AzTV-də nazirlərə qadağa

aztv-de-nazirlere-qadaga
Oxunma sayı: 666

İxtisasca tarixçi olduğumdan bu tapıntının nə demək olduğunu az-maz bilirəm. Allah professorlar Rəşid Göyüşova və Nəsimi Quliyevə qəni-qəni rəhmət eləsin. Tələbə olanda arxeoloji qazıntıların yol-yolağasını, arxeoloji axtarış-kəşfiyyat işlərini bizə öyrətmişdilər. Arxeoloji ekspedisiyada da olmuşduq. Arxeoloji kəşfiyyat və qazıntı işi həm fiziki və intellektual əmək, həm də pul tələb edən çətin işdir. Buna xeyli xərc gedir.

İşin mahiyyətini bildiyim üçün deyirəm ki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qaxda bu ağır işin altına girməsinə qəti ehtiyac yox idi. Əgər sənə ibtidai insanların yaşayış məskənləri, həyat tərzi barədə dolğun elmi biliklər lazım idisə, day başlanğıcı 2,5-2,6 milyon il əvvələ gedən paleolit dövründə eşələnməyə nə hacət vardı?! Sağ-soluna bax, yan-yörəndə gör nə qədər ibtidai təfəkkürlü adam sülənir. Əldən alınmış, əlli dəfə vurulmuş ucuz “06”-“07”-lərdən tutmuş AA seriyalı lüks “Mercedes”, “Lexus”, “Audi”, “BMW”lərə qədər neçə bahalı maşında belə ibtidai təfəkkür yiyələri şəhəri gəzib-dolaşır.

Dəbdəbəli kabinet və villalarda da belələri çoxdur. Bu adamları paleolit dövrünün ibtidai adamlarından fərqləndirən yeganə şey dolomit qaya zolaqlarından ibarət qaya yarıqları arasındakı kələ-kötür zağa və mağaralarda yox, komfortlu saraylarda məskunlaşmalarıdır. Bir də təqvimdəki tarix fərqlidir. İndi 2012-ci ildir, 300 min əvvəlki alt paleolit dövrü yox.

Kəsəsi, AMEA-nın kəşfinə bir quş. Təzə nəsə deməyiblər. İndən belə ibtidai insanların tarixi ilə bağlı lap dəqiq məlumatlar əldə etmək üçün əlavə pul xərcləməyə də qəti ehtiyac yoxdur. Hər şey göz önündədir. Nəyi inkar edəcəksən? Camaatımız məhz belə ibtidai qafalıların, mağara təfəkkürlülərin sayəsində bərbad yaşayır. Təzə çəkilmiş yolu bu təfəkkür ucbatından iki həftə sonra qazıb dağıdırlar. Qoca-qarının, əlilin-zəlilin pensiyası, xalqın səsi bu üzdən oğurlanır. Buna görə hər gün qəzalarda azı 3-4 nəfərimiz ölür. Ölkədə azadlıqlar və rifah buna görə yoxdur. Haqsızlıq və ədalətsizlik bu üzdən çoxdur. Primitivlik və bayağılıq bu səbəbdən boldur. Dünyada hörmətimiz belə şeylərə görə noldur.

Söz yox, bəzən sıfırdan yuxarı qalxırıq. Adımız siyahılarda bəzən birinci yerə dırmaşır. Məsələn, o gün oxudum ki, Azərbaycan yol çəkilişində dünya birincisi oldu. Rusiyanın “RİA News” agentliyi 1 kilometr yolun hansı ölkədə neçəyə tikildiyini araşdırıb. Məlum olub ki, Rusiyada bu, 17,6 milyon dollara başa gəlir. ABŞ-da 5,9, Avropada isə 6,9 milyona.

Bəs gözəlim Azərbaycanda? Nə danışırsan? Biz də qotur İsveçrə-zad deyilik ha. Ziya Məmmədov heç razı olarmı ki, dünya ağzını ayırıb var-dövlətimizə, səxavətimizə, mentalitetimizə, pul qazanan, yeyib-içən oğlan olmağımıza həsədlə baxmasın? Bizdə düz 24 milyona! Yəni bu sarıdan Azərbaycana çatan yoxdur.

ABŞ-ın nəqliyyat nazirinə 100 milyon verirsən ki, bu pula yol çək. O, buna 17 kilometr yol çəkir. Avropalı məmursa 14,5 kilometr. Korrupsiyaya qarşı amansız, deyərdim hətta dəhşətli ölüm-dirim mübarizəsinin getdiyi ölkəmizdə isə Ziya bəyə məzə üçün 100 milyon dollar verirsən ki, bu pula yol çək. O da gülə-gülə götürüb 5,5 kilometr yol çəkir. Sonra da əlini qırdan çəkib Molla Nəsrəddin elmi mükaliməyə girdiyi əcnəbi alimin üzünə baxan kimi gözünü üzünə zilləyir ki, qalan pul o söz, başqa nə qulluğun, nə arqumentin, dəlil-sübutun var. Məcbursan o yazıq əcnəbi alim kimi təslim olasan.

Deməyim odu ki, bizim öz yolumuz, suveren demokratiyamız, heç kimə, hətta Qoşulmayanlar Hərəkatına qoşulmamaq yolumuz var. Heç kimi yamsılamamalıyıq. Yoxsa gərək biz də “Nu poqodi” əhvalatını təkrarlayaq. “Nu poqodi” Rusiyada qadağan edilir. Səbəb multfilmdə canavarın siqaret çəkməsi səhnələridir. Sentyabrın 1-də Rusiyada qüvvəyə minəcək “Uşaqları zərərli informasiyalardan qorumaq haqqında” qanuna görə, “Nu poqodi” +18 yaş kateqoriyasına düşür, o, TV-də saat 23:00-dan sonra göstərilməlidir və s.

Özümüzü kiməsə bənzətsək, onda gərək biz də korrupsiyaçı-talançı nazirləri, yalan danışan YAP-çı siyasətçiləri, yaltaq ziyalıları AzTV-yə buraxmayaq ki, oğurluq, yaltaqlıq, yalançılıq uşağın tərbiyəsini pozan şeydir. Belə eləsək, onda necə inkişaf edib lider olarıq? Bizim öz yolumuz var. Kilometrini 24 milyona çəkmişik...