Bostandaşlama

bostandaslama-
Oxunma sayı: 688

Nə yaxşı ki getmisən, ay Qarabağ, nə yaxşı ki öldürülmüsən, ay Xocalı, nə yaxşı ki yoxsunuz, ey bəxtsiz insanlar, yoxsa biz nəyi vəsf edərdik, kimə yas tutardıq, kimi ağlayardıq?! 2-3 nəfər bir araya gələrkən nədən danışardıq, nəyi müzakirə edərdik?! Özümüzü hansı səbəbdən vətənsevər kimi göstərərdik, coşardıq, aşardıq, daşardıq və bütün bunlara baxmayaraq, guya intiqam hissi ilə, əslində isə rahat, öz kefimizdə, utanmazcasına yaşardıq?! Ad günün – yad günün mübarək, Xocalı, çox yaşa deməyəcəyəm, bəsdir yaşadın, bəsdir!

* * *

* Uşaqlar, qarşıdan Xocalı faciəsinin ildönümü gəlir, məktəbimizin akt zalında tədbir təşkil olunacaq, İcra Hakimiyyətindən və Təhsil Nazirliyindən hörmətli qonaqlarımız olacaq, yaxşı hazırlaşmalıyıq.
* Müəllimə, yenə səhnəcik, yenə kamança səsi, yenə “ağlamaliski” şeirlər? Baxın müəllimə, mən keçən dəfə ağlamışam, daha öldürsəniz də gözümdən yaş çıxmaz, bu dəfə Xonça ağlasın – onun sırasıdı!

* * *

* Salam, şair, necəsən? Xəbərin var, www.yalannan.puah saytı “Hərəyə bir şeir yazaq” adlı şeir müsabiqəsi təşkil edib, Xocalı faciəsi ilə bağlı.
* Əşşii, nəyimə lazım, onsuz da hər il keçirilir, hamı da yazır.
* Dəlisən? Bu il yubileydi, qalibi qiymətli mükafatlar gözləyir.
* Doğrudan? Yaxşı, sağ ol, mən getdim.
* Hara?
* Şeir yazmağa.

* * *

* Mən siz tərəfdən dərc olunan elanı gördüm, öz layihəmi təqdim etmək üçün burdayam.
* O musiqi ilə bağlı olan elanı deyirsiz?
* Bəli, deməli belə, hər işğal olunmuş rayondan bir nəfər olmaqla ancaq vətənpərvər ruhda – Qarabağ mövzusunda mahnılar təqdim olunacaq bir musiqili-əyləncəli proqram.
* Hmm, afərin, yaxşı ideyadı.
* Səsvermə də olacaq, məcburi köçkünlərin yaxşı imkanı var, inanın, mütləq dəstək olacaqlar. İştirakçılar Xocalını, Şuşanı, Kəlbəcəri…
* Saxla, saxla, nə boş-boş danışırsan?!
* … təmsil edəcələr və bir nəfər…
* Dayan! Heç Xocalıdan bir nəfər sağ çıxıb ki?!...

* * *

* Cənab nazir, bu şəxs bizdən maliyyə dəstəyi istəyən adamdır.
* Nə səbəbə istəyir?
* “Soyqırım belə olar!” adlı romanını Hollivuda təqdim etmək və film çəkdirmək üçün.
* Ha- ha- haa… Əşi boş şeydi, yola sal getsin, indi daha vacib işlərimiz var – Eurovision bizi gözləyir, sonra…

* * *

* Darıxdım lap, aç görək TV-də nə var.
* Nə olacaq – həmişəki kimi dəhşətli kadrlar, adamın ürəyi ağrayır, heç baxmaq istəmir.
* Doğrudur, hər il eyni şeylər, eyni kadrlar, eyni mübahisələr, müsahibələr… Az qalırlar kadrların aşağısında yazsınlar ki, “çəkilişə göstərdiyi köməyə, yaratdığı şəraitə görə ermənilərə təşəkkürlər” – axı onların çörəyi də ordan çıxır, neyləsinlər. Günahkarlar isə hələ də dəqiqləşməyib.
* Ən böyük günahkarlar – ən çox danışanlardır. İrili-xırdalı 8-9 milyondan ibarət günah bazamız var, 100 il də xərcləsək, bitməz. Hamımız danışırıq, fəaliyyət göstərmək, Xocalı soyqırımını dünyaya qəbul etdirmək əvəzinə…
* Ay kişi, bir dayan görək də, qayda var, qanun var, sıra var – dünya “erməni soyqırımı”nı qəbul etməklə məşğuldu axı, öz növbəmizi gözləməliyik, səbr etməliyik!
* Gözləmək? Səbr? Ay arvad, artıq 20 oldu ee, 20!
* Düz deyirsən, artıq azı 20 ölkə qəbul edib “qondarma erməni soyqırımı”nı…

24 fevral 2012