Barı Allahı yada salaq...

bari-allahi-yada-salaq-
Oxunma sayı: 653

Əskilərdə Ozanlar dastan söylədiyi kimi, bu filmdə də hadisələri baş qəhrəman – Ozan adlı uşaq danışır. 1923-cü ildə Yunanıstana aid Girit adasından köçən minlərlə ailənin birindən, onların Türkiyəyə yerləşməsindən və yerlilərin onlara hələ də “gavur” kimi yanaşmasından bəhs edilir. Eyni münasibət bizdə Ermənistandan, Qarabağdan köçkün, qaçqın düşənlərə də sərgilənib, birilərini “yeraz”, “ermənidən dönmə” kimi təhqiramiz adlarla ya çağırıblar, ya arxada beləcə adlandırıblar və təəssüf ki, bunların heç biri hələ də ədəbiyyatımıza ayaq basa bilməyib...
Filmin daha bir əsas xarakteri Dədə Mehmet bəy daim məktub yazıb bir şərab şüşəsinə qoyur, Egenin sularına atır və bir gün mütləq bu məktubun Giritə, onların evində yerləşən adama çatacağına inanır. Yurd yerinin həsrəti onu bir gün belə tərk etmir...

Nə isə, filmi başdan-ayağa danışmaq fikrində deyiləm. Sadəcə, filmin dramatizmi içində kiçik, ama xüsusi effekt doğuran bir səhnə var. Bu səhnə ölkədə baş verən çeviriliş (darbe) olayından sonra cərəyan edir. Ölkədə hərbi hakimiyyət (xunta) qurulub. Bələdiyyə başqanları belə, inqilabi hökumətin göndərdiyi adam təyin edilir və seçkiylə seçilmiş bələdiyyə başqanları yerlərini onlara təhvil verirlər. Bu məqamı indi Azərbaycandakı bələdiyyə başqanlarının seçimi, daha doğrusu, təyinatıyla müqayisə etmək olar. İcra başçılarının razılığı olmadan kimsə başqan-sədr seçilə bilməz. Əlbəttə ki, bələdiyyə başqanı seçilmənin də öz “haqqı” var. Bu haqda da geniş danışmayaq, yaxınlarda gündəmi zəbt eləmiş Elşad və Gülər videosunda bu məsələ kifayət qədər dəqiq göstərilib. Türkiyədəki xunta təyinatıyla bizimki arasında fərq də elə budu – başqanın rüşvətlə təyin edilməsi (bizdə) və bizdə təyinatın gizli maskalanmış yolla aparılması, orada isə açıq-açığına.

Hadisələr beləcə inkişaf edir. Təyin olunan və az qala qrotesk boyalarla işlənmiş yeni başqan qəsəbəyə gəlir, özü üçün xüsusi təmtəraqla hazırladılmış otağında iş başına keçir. Yeni başqan özünü tam bir diktator kimi aparır. Hər kəsi özünə tabe edir, tam bir kölə halına gətirir, qarşısında söz deyənləri, boyun əyməyənləri dərhal işindən qovur, müxtəlif şərləmələrlə məhkəməyə verir. Diktatura zamanlarında məhkəmə də ancaq belə məqamlarda gərək olur...

Torpaqlar “hərraca” qoyulur, peşkəş edilir, bir sözlə “məmləkəti satırlar”... Əski başqan – Dədə Mehmetin kürəkəni, Ozanın atası İbrahim bəy susa bilmir, hər dəfə etiraz eləyir və bir gün münaqişə son dramatik halına çatır. Sahil bölgəsindəki bəzi ərazilərin satılması (ərazidə otellər tikiləcək və balıqçılıqla çörək qazanan qəsəbəlilərin ruzisi kəsiləcək) məsələsi İbrahimin səbrini daşırır və etiraz edir. Yeni başqan onu işdən qovur və vəzifəsindən sui-istifadə, korrupsiya və bir dünya iddiayla məhkəməyə verir. Bu isə, artıq xuntaya qarşı çıxmaq deməkdi...

Qapıdan çıxarkən İbrahim yeni başqana bunları deyir: “Ama halkın gücünü unutma, başkan! Onların da söyleyeceyi iki çift lafı vardır belki...” Bundan sonra təhkiyəçinin, yəni artıq böyümüş Ozanın atasına cavabı səslənir: “...Yokdu! Vardıysa da biz duymadık. Bir fısıltı bile...”

Bundan sonra gecə evinə dönərkən İbrahimin küçədə divar dibinə çöküb için-için ağladığı səhnə. Pəncərədən bunu görən qadınının gəlməsi. Dialoq. “Məmləkəti satıyorlar. Böylə şərəfsilik olmaz. Bir adam da mənim tərəfimi tutmadı...” və üzünü məhəlləyə tutub qışqırır: “Qorxaqlar!!!”
“Bağırma, İbrahim... Burax satqınlar, gəbərsin hamısı acından”.
“Sən də mi elə düşünürsən, Nurdan?”

“Nə deyim, İbrahim, çoçuklarımız var, mən onları düşünürəm, el-aləmi deyil...”

“Çocuklarımıza böyle bir ülke mi burakacağız peki? Nasıl bakacağız yüzlerine? Ne diyiceyiz?.. Qüsura bakmayın, çocuklar, biz yapamadıqmı diyiceyiz?.. Siz də yaşamak istiyorsanız, hırsız olun, sahtekar olun, çalın-çapınmı diyiceyiz?”

Türk sineması buraya gəldi. Azərbaycanda isə Kinematoqrafiya İttifaqını bölməklə məşğuldular hələ. Elə bil sovetin yağ-qaymaq daşan Azərittifaqını bölürlər. Bölsünlər də, ama belə filmlər çəkə biləcəklərmi? Dialoqlarında bircə kəlmə “Məmləkəti satıyorlar. Böylə şərəfsilik olmaz” kimi bir cümlə yerləşdirə biləcəklərmi? Yoxmu? Onda başlarına dəysin onların ittifaqları! Lap min yerə bölsünlər!

Eh... nə danışıram belə? Səsimizi çıxara bilmirik, dostlar, barı gedib belə filmələrə baxaq, barı ürəyimiz ağrısın. Barı Allahı yada salaq. Barı umudumuzu tək Allaha bağlayaq. Di gəl bir toplum ki umudunu özündən kəsib, təkcə Allaha bağladı, işi fənadı! Xəzərin qara kürüsü belə imdada yetməz...