“İsrailin tutduğu mövqe Azərbaycanın da dövlət maraqlarına ziddir”

israilin-tutdugu-movqe-azerbaycanin-da-dovlet-maraqlarina-ziddir
Oxunma sayı: 656

Bu gün Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. “Qafqazinfo”nun məlumatına görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. Toplantıda KXCP sədri Mirmahmud Mirəlioğlu qərarların icra vəziyyəti barədə məlumat verib. Iclasda son zamanlar ölkədə mülkiyyət hüquqlarının hakimiyyət tərəfindən kobud şəkildə tapdanması müzakirə edilərək pislənilib. Urmu gölünün qurudulmasına etiraz olaraq Azərbaycanın Güneyində keçirilən aksiyalarla bağlı müzakirələr zamanı qərar alınıb ki, aksiyada irəli sürülən tələblərin dəstəklənməsi istiqamətində partiya tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilsin.

İdarə Heyətinin yığıncağında Türkiyə- İsrail münasibətləri də müzakirə edilib. Məsələ ilə bağlı partiya adından qəbul edilən açıqlamada bildirilir ki, biz bu məsələdə Türkiyənin mövqeyini dəstəkləyir və bildiririk ki, İsrail hökümətinin tutduğu mövqe həm də Azərbaycanın da dövlət maraqlarına ziddir, bu siyasətlə o, təkcə Türkiyəni deyil, bölgədə daha bir müttəfiqini- Azərbaycanı da itirə bilər.

İdarə Heyətində 15 sentyabr- Bakının erməni işğalından azad olunmasının ildönümü münasibətilə həmin gün Şəhidlər Xiyabanda türk şəhidliyinin və Acıdərədə türk zabitinin məzarının ziyarət olunması qərara alınıb.

Toplantıda jurnalist İdrak Abbasovun ailəsinə məxsus evə basqın edilməsi və evin dağıdılması ilə bağlı etiraz bəyanatı qəbul olunub. Bəyanatda deyilir; Klassik Xalq Cəbhəsi Partiyası son zamanlar ölkədə hakimiyyət tərəfindən insanların mülkiyyət hüququna qarşı edilən müdaxilələrin artması və genişlənməsini növbəti qanunsuzluq, özbaşınalıq kimi qiymətləndirir. Bu hallar bir daha onu göstərir ki, Azərbaycanda təkcə demokratiyanin, söz mətbuat azadlığınin taleyi deyil, insanların mülkiyyət və digər ibtidai, toxunulmaz konstitusion hüquqları belə zərbə altındadır.

KXCP “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, “Ayna” qezetinin əməkdaşı İdrak Abbasovun Xocasən qəsəbəsində, Sulutəpə yaşayış massivindəki ailəsinə məxsus həyətə Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən basqın edilərək jurnalistin evinin uçurulub, onun ailə üzvlərinə qarşı xəsarət yetirməsindən dərin narahalığını keçirir və baş vermiş hadisəni qətiyyətlə pisləyir.

KXCP bir daha insanların mülkiyyət hüquqlarına kobud müdaxiləni qətiyyətlə pisləyir, bu müdaxilələrin aradan qaldırılmasını və İdrak Abbasovun ailə üzvlərinə basqın edərək onlara maddi və mənəvi ziyan vuran ARDNŞ- in əməkdaşları haqqında ciddi ölçü götürülməsini, zərəçəkənlərə dəyən ziyanın ödənilməsini tələb edir.