Balalarınız ən az kasıb balaları qədər şanssızdırlar...

balalariniz-en-az-kasib-balalari-qeder-sanssizdirlar
Oxunma sayı: 1239

Sahilə İbrahimova

Bəzilərinə görə “Avtoşluq” subkulturadır (icazəli yerlərdə). Subkulturanı (submədəniyyəti) ümumi mədəniyyətdən öz dəyərlər sistemi, danışıq jarqonu, davranış mədəniyyəti, geyimi, yaxud digər tərəfləri ilə fərqlənməyə çalışan insanlar yaradır. Onlar kütlənin axınında sıxılır, bir şəkildə hakim dəyərlər sistemindən sivişib yeni nəsə yaratmağa, yaxud yaşamağa çalışır. 

Təsəvvürünüz olsun deyə hippiləri, yappiləri, hətta dinin müəyyən cərəyanlarını (sufilik, sələfilik və s.) belə göstərə bilərəm. Bu adamlar seçilmək və axına qarşı getmək yanaşmaları ilə alqışlanmalıdırlar, bəzən. Bəzənsə, seçilmək istəyi adamı doğru istiqamətə yönəltmir, hətta uçuruma aparır. Adətən, subkulturaya gənclər yönəlir, yaşlılar daha konformist olurlar, çox şeyin üstündən “əşi” deyib keçirlər. Avtoşluq edən təkcə məmur övladları və nəvələri deyil, düzdü, amma əksər hallardə məhz müəyyən maddi üstünlükləri olanlardı. Avtoşluq etmək üçün ən azı maşının və buna sərf edəcək vaxtın olmalıdı. Günümüz mənimsəmək üzərində formalaşır. İnsanlar kapitalizmin təqdim etdiyi bağlamalardakı maddi və mənəvi məhsulları mənimsəyir, əksər hallarda bu prosesə yeni nəsə qatmaq imkanından məhrum olurlar. Bu da insanı sıxır, hakim olmaq istəyi ilə kəsişir, mənəvi böhran yaradır. 

Uşaqlıqdan bu yana heç bir maddi sıxıntısı olmayan yeniyetmələr, gənclər həyatlarına yeni rəng qatmağa çalışırlar, nəyəsə özləri nail olmaq istəyirlər. Yeni maşınlar, yeni əşyalar, yeni-yeni bahalı əyləncələr almaqla hər kəsin dadmaq istədiyi xoşbəxtlik hissini yaşamağa ümid edirlər. Hedonizm – həzzçilik haqqında bir neçə nəzəriyyə var. Tarixdə bəzi filosoflar həzzi insanın ali məqsədi hesab edib, tərəfini saxlayıb. Çoxluq isə yalnız həzz naminə yaşamağı insanı məhvə aparan yol olaraq pisləyib. Həyatlarında heç bir mənəvi ağrı yaşamayan yeniyetmələr, gənclər nə etməlidirlər? Hələ kiçik yaşlarından ailədaxili söhbətlər maddi sərvətlərin artırılması istiqamətində gedirsə, təqdim olunan yeni şeylər yeni evlərdən, yeni maşınlardan ibarətdirsə, insan başqa cür necə formalaşmalıdır? Günah həyatlarındakı sürəti artırmağa çalışan övladlarda deyil, günah onları bu hala salanlardadı. Bu uşaqlar düzgün tərbiyə olunmayıb, onlara zövq ala biləcəkləri başqa ünvanlar göstərilməyib, yaxud onlar bunu böyüklərinin şəxsi nümunəsində görə bilməyiblər. Gözlərini açandan böyüklərinin ən böyük ehtirası sərvəttoplama və bunun arxasındakı heç də ədalətli olmayan davranışlar olub. 

Bizdə sərvəttoplama adətən “balalarıma görə” başlığı ilə əsaslandırılır. Mən bu səbəbdən çoxuşaqlılığın və “balama görə çalışıram” yanaşmasının əleyhinəyəm. “Mənim balam” yanaşması başqasının övladını, sıxıntısını, ağrısını görməyə imkan vermir. Və böyük təzad ortaya çıxır, hər şey həmişə balasına görə çalışan məmurların, qeyri-şəffaf bizneslə varlananların planlarına uyğun getmir. Başqasının balasının boğazından kəsilərək yaradılan oyuncaq həyatlar qorunan övladın öz məhvinə belə səbəb ola bilir. 

Xoşbəxtliyinə çalışdığınız övladlar öz varlıqlarını üzə çıxartmaq üçün yüksək sürətə əl atanda başqaları qədər özlərini də təhlükəyə atırlar. İnsanın özünə ehtiyacı var. Öz zəhmətinə, öz inkişafına, öz səhvinə, öz doğrusuna. Övladlarınız var olmaq istəyirlər. Var olmağın varlı olmaqla eyni şey olmadığını öyrətməmisiniz onlara. Övladlarınız iqtidarlı olmaq istəyirlər. Sadəcə onların sizin iqtidarınızdan yararlanaraq güclü olması mümkün deyil. Övladlarınıza korrupsiya, havayı pullarla həyat düzəldib verməyin. İmkan verin özləri yaşasınlar. Özləri yaşasalar, nəticədə nə qədər kasıb, nə qədər məzlum, nə qədər səfil də ölməmək imkanı qazanacaq. 

Balalarınız ən az kasıb balaları qədər şanssızdırlar. Onlar da adi, sadə şeylərdən zövq ala, rahatlana bilmirlər, həzz yaşamaq üçün maşınlarının, həyatlarının sürətlərini artırmaqdan başqa yolları yoxdu. Yüksək sürət isə qəza törədir. Kasıbların insanın yaşaması üçün zəruri olan sadə şeyləri almağa pulları yoxdur deyə xoşbəxt ola bilmirlər. Onlara çatacaq pullar sizin balalardadır. “Bala”larınıza xərclənən pulları azaltsanız, hamımız rahat yaşaya bilərik. 

Hamı ev ala bilər, hamı maaşını ayın sonuna qədər çatdırar, hamı borc pul tapmaq qayğısından azad olar, hamı ailəsi ilə istirahət etmək üçün imkan qazanar. 

Dünya minimalizmi dəstəkləyir. Alman dostumun maşını yoxdu, əvəzində gedəcəyi tədbirə uyğun arabanı kirayə götürür. Mobil proqram vasitəsilə bir neçə saatlıq kirayələdiyi maşını işini bitirdikdən sonra istənilən dayanacaqda saxlayıb, yoluna davam edir. Onun Alman istehsallı Mersedes kolleksiyası yığmağa pulu çatır. Sadəcə mənəvi tələbatı əşyalar üzərində deyil, dəyərlər əsasında formalaşıb. Yüzminlərlə pulu film çəkilişinə, sosial layihələrin icrasına xərcləyir. Bu yaxınlarda Azərbaycana gəlib gənc qızlara ödənişsiz əsaslarla rejissorluq təlimi də keçib. 

İnsan beyni dəyişən, uyğunlaşa biləndir. Hələ gec deyil. Övladlarınıza əşyaları deyil, dəyərləri sevməyi öyrədin. Bəzən çətinliklə tək qalmasına şərait yaradın. Ağrı bilikdir. İnsanı mənəvi inkişafa aparan yollardan biri də çətinlikdir. Xalqın pulu ilə övladlarınızın işini asanlaşdırmayın. Onlara aclıqdan, evsizlikdən, sıxıntıdan ürəkləri partlayan, yaxud intihar edən Azərbaycan vətəndaşlarının talelərini göstərin. Doğru bildiyiniz yol göründüyü qədər düz deyil.  Bu yolda tez-tez qəzalar və ölümlər baş verir. Və bütün məsuliyyət qəza törədənlərin deyil, sizin üzərinizdədir. Qəza törədənlər öldürdükləri adamlar kimi sizin qurbanlarınızdırlar.