Azərbaycan Cüdo Federasiyası yeniyetmə idmançı ilə bağlı bəyanat yaydı

azerbaycan-cudo-federasiyasi-yeniyetme-idmanci-ile-bagli-beyanat-yaydi
Oxunma sayı: 1687

Azərbaycan Cüdo Federasiyası (ACF) Mehdi Cəfərov adlı yeniyetmə idmançının yarışlara buraxılmaması ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib.  “Qafqazinfo”nun məlumatına görə, federasiya bəyanat yayaraq iddiaları təkzib edib. 

 Azərbaycan Cüdo Federasiyası olaraq bildiririk ki, 24-26 aprel 2019-cu il tarixlərində keçirilən 2005-2006-cı il təvəllüdlü 15 yaşadək yeniyetmələrin Azərbaycan birinciliyi Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilir. 

Əsasnamənin tələblərinə görə bu yarışa paytaxt Bakıda, Sumqayıt şəhərində və Naxçıvan MR daxil olmaqla Respublikanın bütün bölgələrini əhatə edən regionalarda keçirilmiş seçim xarakterli birinciliklərdə müvafiq olaraq ilk 12, 8, (Gəncə 6) və 2 yeri tutmuş idmançılar buraxılır. Yazıda adı çəkilən cüdoçu Cəfərov Mehdi Mübariz oğlu cari ilin 07-10 mart tarixlərində keçirilmiş Bakı birinciliyində kvota sayılan 12-liyə daxil olmadığına görə Azərbaycan birinciliyində iştirak hüququ qazanmayıb.

Mehdi kimi yüzlərlə digər cüdoçular da paytaxt və digər regional seçim yarışlarında uğursuz çıxış edərək Azərbaycan birinciliyində iştirak etmək üçün lisenziya qazana bilməyiblər və hamı bunu anlayışla qəbul edib, qabardıb problemə çevirməyib. Mehdinin atası Mubariz Cəfərov da cüdoçu olub və hazırda məşqçi işləyir, bu qaydaları da gözəl bilir. Yarışdan qabaq da, sonra da onunla bu barədə dəfələrlə söhbətlər olub və o bu qaydanın hamı üçün tədbiq olunacağı, heçkimə heçnəyə görə güzəşt olunmayacağı təqdirdə heçbir narazılığının qalmayacağını bildirib.

Mehdi kimi Respublika birinciliyinə vəsiqə qazana bilməmiş yüzlərlə cüdoçular üçün Federasiya tərəfindən daim motivasiyaedici tədbirlər görülür, onların yarış təcrübələrinin və idman ustalıqlarının artırılması məqsədi ilə il boyu müntəzəm olaraq Respublikanın əlamətdar tarixi günlərinə və bayramlara həsr olunmuş müxtəlif klubların, idman məktəblərinin və cəmiyyətlərin birincilikləri keçirilir.

Bu Azərbaycan birinciliyində də Respublikanın paytaxt və regionlarından 67 komanda tərkibində bugünkü gündə 446 kiçik yaşlı yeniyetmə (U-15) iştirak edir. 

Federasiyada yaradılan daimi fəaliyyət göstərən komissiyada Azərbaycanın Sahib İsmayılov, Ağayar Axundzadə, Hacıağa Hacıəhmədov, Tərlan Poladlı, Ruzbeh Vəliyev və digər tanınmış cüdo xadimləri yer alıb və qəbul olunan bütün qərarlar, təşkilati məsələlər bu komissiyada müzakirə olunduqdan sonra həyata keçirilir. Hətda yarışdan 20 gün əvvəl istisna hal kimi 1 yaş kiçik 2007-ci il təvəllüdlü uşaqların da Azərbaycan birinciliyində iştirak etməsinə icazə verilməsi məsələsi bir-neçə dəfə müzakirə olundu, ama son olaraq adlarını çəkdiyimiz mütəxəssislərin səs çoxluğu ilə bu təşəbbüs gerçəkləşmədi. Bununla da müvafiq fiziki və texniki hazırlıq səviyyəsinə malik olmayan azyaşlı uşaqları özlərindən üstün yeniyetmələrlə yarışma zamanı ala biləcəkləri qaçılmaz travmalardan qorumuş olduq. Bu yaxınlarda Sumqayıt şəhərində məşq vaxtı boynu üstə yıxılaraq ağır zədə almış və yataq xəstəsi olmuş azyaşlı cüdoçunun hadisəsindən sonra belə məsələlərdə daha həssas və diqqətliyik. Azərbaycan Cüdo Federasiyası bu idmançının əməliyyat, müalicə və qulluq məsələlərini qarşılayıb və bu günə qədər nəzarətdə saxlayır.

Bir daha bəyan edirik ki, yeniyetmə cüdoçu Mehdi Cəfərovun babası Zakir Hüseynovun səsləndirdiyi fikirlər və apardığı müqayisələrin heç bir məntiqi əsası yoxdur. Azərbaycan Cüdo Federasiyası işini qüvvədə olan mövcud beynəlxalq qaydalar üzərində qurur və bundan sonra da belə olacaq.

Balaca Mehdiyə isə daha çox məşq edərək gələcək yarışlara həvəslə hazırlaşmağı tövsiyyə edirik. Mehdi kimi bütün yeniyetmə cüdoçuların gələcəyinə inanır və onlara iştirak haqqı qazandığı yarışlarda uğurlar arzu edirik.

Qeyd edək ki, Mehdi Cəfərovun ACF tərəfindən təşkil olunan yarışlara buraxılmadığı, uğur qazandığı halda ona məşq etmək üçün şərait yaradılmadığına dair məlumatlar yayılıb. Həmçinin onun babası bu barədə açıqlama vermişdi.