Eldar Namazov Siyavuş Novruzova cavab verdi

eldar-namazov-siyavus-novruzova-cavab-verdi
Oxunma sayı: 648

Bir müddət əvvəl də Siyavuş Novruzov buna bənzər ittihamlarla çıxış etmişdi. Həmin ittihamda belə bir ifadə vardı ki, Rafiq Əliyev Əbdürrəhman Vəzirovun dövründə vəzifədə olub. Onun harası ziyalıdır".

Bunu Teleqraf.az-a açıqlamasında politoloq Eldar Namazov deputat Siyavuş Novruzovun ziyalıları fərari adlandırmasına dair fikirlərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ziyalılar bir araya gələrkən bu tipli yanaşmalar da müzakirə mövzularından biri olub: "Onda mən Rafiq müəllimə dedim ki, siz tez-tez müsahibələrinizdə iki məntiqdən-Aristotel və Lütfi Zadə məntiqindən danışırsınız. Qeyri-səlis məntiq nəzəriyyəsindən danışanda Rafiq müəllim tez-tez bu ifadələrdən istiyadə edir. Rafiq müəllimə dedim ki, mən bu fikirlərlə razı deyiləm. Ən azı Azərbaycanda Aristotel və Lütfi Zadə məntiqi ilə yanaşı bir Siyavuş Novruzov məntiqi də var. Ona görə ki, "Rafiq müəllim Vəzirov dövründə vəzifədə çalışıb, onun harası ziyalıdır" fikrini nə Aristotel məntiqi, nə də Lütfi Zadə məntiqi ilə izah etmək mümkün deyil. Ziyalılar bu fikirlərə xeyli güldülər də. Rafiq müəllim dedi ki, mən Eldarın bu qeydi ilə razıyam. Doğrudan da üç məntiqdən söhbət getməlidir, iki məntiqlə hər şeyi izah etmək mümkün deyil".

E.Namazov onu da əlavə edib ki, ziyalıların başqa bir təkliflə bağlı da Siyavuş Novruzov fərqli yanaşma ilə çıxış edib: "Vaxtı ilə də Siyavuş Novruzov Ziyalılar Forumunun təklif etdiyi "Demokratiyaya doğru yeddi addım" sənədini şərh edəndə bizim eks- prezidentlər haqqında təklifimizə çox geniş yer ayırmışdı. O hesab edirdi ki, nə Əbülfəz Elçibəyə, nə də Ayaz Mütəllibova bu qanun şamil oluna bilər. Amma onun açıqlamasından bir neçə ay sonra Prezident Administrasiyasından Milli Məclisə "Eks prezidentlər haqqında" Qanun layihəsi göndərildi. Həmin qanun adıçəkilən hər iki şəxsə şamil olundu və Siyavuş Novruzov da səsini çıxarmadan ona səs verdi. Ona görə də nə məntiqi, nə də siyasi baxımdan bu cür bəyanatlara şərh verməyə lüzum görmürəm".