Azərbaycan Universitetində “İrs” jurnalının təqdimatı keçirilib

azerbaycan-universitetinde-irs-jurnalinin-teqdimati-kecirilib
Oxunma sayı: 1992

Azərbaycan Universitetində “İrs” Beynəlxalq Azərbaycan Jurnalının və “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə çap olunan kitabların təqdimatı keçirilib. Tədbirdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva, “İrs” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Musa Mərcanlı, “Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov, universitetin professor-müəllim heyəti iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, universitetin rektoru Səadət Əliyeva xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, milli-mədəni irs nümunələrinin təbliğində və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında “İrs” jurnalı və “Paşa Həyat Sığorta” ASC-nin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb.

“İrs” və “Azerbaijan Airlines” jurnallarının baş redaktoru Musa Mərcanlı Azərbaycan tarixinin və mədəniyyətinin beynəlxalq miqyasda təbliğ olunmasının əhəmiyyətindən danışıb. “İrs” jurnalının fəaliyyəti haqqında məlumat verən baş redaktor qeyd edib ki, 16 dildə və 70 ölkədə yayılan jurnalın ümumi tirajı 100 min nüsxə təşkil edir. Musa Mərcanlı jurnalda yer alan yazıların kitab şəklinə salınmasında “Paşa Həyat Sığorta”nın böyük dəstəyini gördüklərini ifadə edib.

"Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov Azərbaycanın tarixi-mədəni irsinin beynəlxalq səviyyədə geniş auditoriyaya tanıdılmasında həyata keçirilən layihələrə böyük qürur hissi ilə dəstək olduqlarını bildirib. Bu missiya ilə çap olunan 10-a yaxın kitab haqqında məlumat verən qonaq “Qarabağ-əsrlərin salnaməsi” kitabının informasiya müharibəsində əldə etdiyimiz qələbələrdən biri olduğunu bildirib.

Sonda “İrs” Beynəlxalq Azərbaycan Jurnalının 100-ə yaxın nömrəsi və 9 adda 260 nüsxə kitab Azərbaycan Universitetinin elmi kitabxanasına hədiyyə olunub.