Azərbaycanlı gənc Almaniyada təqdimat etdi

azerbaycanli-genc-almaniyada-teqdimat-etdi
Oxunma sayı: 2562

Azərbaycanlı gənc Tofiq Nemətzadə Avropanın 4 nüfuzlu ali məktəbində (Böyük Britaniyanın Edinburq və Southampton, Hollandiyanın Twente universitetləri və Almaniyanın Karlsruhe Texnologiya İnstitutu) oxumaq imkanı qazanıb.

“Qafqazinfo” xəbər verir ki, o Almaniyanın Karlsruhe Texnologiya İnstitutunu seçib. 

O, Almaniyada 45 günlük hazırlıq keçdikdən sonra, 4 fənn üzrə (riyaziyyat, fizika, kimya və ingilis dili) imtahanlarını müvəffəqiyyətlə verərək, sözügedən institutun mexanika mühəndisliyi fakultəsinin bakalavr pilləsini qazanıb.  KİT 2019-cu ilin reytinqinə görə (World University Rankings) dünya universitetləri arasında 116-cı, Avropa universitetləri arasında isə 38-ci yeri tutur. Məzunlarının işlə təmin olunması reytinqinə görə (QS Graduate Employability Rankings 2017) Karlsruhe Texnologiya İnstitutu dünyada 20-ci, Avropada isə 3-cü sıradadır və bu təhsil müəsssisəsi özündə Karlsruhe Universitetini və Karlsruhe Elmi-Tədqiqat Mərkəzini birləşdirir. 

Karlsruhe Texnologiya İnstitutunun tanınmış məzunları arasında avtomobil ixtiraçısı Karl Benz, Amerika hidrogen bombasının yaradıcısı Eduard Teller, “Şkoda” Maşınqayırma Zavodunun yaradıcısı Emil Şkoda, Almaniyalı kosmonavt Aleksandr Herst, “Mersedes-Benz” firmasının rəhbəri Dieter Zetsche və digər məşhur şəxslər təhsil alıb.

İnstitutun açıqlamasına görə, son 5 ildə Azərbaycandan həmin institutda təhsil alan olmayıb. 

Bu statistikanın nəticəsinə görə son 5 ildə burada təmsilçisi olmayan dövlətlərin tələbələrinə öz ölkələri haqqında təqdimat hazırlamaq və institutun keçirəcəyi konfransda çıxış etmək təklif olunur. Tofiq Nemətzadə də təqdimatla çıxış edib. Hazırladığı slaydda Azərbaycanın dövlətçilik tarixi haqda məlumat verib, Böyük Azərbaycanın xəritəsini göstərərək, mövcud olmuş ərazilərin cənubdan farslar, şimaldan ruslar tərəfindən ələ keçirildiyini, ərazilərin bir hissəsinin isə Ermənistana verildiyini qeyd edib. 

Təqdimatda Azərbaycanla bağlı digər informasiyalar da öz əksini tapıb.