nazir müavini Rüfət Məmmədov vurğulayıb ki, Cənubi Qafqazın ÜDM-nin 60%-dən çoxu Azərbaycanın payına düşür.

Sonra İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov və Çexiya Sənayeçilər İttifaqının prezidenti Yaroslav Qanak müvafiq olaraq Azərbaycan və Çexiyanın biznes və investisiya imkanlarına, Çexiyanın Ticarət-Sənaye Palatasının MDB ölkələri üzrə rəhbəri Frantişek Masopust Azərbaycan şirkətləri ilə əməkdaşlıq potensialına, Çexiya Sənayeçilər İttifaqının meneceri Tomaş Qodaç isə çex sənaye şirkətlərinin fəaliyyət istiqamətlərinə dair təqdimatlarla çıxış ediblər.