Bitməyən tibbi sığorta dərdimiz

bitmeyen-tibbi-sigorta-derdimiz
Oxunma sayı: 1847

Dünya Sakit

Yaşadığım qəsəbədə bankomat sayı azdır – bildiyim qədəriylə, cəmi 3 bankın bankomatı var. Ümumi sayı 6-nı ötməyən bankomatların ətrafı elanlarla dolu olur. Elə bu gün bir bankomatın yanında 4 elan gördüm: hamısı da xəstə uşaqlarla bağlı yardım çağırışı idi. İndiyədək belə elanlar ən çox 1-2 dənə olardı. Elanların biri də böyük oğlumla bağçada eyni qrupda olan uşaqla bağlı idi. Uşaqda leykoz aşkarlanıb, təcili əməliyyat olunmalıdır, bunun üçün tələb olunan vəsaiti verməyə ailənin gücü çatmır. Həmin uşağa məktəbdə də yardım toplanırdı...

Əslində, yazdıqlarım çoxları üçün yeni məlumat deyil. Demək olar ki, hər gün qarşımıza müxtəlif xəstəliklərə düçar olan insanlar, əsasən də uşaqlarla bağlı elanlar çıxır. Sosial şəbəkələrdə çoxsaylı qruplar yaradılıb, ağır xəstəliklərlə mübarizə aparanlar üçün yardım xahişi, bir çox hallarda isə yalvarış dolu mesajlar yayılır. Yardım üçün tələb olunan məbləğlər 1-2 min manatdan bir neçə on min manata qədər təşkil edir.

Məsələ burasındadır ki, bizim üçün artıq adiləşmiş olan bu yardım çağrıları heç olmaya, yaxud indikindən qat-qat az ola bilərdi. Bizim üçün də adiləşməzdi, gözümüz, qəlbimiz öyrəşməzdi. İnsanlarımız 1-2 min manatlıq tibbi xidmət üçün qapılara düşməzdilər,  hansısa ağır, müalicəsi çox vəsait tələb edən xəstəliklə xəstələnəndə pul dərdinə deyil, canlarının dərdinə qala bilərdilər. Çarəsizcəsinə qorxunc bəladan qurtulmaq imkanlarını – söhbət maddi imkanlardan gedir – götür-qoy etmək yerinə, hansı xəstəxananı, hansı həkimi seçməyi götür-qoy edə bilərdilər. Bütün bunlar olardı, o zaman ki, Azərbaycanda da icbari tibbi sığorta sistemi tətbiq olunmuş olaydı. 1997-ci ildən bəri xəstələrin, sağlamların, mütəxəssislərin – bir sözlə, hər kəsin həsrətlə gözlədiyi, hamıya normal tibbi xidmət qarantiya edən bu sistemin tətbiqi 20 ildir heç cür baş tutmur. Halbuki icbari tibbi sığorta Azərbaycanda insanların səhiyyə sistemi ilə bağlı kütləvi narazılığına son qoymaqla yanaşı, dövlət vəsaitlərindən daha səmərəli istifadə olunmasına şərait yarada biləcək tək üsuldur. 

Düzdür, səhiyyədə tamamilə yeni sistem tələb edən icbari tibbi sığorta digər sahələrdə də böyük dəyişikliklər tələb edir. Məsələn, Azərbaycanda qeyri-rəsmi məşğulluq səviyyəsi çox yüksəkdir. Rəsmi etiraflara görə,ölkədə 1,5 milyon nəfər qeydiyyata alınmadan işləyən var. Qeydiyyatın olmaması o deməkdir ki, bu qədər insanın icbari tibbi sığorta sisteminə qoşulması da mümkün olmayacaq. Bu baxımdan, hökumət qeyri-rəsmi məşğulluqla daha effektiv mübarizə tədbirlərinə keçməlidir.

Digər tərəfdən, qeydiyyatlı işçilərin böyük bir qismi üçün real əmək haqqından xeyli aşağı əmək haqqı rəsmiləşdirilir. Bu şəraitdə işəgötürənlərin işçilər üçün aylıq icbari tibbi sığorta haqqının ödənməsində iştirakda maraqlı olmayacağı bəribaşdan aydındır. Üstəlik, hazırda sahibkarların hamısı əmək haqqından ödənən sosial sığorta haqqından narazılıq edirsə, tibbi sığorta üçün əlavə faizləri də onlara ödətdirmək qeyri-real görsənir. Yəni problemlər çoxdur, lakin onların həlli qeyri-mümkün də deyil. Bizdən də ağır şərtlər altında icbari tibbi sığortanın tətbiqinə başlayan ölkələr çox olub.Onların əksəriyyəti illər keçdikcə problemləri aradan qaldıraraq çox mükəmməl tibbi sığorta sistemi yarada biliblər. Buna görə də Azərbaycanda da  bu işi ildən-ilə uzatmaqdansa, başlayıb gedişi dövründə qarşılaşılan problemlərin həllinə diqqət ayırmaq daha yaxşıdır.

Əks halda, atdığımız hər addımda xəstə insanların yardım çağırışları ilə üzləşməyə davam edəcəyik. Günlərin birində özümüz də ağır xəstəliklə üzləşməyincə,yardım istəyənlərin nələr çəkdiklərini hiss edə bilməyəcəyik...