“Bu, Müsavat və AXCP-yə baha başa gəldi”

bu-musavat-ve-axcp-ye-baha-basa-geldi
Oxunma sayı: 684


- Ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

- Azərbaycanda ictimai-siyasi vəziyyəti iki perspektivdən qiymətləndirmək olar. Söhbət hakimiyyətin və müxalifətin nöqteyi-nəzərindən qiymətləndirməkdən gedir. Hakimiyyət hesab edir ki, ölkədə vəziyyət stabildir, problemlər yoxdur, demokratik islahatların aparılması üçün ciddi işlər görülür. Biz isə müxalifət olaraq deyirik ki, ölkədə kifayət qədər problemlər var və bu problemlər eyni zamanda beynəlxalq təşkilatlar səviyyəsində qaldırılır. Bu problemlərin də həlli Azərbaycan üçün çox vacibdir. Eyni zamanda Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi perspektivindən də çox əhəmiyyətlidir. Digər tərəfdən, bu il Azərbaycanda “Eurovision” Mahnı Müsabiqəsi keçirilir. 2000-ə qədər jurnalistin Azərbaycana gəlməsi, xarici mediada Azərbaycanla bağlı 4-5 min yazının işıq üzü görməsi gözlənilir. Bu mənada da istəməzdik ki, Azərbaycanla bağlı tənqidi məqamlar həmin yazılarda yer alsın. İstərdik ki, Azərbaycanın potensialı göstərilsin. Bunun üçün də problemlərin həllini zəruri sayırıq. Azərbaycanda beynəlxalq təşkilatlar tərəfindən də “siyasi məhbus” adlandırılan məhbuslar azadlığa çıxsın və ölkədə bu sahədə müxalifətlə iqtidar arasında heç bir çəkişmə olmasın.

- Müxalifətin fəaliyyəti necə, şəxsən sizi qane edirmi?

- Azərbaycanda mövcud ictimai-siyasi situasiyaya baxsaq, müxalifətin resurslarına nəzər salsaq, resurslar daxilində görülən işləri qənaətbəxş hesab etmək olar. Buna baxmayaraq, müxalifətin işlərində də kifayət qədər ləngimələr var və bu, müxalifətin resursları ilə bağlı məsələdir. Öz partiyamızı götürsək, AXCP-nin ofisinin olmaması partiyanın işinə ciddi şəkildə əngəllər törədir. Müxtəlif tədbirlərin keçirilməsi üçün yerlərin tapılmasında kifayət qədər problemlər var. Bu baxımdan, müxalifət malik olduğu potensialı ortaya qoymaq üçün bir iş görə bilmir, sanki əl-qolu bağlanıb. Amma bütün bunlara baxmayaraq, 2010-cu ildə keçirilən parlament seçkilərindən öncəki və sonrakı vəziyyətə nəzər salsaq, Azərbaycan müxalifəti artıq 2005-ci ildəki səviyyəsinə çatmaq üçün çox böyük addımlar atıb. Yəqin ki, bu ilin ortalarına doğru 2005-ci ildəki səviyyəsinə çatacaq. Bu, ölkədə demokratiyanın inkişafı üçün də çox vacib bir məsələdir.
Bir cəhəti də qeyd edim. İndiyə qədər Azərbaycanda müxalifət partiyalarının mərkəzi ofisində bir gənclər təşkilatı vardı. Artıq müxalifət partiyalarının, məsələn, AXCP-nin Bakının bütün rayonları üzrə gənclər təşkilatları qurulub, partiyaya kifayət qədər gənclər gəlir. Gənclər artıq Azərbaycandakı problemlərə biganə qalmaq istəmir və ölkəmizi daha mütərəqqi bir ölkə kimi görmək istəyir. Gənclərin fəallığı Azərbaycanda ictimai-siyasi mühitin yaxşılaşmasında və mütərəqqi ideyaların inkişafında böyük rol oynayacaq.

- Müxalifət partiyalarının münasibətləri müxalifətin ümumi fəaliyyətinə necə təsir göstərir? Məsələn, Müsavat Partiyası ilə AXCP-nin münasibətlərində zaman-zaman gərginliklər yaşandığı bildirilir.

- Zaman-zaman Müsavat Partiyası ilə AXCP arasında müəyyən problemlər olub. Bu, parlamentin işinə qatılmaq, birgə addımların atılması ilə bağlı müəyyən narazılıqlar, bu və ya digər məsələlər üzərində çəkişmələr olub. Lakin bu, artıq keçmişdə qalıb. Kritik anlarda AXCP ilə Müsavat Partiyası bir yerdə olmağı bacarıb. Hazırda AXCP və Müsavat Partiyası İctimai Palatada yaxından əməkdaşlıq edir. Buna görə də aramızda hər hansı xoşagəlməz hallar baş verirsə də, hər iki tərəfdən buna göz yummalar var və bu göz yummalar da davam edəcək. Bizim üçün əsas müxalifətin birliyinə xələl gətirməməkdir. AXCP tərəfindən bütün müxalifət cəbhəsində çəkişmələrə yol açacaq heç bir addımın atılmasına yol verilməyəcək. Hədəfimiz Azərbaycanda sosial-siyasi dəyişikliklər görməkdir. İstəyirik ki, bunu hazırkı iqtidar həyata keçirsin, islahatlar aparsın. Azərbaycanı qan-qadasız görmək istəyirik. Siyasi partiyaların da bir ideya ətrafında birləşməsini, heç bir qanunsuz hərəkətə yol verməməsini istəyirik. Bu baxımdan, İctimai Palatada Müsavat Partiyası ilə AXCP-nin əməkdaşlığı inkişaf edir.

- Lakin İctimai Palatada kütləvi aksiyalar məsələsində Müsavat Partiyası ilə AXCP arasında hələ də ciddi fikir ayrılıqları qaldığı barədə mətbuata informasiyalar sızır.

- Bəli, belə fikir ayrılıqları olub. Müsavat Partiyasının içərisində müəyyən funksionerlər, qruplar var ki, kütləvi aksiyaların keçirilməsinin tərəfdarıdır. Amma AXCP hələ keçən ilin əvvəllərindən aksiyaların tez başlanmasının əleyhinə olmuşdu. Biz istəyirdik ki, İctimai Palatadakı partiyalar rayonlarda da kifayət qədər təşkilatlansın, güc ortaya qoya bilsin və ondan sonra aksiyalara start verilsin. Lakin biz bunu tez etdik və tez etdiyimizə görə müəyyən çətinlik də oldu. Bu da həm İctimai Palataya, həm Müsavat Partiyasına, həm də AXCP-yə baha başa gəldi. Bu gün də bizim 17 nəfərimiz həbsdədir. Biz bunun məsuliyyətini ciddi surətdə dərk edirik. Onlara həm hüquqi, həm də mənəvi baxımdan əlimizdən gələn köməyi göstərməyə çalışırıq. Müxalifət razılaşdırılmamış, sanksiyalaşdırılmamış mitinqlərə çıxdı və polis dəyənəyi ilə üzləşdi. Nəticədə biz böyük vacib dəyişikliklərə nail ola bilmədik. Ona görə də AXCP-nin mövqeyi belə idi ki, təşkilatlanmalı və kifayət qədər güclü şəkildə meydanlara çıxmalıyıq ki, bizimlə hesablaşılsın. Nəzərə almaq lazımdır ki, insanların bir çoxunun işini itirməkdən qorxması kimi problemlər var idi. Amma digər tərəf buna skeptik yanaşırdı və mübarizənin küçələrdə aksiyalarla davam etdirilməsinin tərəfdarı idi. Lakin bu şəkildə aksiyaların davamı partiyaların bütün funksionerlərinin itirilməsi ilə nəticələnərdi. Bunun da nəticəsində müxalifətin daha da zəifləməsi baş verərdi. Ona görə də AXCP İctimai Palatada sanksiyalaşdırılmış aksiyaların tərəfdarıdır. Biz bu addımı atırıq, hakimiyyət də aksiyalar üçün müxalifətə sərf edə biləcək, insanların təhlükəsizliyinin təmin olunacağı bir yer təqdim etməlidir. Biz sanksiyalaşdırılmış aksiyalara getməyə hazırıq və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq. Beynəlxalq təşkilatlarla da bu barədə söhbət aparılıb. Biz Bakı Şəhər İcra Hakimiyyəti ilə qarşılıqlı razılığa gəlməyə hazırıq, amma onlar da insanların təhlükəsizliyini qoruya biləcək yer verməlidir. Bu, kompromis bir variantdır və yəqin ki, icazəli aksiyaların da şahidi olacaqsınız.

- Bəs İctimai Palata 2013-cü il prezident seçkilərinə hesablanmış bir platforma kimi də nəzərdə keçirilə bilərmi?

- Vahid namizəd həmişə çətin bir məsələ olub. Hazırda bu məsələlərin qızğın müzakirəsi getmir. Amma Azərbaycanın gələcəyi və müxalifətin birliyi naminə müəyyən razılaşmalara ehtiyac var. Hətta qurbanlara getmək lazım olsa da, müxalifət özündə güc tapıb bu addımı atmalıdır. AXCP tərəfindən belə bir problem yoxdur. Biz hesab edirik ki, İctimai Palatada bu məsələ lazımi anda razılaşdırılacaq. Bununla bağlı bizim də təkliflərimiz yəqin ki, olacaq. Biz istərdik ki, İctimai Palatanın vahid namizədi olsun. Amma vahid namizədin müəyyənləşdirilməsi də çox ciddi meyarlara əsaslanmalıdır. Həmin meyarlar üzrə hansı namizəd olacaqsa, o da dəstəklənəcək. Yəqin ki, bu il yox, 2013-cü ilin əvvəlində İctimai Palatanın vahid namizədinin adı müəyyənləşə də bilər. Bu, gözlənilir. Xalqın səsini qazanmaq və etimadını doğrultmaq üçün vahid namizəd vacibdir. Biz bunun üzərində ciddi düşünürük.