Azərbaycanın Brüssel sammitindən əsas gözləntisi açıqlandı

Azərbaycanın Brüssel sammitindən əsas gözləntisi açıqlandı
Oxunma sayı: 895

“Azərbaycan üçün hazırda əsas vacib məsələ noyabrda Brüsseldə keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitinin Bəyannaməsidir. Çünki 3 il əvvəl Riqada qəbul olunmuş Bəyannamədə Azərbaycanın mövqeyi nəzərə alınmamışdı, ikili standartlı münasibət var idi”. 

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan XİN rəhbərinin müavini Mahmud Məmmədquliyev bildirib.

M. Məmmədquliyev deyib ki, Riqa sammitində Ukrayna, Moldova və Gürcüstandakı münaqişələrin bu ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə olunub: 

“Amma Azərbaycana gəlincə, qeyd etmişdilər ki, ATƏT-in Minsk Qrupu var, danışıqları aparır, hansı qərar qəbul edilsə, dəstəkləyəcəyik. Biz iradımızı bildirmişdik ki, Azərbaycan razılığını verməyəcək, konsensus olmadığı üçün Bəyannamə də qəbul olunmayacaq. Sonra yüksək səviyyədə danışıqlar oldu, mövqeyimizi bildirdikdən sonra konsensusa nail olundu. Ona görə də biz istəyirik ki, bu məqam bir daha təkrar olunmasın”.

Xarici işlər nazirinin müavini qeyd edib ki, bu gün Avropa İttifaqının yeni qlobal strategiyası qəbul olunub: 

“Həmin strategiyada bildirilir ki, Avropa İttifaqı bütün tərəfdaşların, o cümlədən Azərbaycanın, Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir”.

M. Məmmədquliyev qeyd edib ki, Bəyannamənin hazırkı layihəsində bütün münaqişələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin dəstəkləndiyi əksini tapıb: 

“Hazırda hər ölkə, o cümlədən Azərbaycan təkliflərini verir. Görək, necə olacaq”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi