Baş Prokurorluq dövlət vəsaitinin mənimsənilməsi faktı üzrə cinayət işi açdı

bas-prokurorluq-dovlet-vesaitinin-menimsenilmesi-fakti-uzre-cinayet-isi-acdi-
Oxunma sayı: 671



Prokurorluq orqanları tərərfindən əlaqəli dövlət qurumları ilə birgə dövlətin büdcə və digər maliyyə vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadə olunması sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir. Prokurorluqdan Qafqazinfoya daxil olan məlumata görə, Bakı şəhəri, Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması ilə əlaqədar Hesablama Palatası tərəfindən aparılmış auditin nəticələrinə dair materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

Müəyyən edilmişdir ki, mərkəzin baş mühasibi Pərviz Quliyev 1 yanvar 2008-ci il tarixdən 1 may 2012-ci il tarixədək olan dövrdə müəssisənin 31 işçisinin adına açılmış əmək haqqı kartlarını özündə saxlamaqla, onlara hesablanan əmək haqqlarından qanunvericiliyə uyğun tutulmalar çıxıldıqdan sonra qalan 152 min 331 manat məbləğində pulu ödəniş kartları vasitəsi ilə bankomatlardan çıxararaq mərkəzin direktoru Qəti Lalə Abbasəli qızına vermiş və sonuncu tərəfindən külli miqdarda həmin dövlət vəsaiti mənimsənilmişdir.

Bundan başqa, Pərviz Quliyev vəzifəsindən sui-istifadə edərək qeyd edilən dövr ərzində yuxarıda göstərilən işçilərin faktiki əmək haqqı məbləğlərinin şişirdilməsi yolu ilə onlara əlavə hesablanmış 25 min 248 manat məbləğində pulu ödəniş kartları vasitəsilə bankomatlardan cıxararaq mənimsəmişdir.

Araşdırmalar zamanı həmçinin müəyyən edilmişdir ki, mərkəzin Tender komissiyası tərəfindən inventar və avadanlıqların, mal-materialların qiymətlərinin orta bazar qiymətindən qəsdən yüksək müəyyənləşdirilməsi nəticəsində mal satan idarə və müəssisələrə cəmi 335 min 884 manat büdcə vəsaiti artıq ödənilmişdir.

Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlətindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri vasitəsi ilə bütün təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, habelə dövlətə dəymiş ziyanın ödətdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.