İnsan və imtahan aləmi

insan-ve-imtahan-alemi
Oxunma sayı: 764

Gücüm imkan verdiyi təqdirdə başqalarını özümə qul və xidmətçi etməyim. Bunlar qədim zamanlardan ta indiyədək Allahdan uzaq düşmüş cəmiyyətlərin təfəkkürlərində daim müşahidə olunub. Fironlardan tutmuş son zamanların Hitlerləri, Stalinləri və ... adlarını məndən yaxşı bildiyiniz bir çox insanlar buna bariz nümunədir. Onlardan bəziləri öz düşüncələrinə müvafiq müəyyən dini qanunlar uydursalar da və ya ictimai qaydalar tətbiq etsələr də, bunlar insanları əsarətdə saxlamağa yardımdan başqa bir şey deyil. Haqq və ədalət prinsiplərinin insanların əlində alətə çevrilməsi daim ayrı-ayrı fərdlərin qüdrət əldə etməsilə nəticələnib.

Bu, dünya həyatı ilə məhdud düşüncənin ortaya çıxardığı nəticədir. “Mənim bir həyatım var. Onu da xoş yaşamasam, özümü bədbəxt hesab etməli olacağam”. Bunlar fərz olunsa, səxavət və ədalət prinsipləri öz əhəmiyyətini itirər. Ömrünün bir dünya ilə məhdudluğunu düşünən insanın istədiyi kimi, naz-nemət içində və özünə hədd qoymadan yaşaması da normal hal kimi qarşılanacaq. Nəticədə şəxsi hədəflər və istəklər uğrunda hər zaman münaqişələr yaşanacaq. (Necə ki, bunu hal-hazırda dünyada müşahidə edirik.) Ancaq diqqət yetirsək, bunun heyvanlar aləmindəki həyatla eynilik təşkil etdiyini görəcəyik. Axirətin cəza və mükafat vədi onlara verilməyib. Həyatları yalnız bu dünya ilə məhduddur. Dinsiz həyat məhz budur.

İmam Əli (ə) buna işarə edərək buyurur: “Əgər istəsəm nəfsimi bu balın ən safına, xalis buğda çörəyinə və ipəkdən toxunmuş paltara sala bilərdim. Lakin nəfsin mənə qalib gəlməsindən və yeməklər seçməyə acgözlüyümün məni idarə etməsindən uzağam! ...Yoxsa zir-zibil alt-üst edib mədəsini əlinə düşənlərlə dolduranlar kimi olum? Yox, mən fikri ot-ələf yanında olan dördayaqlı heyvanlar kimi yeməklər axtarmaq üçün xəlq olunmamışam...” (“Nəhcul-Bəlağə” 45-ci məktub)

Eləcə də, yaradılışın hədəf və məqsədsiz olduğunu fərz etsək, o zaman bir ədalət boşluğu ilə də qarşılaşmalı olacağıq. Belə ki, zülm edilən, haqsız yerə öldürülən və digər məzlum insanların haqqı heç bir zaman alınmayacaq. Yalan və böhtanlar aşkar edilmədən daimi tarix qəbiristanlığına dəfn olunacaq.

Lakin Uca Allahın insanlara sorğu-sual olunacaqlarını, yaxşı əmələ görə mükafat və pis əmələ görə cəza alacaqlarını bəyan etməsi həmin boşluğu doldurur. Belə ki, gizlində və aşkarda qətl törədərək insanın həyatını əlindən almış, ona və yaxınlarına zülm etmiş şəxsə bu dünyada bir müddət ədalətdən qaçsa da, əməlinin bir gün ifşa olunacağı və Mütləq Adilin hökmünə tuş gələcəyi bildirilir.

Buna əsasən də başda İslam olmaqla, bütün səmavi dinlər insanın bir imtahan dünyasında yaşadığını və etdiklərinə görə mütləq sorğu-sual olunacağını ifadə edir.

Qurana nəzər saldıqda insanın əbəs yerə yaradılmadığını, hədəf və məqsədinin olduğunu təkidlə vurğuladığını görürük: “Hesab edirsiniz ki, sizi əbəs yerə xəlq etmişik və Bizə tərəf qaytarılmayacaqsınız?!” (Muminun, 115)

Ayədən də göründüyü kimi insanın yaradılışında aşkar bir hədəf və məqsəd mövcuddur. Bu da Allahla görüş və Ona qayıdışdır. Bu görüşə doğru atılan addımları isə digər bir ayə bəyan edir. Allah buyurur: “Kim Rəbbinin görüşünü diləyərsə, saleh əməl edər və Ona ibadətdə heç kəsi şərik qoşmaz.” (Kəhf, 110) Şərikin büt və ya digər uydurma ilahlar olması mütləq deyil. Belə ki, başqa bir ayədə insanın öz nəfsinə (istəklərinə) ibadət etdiyi də vurğulanır. Buyurulur: “Nəfsini özünə ilah edəni gördünmü?!” (Casiyə, 43)

Daha sonra həqiqi hədəfdən yayınan insanlar barədə Uca Allah xəbərdarlıq edir: “Həqiqətən də Bizimlə görüşü diləməyən şəxslər dünya həyatına razı olub, onunla qane olanlardır. Ayələrimizdən (nişanə və əlamətlərimizdən) qafil olanlar da məhz onlardır. Qazandıqları günahlara görə qalacaqları yer, əlbəttə ki, oddur.” (Yunus, 7-8)

Allahın varlığını danmaq həqiqəti görməməzlikdən gəlməkdir. Dini termin olan “küfr” sözü ərəb dilindən tərcümədə “örtmək” mənasındadır. Həqiqət budur ki, yalnız var olan bir şeyin örtülməsi mümkündür. Bu isə küfr edilən məsələnin mövcudluğunu, lakin kimlərinsə bunun üzərini örtərək görməzlikdən gəlməyə çalışmasını ifadə edir. Əlbəttə, ağlın hökmünə əsasən də həqiqəti və var olanı danmaq böyük ədalətsizlikdir.

Ayələrdən aydın olduğu kimi insan sınaq və imtahan aləmində yaşayır. Allah heç kəsi bu imtahandan kənarda tutmayıb. “Biz insanı qarışıq nütfədən xəlq etdik və onu imtahan edəcəyik. Onu eşidən və görən qərar verdik.” (İnsan, 2)

Həmçinin həyat və ölümün də varlığındakı məqsəd budur. “O kəs ki, sizdən hansınızın daha gözəl əməl sahibi olduğunuzu imtahan etmək üçün ölümü və həyatı yaratdı.” (Mulk, 2)

Bildirildiyi kimi, dünyada olan hər bir şey insanın imtahan olunması üçündür. Bu səbəbdən də, Allah insana müxtəlif yollar təqdim etmiş və onu lazım olan vasitələrlə təchiz etmişdir ki, dilədiyi yolu öz ixtiyarı ilə seçsin: “...Onu eşidən və görən qərar verdik. Ona doğru yolu göstərdik, istər şükr etsin, istər küfr.” (İnsan, 2-3)