Bakıda Vergi ekspertlərinin Avrasiya seminarı keçirilir

bakida-vergi-ekspertlerinin-avrasiya-seminari-kecirilir
Oxunma sayı: 727

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, seminar iştirakçıları Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi – “bir pəncərə” sisteminin fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlara sistemin iş prinsipləri izah olunub və qeyd edilib ki, onun tətbiqində hökumətin əldə etdiyi nailiyyətlər bir çox MDB ölkələri üçün oxşar qanunverici və institutsional çərçivənin yaradılması üçün bir nümunə olub. “Bir pəncərə” sisteminin tətbiqi Azərbaycanda elektron hökumət layihəsinin başlanğıc nöqtəsi olub.

Sonra Vergi ekspertlərinin 7-ci İllik Avrasiya seminarı öz fəaliyyətini davam etdirib. Vergilər nazirinin müavini Sahib Ələkbərov Azərbaycanın vergi sistemində aparılan islahatlar barədə məlumat verib.

Sonra qlobal iqtisadiyyata inteqrasiyanın gömrük tərəfdaşlığı aspektləri, vergi auditi və mübahisələrin həlli istiqamətində görülən işlər, maliyyə mərkəzlərinin yaradılmasının vergi aspektləri mövzusunda təqdimatlar keçirilib.

Seminarda vergi siyasətinə dair müxtəlif məsələlərin, xüsusən investorların dövlətdəki maraqlarının balanslaşdırılması üçün həyata keçirilən vergi siyasəti, vergi auditi, maliyyə sahəsində regional strukturların fəaliyyəti və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Tədbirdə Avrasiya İqtisadi Birliyinin, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Türkmənistanın nümayəndə heyətləri, Azərbaycanın dövlət və hökumət nümayəndələri, müstəqil auditor təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Nigar Məmmədli