Bizə bir otaq verin

bize-bir-otaq-verin
Oxunma sayı: 700

Xalq həyəcanlanır: deyilənə görə, Komitədən gələn yoldaş qaçqınların gün-güzəranı ilə də maraqlanacaq.
Komitənin nümayəndəsi doğrudan da gəlir, bütün qaçqınlar bu qara kostyumlu, qırmızı qalstuklu adamı mühasirəyə alırlar. Komitə nümayəndəsi qurbağa kimi səs-səsə verən şəhərcik sakinlərini gözdən keçirib buyurur: “Xahiş edirəm sakit olun, hamınızı bir-bir dinləyəcəyik.”
Adamların çoxu şəhərcikdəki natəmizlikdən, suyun vaxtı-vaxtında gəlməməyindən şikayətlənir. Bu arada kimsə xəfifcə qoluma toxunur. Çevriləndə beli əyilmiş qoca bir qadın görürəm. Əlindəki ağaca dayaq verə-verə addımlayan qadın komitə nümayəndəsinə çatmamış şikayətinə başlayıb artıq: “6 baş (!) külfət bir otaqda qalırıq. Oğlum müharibədə “qantuziya” alıb. Qardaşı uşaqlarının səsi başına düşür, dözmür. Yaşaya bilmirik, bizə bir otaq verin...”
Mən qoca qadına yol verirəm, o, irəlilədikcə söylədiklərini təkrar edir: “...Oğlum müharibədə “qantuziya” alıb. 6 baş külfət bircə otaqda qalmışıq...”
İmanımı yandıra bilmərəm, komitə nümayəndəsinin qoca qadının dediklərini anlayıb-anlamadığını dəqiq bilmirəm. O, qadının qolundan mehribanlıqla yapışır, başı ilə bayaqdan söhbət elədiyi nazik bığlı, kolxoz traktoristlərini xatırladan 40-45 yaşlı bir kişiyə işarə edib ucadan deyir: “Sən müharibədə olmusan?”. 40-45 yaşlı kişi fəxrlə sinəsini qabağa verir: “Əlbəttə! Sabah lazım olsa, yenə də gedərəm. Qardaşlarım, oğlanlarım da gedər. Biz ermənidən qorxmuruq!” – udqunur.
Komitə nümayəndəsi söyləyir: “Biz hələ ki, torpaqlarımızı danışıqlar yolu ilə qaytarmağa ümid edirik. Əgər bu mümkün olmasa, əlbəttə ki, müharibə yolu ilə problemimizi həll edəcəyik. Mən inanıram ki, siz hamınız əlinizə silah alıb vuruşmağa qadir insanlarsınız və vətəni heç zaman darda qoymazsınız!”
“Müəllim, Allaha and olsun erməni bizim qabağımızda bir gün də duruş gətirə bilməz” – 40-45 yaşlı kişi səsini qaldırır. Komitə nümayəndəsi qarının qolunu buraxıb camaatı yara-yara ona tərəf addımlayır. Arxası ilə basabas edən qaçqınlar qarını geriyə itələyirlər. Komitə nümayəndəsi 40-45 yaşlı, nazik bığlı, traktoristə oxşayan adamın əlini sıxıb gülümsünərək ona nəsə deyəndə qarı işığı sozalan gözlərini qıyaraq mənə baxır və bayaqdan dua kimi vird elədiyi sözlər güclə eşidilir: “Oğlum müharibədə “qantuziya” alıb... 6 baş külfət bir otaqda qalırıq. Uşaqların səsi başına düşür. Gecələr yatanda barmaqlarını qulaqlarına tıxıyır...”
40-45 yaşlı, nazik bığlı, traktoristə oxşayan adamın səsi lap ucadan eşidilir bu an: “Vətənə havayı yerə ana deməyiblər! Biz onu düşmən əlində qoyarıqmı heç?!”
Komitə nümayəndəsi isə belə vətənpərvər insana rast gəldiyi üçün ürəkdən sevinir...