Bakıda pozğun işarələr

bakida-pozgun-isareler
Oxunma sayı: 2018

Azər Qismət

Dünyanı işarələr bürüyüb. İşarələr həm də gizli həyatı ifadə edir. Kəşfiyyatda, partizanlıqda, şəxsi həyatdakı işarə və simvollar həm də adamların sakit yaşamasına hesablanıb. İşarələr hakimiyyətləri dəyişə, insan talelərinə təsir etmək gücündədir. Təəssüf ki, xalqımızın glamurnı gəncləri (daha doğrusu belə olmağa çalışanlar) həmin işarələrin mənasını bilmədən işlədirlər.

Bakıda avtomobillə fırlanan qaqaşlardan biri gözəl inomarkasının arxasına belə bir yazı yapışdırıb: My life, my rules. Mənası belədir: mənim həyatım, mənim qaydalarım. Yəni, qaqaş demək istəyib ki, bu mənim həyatımdır, qaydaları da özüm təyin edirəm. Atdanıram, mayallaq aşıram, özüm bilərəm. Qaqaşın dostları da ona baxıb belə ifadəni yazdırıblar: my live, my rules. Bir sözlə, yüzlərlə qaqaşın bu sözdən xoşu gəlib və hamısı da o ifadəni yazdırıb. Amma içlərində bir oxumuşu, ya qəlyan məclislərindən başı ayılıb televizora baxanı çıxıb deməyib ki, “qaqaşlar, o ifadə mavilərə aiddir”. İfadənin tarixi 1988-ci ilə - Nuyu-Yorka gedib çıxır. Onda mavilər etiraz aksiyasına bu şüarla qatılmışdılar. Yəni, biz maviyik, bizim həyatımıza qarışmayın. Nyu-York maviləri bilsəydilər ki, onların şüarını Bakıda mavi olmayanlar da yaşadır, köçüb bura gələr, pencəklərinin cibinə mavi qızılgül keçirərdilər. 

Yaxud, görürsən ki, dindar, Məhəmməd ümmətindən olan biri avtomobilinin arxasına balıq işarəsi yapışdırıb. Hardasa görüb xoşuna gəlib. Dostları da o balığa baxıb fəxrlə “afərin” deyirlər. Yenə at nalı olsaydı bunun mal-dövlətə işarə olduğunu düşünərdik. Daha dindar bilmir ki, o xüsusda balıq xristianlığı simvolizə edir.

Bir də görürsən ki, normal qızdır, sevir və sevilir, yaxşı oğlana ərə getməyi arzulayır. Ancaq nəyə görəsə heç kim onu sevmir, oğlanlar kənardan baxıb gülüb məzələnirlər. Qız evə gəlib ağlayır, sosial şəbəkədə qəmli statuslar yazır, oğlanları qınayır, kişi tayfasının qarasınca deyinir, rəfiqələrinin xeyir işində dodağını büzüb süni gülüşlə “xoşbəxt ol” deyir, bəxtini açdırmaq üçün falçıya gedir. Lakin qız anlamır ki, o bəxtsiz deyil. Sadəcə, baş barmağındakı üzüyü çıxarsa bəxti açılacaq. Mobil telefonun funksiyaları üzrə peşəkarlaşan rəfiqələri arasından biri çıxıb deməyib ki, “ay rəfiqə, yalnız lesbiyanlar baş barmağa üzük taxırlar”. Lesbiyanlar baş barmağa ona görə üzük taxırlar ki, evlənmək fikri ilə kimsə yaxınlaşıb narahat etməsin: “Mənimki ancaq qız-qadındır, gedin o tərəfdə oynayın”.

Ötən il Pirşağıda bir oğlanı qəşəng döymüşdülər. Diz qapaqları və çiyninə ulduz işarəsi döydürən oğlan qumluqda özünü günə verirmiş. Bu zaman kriminal avtoritetlərdən iki nəfər oğlanın tatularını görərək həbsxanada yatıb-yatmamasını soruşublar. Tatuları ilə fəxr edən oğlan ucadan həbsxanada yatmadığını, sadəcə bu işarələrdən xoşu gəldiyini deyib. Və bu yerdə oğlanı gözəl-gözəl döyüblər. Diz qapaqları və çiyinlərdə ulduz işarələri qanuni oğrulara aid olan tatudur. Bu o deməkdir ki, diz çökməmişəm, paqona əyilməmişəm.

Hələ facebookda “okey” işarəsi ilə şəkil çəkdirən kənd oğlanını demirəm. Okey işarəsini göstərməsinə sözüm yox. Sözüm onun köynəyinədir. Köynəkdə yazılıb ki, “I love my husband”. Mənası belədir ki, “mən ərimi sevirəm”. Üstündə ingilis dilində “mən pozğunam” köynəkli subay qızlar, başına FBI beysbolkasını keçirən oğlanları demirəm. FBI – ABŞ-ın Federal Təhqiqatlar Bürosunun ingilis versiyasıdır.

Bir sözlə, Avropadan bura gəlsələr görərlər ki, bura mavilərin, lesbiyanların, qanuni oğruların şəhəridir. Və azad seçimə heç bir məhdudiyyət yoxdur.