22 ərəb dövlətinin ən uğurlu ölkəsi

22-ereb-dovletinin-en-ugurlu-olkesi
Oxunma sayı: 1436

Cənubi-Şərqdən Əlcəzair, cənubi - qərbi Saxara, Şimaldan Aralıq dənizi, Qərbdən Atlantik okeanı ilə sərhəddir. VI Məhəmməd Mərakeşin kralıdır. Əhalisinin ümumi sayı - 33,8 milyon nəfərdir. Mərakeş Misir və Sudan dövlətlərindən sonra üçüncü böyük ərəb dövlətidir. Əhalinin 60%-i ərəblər, 40%-i isə bərbərlər təşkil edir. Maraqlıdır ki, üçüncü böyük İslam dövləti olan Mərakeşdə yəhudilərin sayı 7 mindir. Elə yalnız bu fakt Mərakeşin dünyəviləşmək və kübarlaşmaq siyasətinin bariz göstəricisi sayıla bilər.

Mərakeş qədim sivilizasiya mərkəzi olmaqla bərabər, həm də zəngin və çoxmillətli mədəniyyətə malikdir. Həm də turizm ölkəsi kimi tanınan (turizm ölkə büdcəsinə gəlirin mədaxilinə görə 2-ci yeri tutur) Mərakeş Afrika ilə Avropa arasında özünəməxsus körpü rolunu oynayır.

Ərəb inqilab dalğası və Mərakeş

Fevrier 20, Mərakeşin Facebookda mövcud olan gənclər hərəkatıdır. Ərəb inqilablarının dalğasında 22 fevral tarixini, Qəzəb Günü elan edib. Elə buna görə də adı, Fevrier 20-dir (“Fevrier” fransız dilindən tərcümədə fevral ayı deməkdir). İndiyə qədər Mərakeşdə iki etiraz aksiyası olub. 22 fevral və 22 mayda paytaxt Rabat və ən böyük şəhəri olan Kasablankada. Hər ikisi də bazar günləri.
Mərakeş ərəb dövlətləri içərisində iqtisadi və siyasi cəhətdən stabil olması ilə fərqlənir. Burada baş verən etiraz aksiyaları da hakimiyyət dəyişikliyi yox, daha çox azadlıqlar, sosial şəraitin yaxşılaşdırılması və yeni iş yerlərinin yaradılması barədədir. Mərakeş Krallığında icazəli aksiya keçirməklə bağlı heç bir problem yoxdur. Azərbaycandan fərqli olaraq, Mərakeşdə aidiyyatı dövlət qurumuna müraciət ünvanlamaqla istənilən yerdə aksiya keçirmək olar. Avropa Birliyi dövlətləri və ABŞ-da Mərakeşin bu addımını həmişə yüksək qiymətləndirib və yeri düşdükcə də tərifləyiblər. May ayının 22-də keçirilən aksiyada polisin dinc nümayişçilərə zor işlətməsindən sonra Avropa Birliyinin sözçüsü Natasha Butler də Mərakeş hakimiyyətini vətəndaşların dinc aksiyalar keçirmək haqqını tanıması ənənəsini davam etdirməsini tövsiyə etmiş və polisin zor işlətməsindən narahatlığını biruzə vermişdi. Qeyd edim ki, keçirilən 22 may aksiyasında 90 nəfərə qədər dinc nümayişçi zədələnib.

Maraqlıdır ki, Mərakeş Avropa Birliyinə üzv olmaq üçün müraciət də edib. Ölkə Avropa Birliyinin əsas ticarət tərəfdaşıdır. Lakin, Birlik dövlətləri içərisində Mərakeşin bu arzusuna xüsusi maraq da duyulmur. Bir tərəfdən, Mərakeş Krallığı tam demokratik bir cəmiyyət deyil, o biri tərəfdən isə ölkənin cənubunda Qərbi Saxaranın status həll edilməmiş qalır (Mərakeş Qərbi Saxaranı 1975-ci ildə özünə birləşdirsə də, Əlcəzairin müdafiə etdiyi müstəqillik tərəfdarları ilə 1991-ci ilə kimi partizan müharibəsi aparmalı olub. BMT-də Qərbi Saxara məsələsini siyasi dalandan çıxara bilməyib). Mərakeşin AB-nin üzvü olan İspaniya ilə də aralarında ərazi iddiası mövcuddur. Ölkənin şimalında yerləşən kiçicik Perejil adası ucbatından 2002-ci ildə İspaniya ilə mübahisə yaranıb. Nəticədə, Mərakeş köhnə yaraları təzələyib. Aralıq dənizi sahillərində yerləşən və azad iqtisadi portlar olan Melilla və Seuta (Ceuta) adalarının müstəqilliyini yenidən gündəmə gətirib. Bu da İspaniyanı çox narazı salıb. Seuta Gibraltar boğazında yerləşir. Melilla isə Seutadan 277 km şərqdə yerləşir. Hər iki ada Mərakeşin ərazisinə bitişikdir və onları İspaniyadan Aralıq dənizi və Gibraltar boğazı ayırır. Buna baxmayaraq, adalarda İspan qanunları işləyir və ərazilər də İspaniyaya məxsusdur. De-jure hər iki ada nəticəsində (hər birində 80,000 əhali yaşayır) Avropa Birliyi, de-fakto Afrika qitəsində sərhədlərə malikdir. Bu baxımdan da Mərakeş Avropa Birliyində tam hüquqlu üzv olmaq üçün çabalar göstərməkdədir. Çünki, de-fakto ərazisində 160,000 Avropa Birliyi vətəndaşı yaşayır.

Afrikalı avropalılar…

Qeyd etmək yerinə düşər ki, Mərakeş ABŞ-ın böyük dostudur. Hətta, Vaşinqton ona terrorla mübarizədə verdiyi dəstəyə görə NATO üzvü olmayan müttəfiq statusu da verib.

Yeni kral VI Məhəmməd

Mərakeş 1912-ci ildən 1956-cı ilə kimi Fransanın protektoratı olub və bu illər ərzində Mərakeşi kral Sultan Məhəmməd idarə edib. Onu oğlu II Həsən əvəzləyib və o da 38 il Mərakeşin kralı olub. II Həsən Yaxın Şərqdə sülhün əldə olunması üçün çox işlər görmüş siyasi liderlər arasında yer alıb. Səbəb isə İsraildə yaşayan Mərakeş əsilli yəhudilərin lobbi fəaliyyəti ilə səciyyələndirilir. Amma, II Həsən müxalifətə qarşı amansız mövqe tutub və onları hakimiyyəti ərzində daima sıxma-boğmaya salıb. 1999-cu ildə II Həsənin ölümündən sonra, modernist kimi ad qazanmış oğlu VI Məhəmməd hakimiyyətə gəlir.

Kiçik xatırlatma: Kral VI Məhəmməd və özündən əvvəlki hökmdarlar Alauit dinastiyasının üzvləridir. Onlar Mərakeşi 350 ildir ki, idarə edirlər. Bu dinastiya iddia edir ki, onlar Məhəmməd Peyğəmbərin (s.ə.s) birbaşa əcdadlarıdırlar. Mərakeşdə bu dinastiyanın hökmdarlar kimi rollarının şübhə altına alınması, demək olar ki, kafirlik kimi qiymətləndirilir. Zənnimcə, elə buna görə də, etirazçılar kralın istefasını yox, onun səlahiyyətlərinin məhdulaşdırılmasını tələb edirlər.

Maraqlıdır ki, VI Məhəmməd atasının dövründə baş verən cinayətləri araşdırmaq üçün komissiya yaradıb. Komissiya 10,000 yaxın iş üzə çıxarıb və bura, həbsdə ölmələr və məcburi sürgünlər daxildir.
VI Məhəmməd hakimiyyətə gələndən sonra, bır sıra siyasi, iqtisadi və sosial liberallaşma siyasəti aparmış, lakin monarx olaraq, hakimiyyətin bütün rıçaqlarını əlində saxlamışdır.
Hakimiyyətə olduğu dövrdən, kral kasıbçılıqla mübarizə aparacağına söz vermiş və buna görə də “kasıbların hamisi” ləqəbini qazanmışdır. Amma, bütün səylərə baxmayaraq, hökumət əleyhdarları hələ də kasıbçılığın sürətlə yayıldığını və işsizliyin də yüksək olduğunu vurğulayırlar.

Mərakeşdə azad qadın

Mərakeşdə əsaslı islahat kimi “Mudavana” qanunu hesab edilir. Bu qanun qadınlara daha çox hüquq təmin etməkdədir. Kral bu qanunu qəbul edərkən Quranın prinsiplərini əlində rəhbər tutmuş və belə hüquqların qadınlara Müqədəs kitab olan Quranda da verildiyini sübut kimi gətirmişdir. Dini konservativlər isə qanuna qarşı çıxış etsələr də kral fikrini dəyişməmişdir.

Qısaca siyasi quruluş haqqında

Ölkənin başçısı kral VI Məhəmməddir. Kral Parlamenti buraxa, baş naziri istefaya göndərə və təyin edə bilər. Mərakeşdə kifayət qədər azad və ədalətli seçkilər keçirilir. Ölkənin baş naziri Abbas El Fassidir. O konservativ İstiqlal Partiyasının lideridir və 2007-ci ildə keçirilən parlament seçkilərində ən çox yer qazanmağa müvəffəq olduğundan baş nazir postuna təyin edilib. Hökumətdə Xalq Qüvvələri Sosialist İttifaqı, Müstəqillərin Milli Yığıncağı, o cümlədən Rifah və Sosializm Partiyaları da təmsil olunurlar.

Mərakeşdə mətbuat orqanları, əsasən, iqtidarın nəzarətindədir və bir sıra özəl və yarı müstəqil media orqanları da mövcuddur. Yarı müstəqil və özəl mətbuat orqanları din, kral ailəsi və Qərbi Saxara məsələsi ilə bağlı, demək olar ki, mənfi heç nə yazmırlar. Bu da onların fəaliyyət göstərməsinə şərait yaradır. Mətbuat haqqında qanunda “səhv edən” jurnalistlər üçün həbs qətimkan tədbiri nəzərdə tutulub. Lakin son zamanlar, özəl mətbuat hakimiyyətin yuxarı eşalonunda baş verən yüksək korrupsiya hallarından yazmağa başlayıb və demək olar ki, 2011-ci il bu tabunun sındırılması ilə yadda qalacaq.

Konstitutsiya islahatları

2011-ci ilin fevralında başlayan etirazlardan sonra kral geniş Konstitusiya dəyişiklikləri vəd edib. Kral hələ mart ayında televiziya ilə xalqa müraciətində söz vermişdi ki, bu ilin iyun ayına kimi dəyişikliklər ona təqdim olunacaq. Dəyişikliklər nəticəsində kral baş naziri təyin etmək səlahiyyətini parlamentə güzəştə gedir. Baş nazir parlament çoxluğu tərəfindən seçilir. İslahat nəticəsində Mərakeşin regionlarına daha çox səlahiyyət verilir, məhkəmələrin müstəqilliyi təmin edilir və monarxın sözlərinə görə bu “bizim demokratiya və inkişaf modelimizi” daha da möhkəmləndirəcək. Monarx, həmçinin, bir sıra səlahiyyətlərini baş nazirə verməyi nəzərdə tutur. Kral əvvəllər başladığı islahatları daha da möhkəmləndirəcəyinə söz verib. Bura qadınların hüququ və siyasi iştirakı daxildir. Qadın və kişilərin seçkili orqanlarda bərabər iştirakına şərait yaradılacaq. İslahat fərdi azadlıqları genişləndirəcək, qanunun aliliyini təmin edəcək və insan hüquqlarının qorunmasını təkmilləşdirəcək.

Son
22 Ərəb dövləti içərisində ən səbatlısı Mərakeş Krallığı və uzaqgörən kral isə elə VI Məhəmməddir. Allah ona kömək olsun!