Generallar Prezident Administrasiyasına çağırılıb - Yenilənib

generallar-prezident-administrasiyasina-cagirilib-yenilenib
Oxunma sayı: 635

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi mənbələrdən “MilAz” İA-ya eksklüziv olaraq informasiya verilib. Prezidentin hərbi müşaviri general-leytenant Vahid Əliyevin də qatıldığı görüşdə son zamanlar mətbuat səhifələrində ordu rəhbərliyi barədə əksini tapan neqativ informasiyalar müzakirə olunub. Bu tip informasiyaların ordunun döyüş ruhuna mənfi təsir etdiyi bildirilib.

Müzakirə zamanı bu tip informasiyaları mətbuat səhifələrinə ötürən zabitlərin aşkarlanması və onların problemlərinin öyrənilməsinin zəruri olduğu qeyd olunub.

Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşə qatılmadığı bildirilir.

***

Məsələylə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev açıqlama yayıb. “Qafqazinfo”ya daxil olan açıqlamada deyilir: “Son zamanlar bəzi mətbuat orqanlarında Müdafiə Nazirliyinin rəhbərliyi barədə məqsədli və sifarişli yazıların dərci başqa təxribat xarakterli informasiyalara da yol açıb. Buna misal olaraq agentliklərdən birinin yaymış olduğu yanlış xəbəri göstərmək olar. Onun məlumatına görə, bu günlərdə bir qrup general Prezident Adminstrasiyasına çağrılaraq ordudakı mövcud vəziyyət barədə müzakirələr aparılıb. Hətta bu da qeyd olunur ki, guya müdafiə naziri Səfər Əbiyev həmin müşavirəyə dəvət edilməyib. Bildiririk ki, bu növbəti yalan məlumatdır və qəsdən ortaya atılmış dezinformasiyadır”.