Etibar Hüseynovun AZAL davası

etibar-huseynovun-azal-davasi
Oxunma sayı: 955

Etibar Hüseynov ilə ilk tanışlığım “Qafqazinfo” portalında oldu. Həmin vaxt Etibar bəy yazdığı məqalələrdən birində Azərbaycan Respublikasının Konstitutiyasını Qurani-Kərimdən, Azərbaycan Respublikasının prezidentini isə Hz. Muhamməd (s.a.s.)-dən çox istədiyi fikrini səsləndirmişdi. Və həmin yazıdan sonra onun müxtəlif başlıqlar altında məqalələri yayınlansa da heç birini oxumadım.

Lakin bu gün elə həmin “Qafqazinfo” portalında gedən, “Etibar Hüseynov AZAL-ı endirimlərə məcbur etdi” başlıqlı xəbər diqqətimi çəkdi. Xəbəri oxuduqdan sonra Qurani-Kərimi və Hz. Muhamməd (s.a.s.)-i ikinci dərəcəli tutan adamın diqqətinə bəzi məqamları çatdırmaq istəyirəm. Açığı, hədəfim Etibar Hüseynov deyil, dəyərli oxucularımıza həqiqəti söyləməkdir.

Azərbaycan neft hasil edən, eyni zamanda neft ixrac edən bir ölkədir. Məntiqi baxımdan yanacağın və neft məhsullarının qiyməti bu ölkədə digər ölkələrdən daha ucuz olmalıdır. Bura həmçinin nəqliyyat daşıyıcılarının da qiyməti daxildir. Lakin çox təəssüf ki, bu belə deyildir. Azərbaycanda nə qədər çox neft istehsal olunursa, bir o qədər də nəqliyyat daşıyıcılarının qiymətləri qaldırılır.

Gəlin, bir neçə müqayisəyə baxaq. Bir sərnişin Londondan Malaziyanın paytaxtı Kuala-Lumpur şəhərinə Malaziya Hava Yollarının təyyarələri ilə 13 saat 30 dəqiqəlik məsafəni uçarkən 390 funt sterlinq pul ödəyir. Lakin elə həmin o sərnişin Azərbaycanın paytaxtı Bakı şəhərinə “AZAL”-ın təyyarələri ilə 5 saat 20 dəqiqəlik məsafəni uçmaq üçün isə 430 funt sterlinq ödəməlidir. Azərbaycan ilə Malaziya arasında 7 saat uçuş fərqi olsa da Azərbaycana uçan sərnişin 40 funt sterlinq çox ödəməyə məcburdur.

Yaxud, keçən ilin yayında Rusiyanın aviaşirkəti olan “Aeroflot” London-Moskva- Bakı xətti ilə uçan sərnişinlərdən 358 funt sterlinq istəyirdisə, “AZAL”-ın London- Bakı reysinə olan qiymətləri 400 funt sterlinq idi.

“Etibar Hüseynov AZAL-ı endirimlərə məcbur etdi” məqaləsində ən əcaib olan isə “Azərbaycan Hava Yolları” respublikanın vətəndaşları üçün xüsusi güzəştli tariflər tətbiq etməyə başlayıb” cumləsidir. Bu yerdə Ziya Bünyadovun “Azərbaycan xalqını sevindirmək qədər asan bir şey yoxdur. Papağını al əlindən, çırp yerə, tapdala, sonra isə özünə qaytar, sevinəcək” sözləri yadıma düşür. Həqiqətən “Azərbaycan Hava Yolları” (Bakı-Gəncə/Gəncə-Bakı – 40 AZN) Azərbaycan Respublikasının vətəndaşları üçün “xüsusi güzəştli” tariflər tətbiq edərək Azərbaycan xalqını sevindirir…

Yenə bir müqayisəyə baxaq. Əgər “AZAL” “xüsusi güzəşt” edərək Bakı-Gəncə/Gəncə-Bakı reysi üçün biletin qiymətini 40 AZN təyin edirsə, Böyük Britaniyada “Easyjet” ve “Flybe” təyyarə şirkətlərində Bakı-Gəncə arasında olan məsafədən iki qat artıq olan məsafə üçün biletlər təxminən 18-22 funt sterlinqdir. Ən dəhşətlisi isə odur ki, 22 funt stelinqi (22 funt stelinq təxminən 25 AZN edir-müəllif) İngiltərədə bir xadimə 3-4 saata qazanarkən, 40 manat, aylıq məvacibi 160 manat olan müəllimin bir həftəlik dolanışığına bərabərdir.

Bu misalları artıra bilərəm. Məsələ, göstərə bilərəm ki, Londondan Antalyaya olan 3 saat 20 dəqiqəlik məsafə üçün “Tomas Cook” avia şirkəti mövsümdən asılı olmayaraq gediş dönüş üçün sərnişinlərdən təxminən 50-90 funt sterlinq pul istəyir. Və yaxud “Britaniya Hava Yolları”-da London-İstanbul-London reysinə olan biletlər təxminən 90-140 funt sterlinqdir. Lakin düşünürəm ehtiyac yoxdur. Bir yerdə ki, ilahi dəyərlər bəşəri dəyərlərdən aşağı tutuldu, o yerdə hər şey bəşərin vicdanına qalmış olur.

Əxlaqın əsl istəyi zaman, məkan və sosial şərtlərin təsiri altında deyil. Əxlaq haqqında böyük həqiqətləri anlamaq üçün insana nə məlumat, nə də təcrübə lazımdır. Çünki əxlaq həqiqətini məlumat və təcrübə sayəsində qavramaq zatən mümkün də deyildir. Eyni zamanda əxlaq “sosial sinif” məfhumunu da tanımaz.

Bu baxımdan, ey oxucu, bu dünyada mücadilə edərək iztirab çəkən bir şəxsiyyəti məğlub deyil, qalib saydığımızdan başqa bir dünyanın həqiqəti aşkar görünmürmü? Bəşəri dəyərlərin xarici görünüşü rahatlıq, daxili görüntüsü isə mənasızlıqdırsa, rahatlıq naminə Qurani-Kərim və Hz. Muhamməd (s.a.s.)-in ikinci dərəcəli hesab edilməsi nə qədər mənasızdır, deyilmi?