Firəngiz Mütəllibova: “Mən o cür filmdə çəkilmərəm”

firengiz-mutellibova-men-o-cur-filmde-cekilmerem
Oxunma sayı: 1179

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri xalq artisti Firəngiz Mütəllimova deyib. “Bacanaqlar” filmində Ceyran obrazında iştirak edən Mütəllimova türk serialları kimi lirik, dramatik və ya faciə janrında olan filmlərdə çəkilmək istədiyini qeyd edib. Xalq artisti “Bacanaqlar” serialında sırf kommersiya üçün çəkildiyini bildirib: “Əvvəl gedəndə fikirləşdim ki, 5-10 seriya çəkilib çıxaram. Amma kollektiv, filmdəki uşaqlar çox mehriban və səmimidir. Burda böyük pullar da yoxdur. Sevgi, məhəbbət, balaca-balaca zarafatlar var. Əslində o dərəcədə böyük şişirdilmiş ssenari də yoxdur. Qonşuda, qohumda Talehdən betərləri var”. Bu serialdakı işinin 2 dəqiqəlik zarafat olduğunu söyləyən Mütəllimova əsas işinin teatr olduğunu vurğulayıb. Başqa seriallara da təkliflər gəldiyini söyləyən Mütəllimova bildirib ki, yayda istirahət etmək istədiyindən həmin təklifə razılıq verməyib. Türk serialları kimi təkliflər gözlədiyini deyən xalq artisti Xəzər televiziyasında efirə gedən “Aramızda qalsın” kimi serialda çəkilmək istəmədiyini söyləyib: ”Mən o cür filmdə çəkilmərəm. Fərqli bir şey olsa çəkilərdim. Onsuzda Türkiyədə gedən “Çocuklar duymasın” serialına baxırıq”.

O, qırıq-qırıq deyil, ardıcıl, enişli-yoxuşlu həyatdan bəhs edən film istədiyini deyib: ““Bacanaqlar” serialında qırıq-qırıqdır. Ardıcıl olmasını istəyirəm”.

Nərgiz Ehlamqızı