Azərbaycanlı 1 milyon tapıb sahibinə qaytardı - Fotolar

azerbaycanli-1-milyon-tapib-sahibine-qaytardi
Oxunma sayı: 6821

Rusiyada yaşayan 28 yaşlı azərbaycanlı Şamxal Gözəlov davranışı ilə İrkutsk əhalisinin qəlbini fəth edib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, dostu ilə banka gedən Şamxal müştərilərdən birinin avtomobilinə minərkən bağlamanı saldığını görüb. Dərhal paketə yaxınlaşıb onu açan Gözəlov orada minlik və beşminliklərdən ibarət 1 milyon rubl pul görüb. Pulunu itirdiyindən xəbərsiz olan müştəri avtomobili ilə yoluna davam edib. Azərbaycanlı gənc isə dərhal maşınına əyləşərək onu təqib etməyə başlayıb:

“Pulu görən kimi dostumun ilk işi əlinə telefon alıb şəklini çəkmək oldu. Çünki heç vaxt bu qədər pulu bir yerdə görməmişdik. Avtomobilin markasını xatırlamaq çətin olmadı. Dərhal arxasınca düşdüm. Maşının işıqlarını yandırırdım ki, saxlasın. Sürəti də artırdım. Ancaq pulun sahibi pulunu oğurlamaq istədiyimizi düşünüb avtomobilinin sürətini artırdı. Pəncərədən pul bağlamasını göstərib “Dostum, pulunu düşürmüsən” dedim. Sifəti qəfil dəyişdi və maşını saxladı”.

Şokdan ayılan pul sahibi Şamxala təşəkkür edərək bağlamadakı puldan ona vermək istəyib. Ancaq Şamxal bu pulu qəbul etməyib:

“Dərhal imtina etdim. Belə olan halda isə məni zorla maşınına əyləşdirərək mağazaya apardı və mənə 15 min rubla konyak aldı. Telefon nömrələrimizi götürmədik. Maşını bahalı idi, ancaq onun xahişi ilə markasını deməyəcəm. Yəqin ki, iş adamıdır”.

Rusiyada bazarda meyvə satan Şamxal pulu özünə götürməməsinin səbəbini belə izah edib: “Uşaqlıqdan valideynlərim mənə başqasının pulunu götürməməyi öyrədib. Çox gözəl başa düşürəm ki, hər şey bumeranqdır. Pula ehtiyacım yoxdur, o pulla mən zəngin və xoşbəxt olmayacaqdım”.

Qeyd edək ki, sosial şəbəkələrdə Şamxal bu davranışına görə alqışlanıb.