“Hakimiyyət mövqeyini bildirməlidir”

hakimiyyet-movqeyini-bildirmelidir
Oxunma sayı: 656


“Dəfələrlə bildirdiyimiz kimi, Rusiya konfliktin həllindən daha çox, konfliktin idarə edilməsini və bütövlükdə regionu öz nəzarətində saxlamaq, burda təsir gücünü artırmaq istəyir. Buna görə də Kazan görüşünün nəticəsiz bitməsi Rusiyanın nüfuzuna ciddi xələl gətirdi. Bu da görünür Rusiya rəhbərliyini ciddi narahat edir, ona görə də belə sürətlə addımlar atırlar”. Müsavat Partiyasının başqanı İsa Qəmbər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun prezident Medvedevdən məktub gətirməsini və ardınca Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya rəsmi səfərə hazırlaşmasını şərh edərkən bunları dedi. Məlumata görə, E.Məmmədyarovun Rusiyaya iyulun 17-də Lavrovun dəvəti ilə səfər edəcəyi məlum olub. Məlumata görə, səfər çərçivəsində Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı durumu müzakirə ediləcək.
İsa Qəmbər Rusiyanın yeni təkliflərinin nədən ibarət olduğu, məktubda qeyd olunan əsas məsələlərin nədən ibarət olması barədə ictimaiyyətə bilgi verilməməsini də xüsusi vurğuladı. Həmçinin məktubda rəsmi Bakıya təhdidlərin əksini tapması barədə deyilənlərə də münasibətini bildirdi: “Düşünürəm ki, indiki mərhələdə Azərbaycana hər hansı bir təzyiq göstərmək qətiyyən reallığa uyğun deyil. Çünki təzyiq Ermənistan tərəfə göstərilməlidir ki, Ermənistan öz işğalçı siyasətindən əl çəksin. Azərbaycan tərəfi edə biləcəyi güzəştləri artıqlaması ilə edib və hesab edirəm ki, Ermənistan tərəfinin öz mövqeyində ciddi dəyişikliklər etməsi, beynəlxalq normalara uyğun mövqe tutması zəruridir. Ona görə də əgər Ermənistan tərəfə lazımi təzyiq göstərilməyəcəksə, Azərbaycan tərəfə təzyiq göstərməklə vəziyyəti dəyişmək cəhdləri nəticəsiz olacaq”.

ABŞ prezidenti Barak Obamanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçiliyi üzərinə götürə biləcəyindən narahat olduğu üçün Moskvanın yenidən hərəkətə keçdiyi barədə mülahizələrə gəldikdə, Müsavat başqanı bunu inandırıcı saymadı: “Burda fərq ondan ibarətdir ki, Amerika və Fransa Rusiyanın vasitəçilik cəhdlərinə nəinki maneçilik etmədilər, əksinə, şərait yaratdılar ki, əgər sənin məsələyə təsir imkanın varsa, sən tərəfləri inandıra bilirsənsə, çalış və sülh əldə edilməsinə nail ol. Rusiya tərəfi bunu edə bilmədi, çünki bunu etmək üçün ilk növbədə Ermənistanın işğalçı mövqeyi dəyişməlidir. İndiki halda isə düşünmürəm ki, ABŞ bu məsələdə həlledici missiyanı öz üzərinə götürməyə cəhd edəcək. Əvvəla, ona görə ki, təəssüf ki, ABŞ üçün bu gün başqa prioritetlər mövcuddur, İraq, Əfqanıstan, ərəb ölkələrindəki proseslər, İran, Şimali Koreya məsələsi kimi. ABŞ-ın hazırkı məsələdə Qarabağ məsələsini prioritet kimi qəbul etməsi o qədər də inandırıcı görünmür. Amerikanın indiki mərhələdə bu məsələdə liderliyi ələ almağa cəhd göstərməyəcəyinin ikinci səbəbi ondan ibarətdir ki, Vaşinqton gözəl bilir ki, Rusiyanın bu saat Qafqaz regionunda istənilən sülh prosesini pozmaq imkanı var və Amerika bu məsələyə ciddi girişsə, Rusiya bunun qarşısını almağa çalışacaq. Ona görə düşünmürəm ki, ABŞ belə cəhdlərdə bulunsun”.

Hazırkı situasiyada müxalifətin də üzərinə müəyyən vəzifələrin düşdüyü barədə fikirlər var. Bu sırada müxalifətin iqtidardan Qarabağla bağlı aydın mövqe tələb etməsindən tutmuş - artıq bir neçə gün əvvəl İsa Qəmbər iqtidardan Qarabağ açıqlaması tələb edib - digər addımların atılmasının zəruriliyi də vurğulanır. Hətta iqtidarın hərbi əməliyyatlara başlayacağı təqdirdə ölkə müxalifətinin vəziyyətdən sui-istifadə etməyəcəyi barədə öhdəçilik götürməsi də zəruri sayılır. Müsavat başqanı dedi ki, demokratik qüvvələr hələ ötən ilin sonu, bu ilin əvvəlində ortaya bir neçə mərhələyə uyğun mövqe qoyub: “Fevral ayında İctimai Palata Qarabağ məsələsi ilə bağlı ayrıca bir sənəd qəbul etdi və sənədin sonunda Qarabağ məsələsi ilə bağlı Xalq Qurultayı keçirilməsi təklif edildi. Təklif olundu ki, hakimiyyət nümayəndələrinin, bütün cəmiyyətin müvafiq qurumları, təşkilatları, kəsimləri və Qarabağ veteranları cəlb olunmaqla bir qurultay keçirilməli, məsələ müzakirə olunmalı və ortaq mövqe dəqiqləşdirilməlidir. Kazan görüşünün uğursuzluğundan sonra İctimai Palata olaraq biz bu ideyanı bir daha mətbuata, ictimaiyyətə xatırlatdıq. Odur ki, biz təklifimizi etmişik. İndi hakimiyyət mövqeyini bildirməlidir ki, Qarabağ məsələsi ilə bağlı xalqla, cəmiyyətlə, demokratik düşərgə ilə məsləhətləşmələrə, müzakirələrə, birgə səylərə hazırdır, ya yox”. İ.Qəmbər eyni zamanda xalqa açıqlama verilməsi ilə bağlı iqtidarın qarşısında qoyduğu tələbin də qüvvədə qaldığını vurğuladı: “Biz verdiyimiz bütün təkliflərin, bəyanatların arxasındayıq”.

Yeni Müsavat